Xudayarın bütün silahların səsini batıran nəğməsini trio müşayət etdi - VİDEO

05 Dekabr 2020 13:49    1994 Baxış   
Xudayarın bütün silahların səsini batıran nəğməsini trio müşayət etdi -  VİDEO

Günlərdir hər kəsin gözünün önündə qəmzəli bir igidin nurlu çöhrəsi canlanır. Adı dillərdə dastana dönmüş, 44 günlük Vətən savaşının simasına çevrilmiş şəhid Xudayarın. O Xudayarın ki, şəhadət şərbətini içmədən öncə oxuduğu nəğmə, sanki Vətən savaşının himninə döndü, günlərdi hər kəsin qulaqlarında dolaşır...

Əslində, nəğmə də deyildi Xudayarın oxuduğu, cənnətə tələsənlərin yolüstü zümzüməsiydi. Yer üzündən bir günəş şəfəqilə burula-burula göy üzünə qalxan qızılgül ətri var o zümzümədə. Bütün silahların səsini batırdı o nəğmə. Xudayarın dilindən süzülüb bu yurdun bütün analarının, qızlarının qəlbinə axdı.

Xudayarın səngərdən havalanan o Vətən qoxulu nəğməsi, sanki hamını havalandırdı. Hamımız o nəğmənin notlarının ardınca düşdük. Hamımız havalanmış kimi bütün günü zümzümə etdik: "Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başında dastana döndü, Şair, sorma Vətən nədən yaxşıdır, adı gəlcək könlüm dastana döndü..."

Dastan yazan Xudayarın dastanını da yazmaq hər birimizə borc oldu. Bu gün hər yerdə Xudayarın cəsurluğundan, məğrurluğundan, danışırlar, əli qələm tutmağı bacaran hər kəs onu vəsf etməyə çalışır. Musiqiçilər Xudayarın dillər əzbəri olmuş o son nəğməsini müşayət edib fərqli formada təqdim etməyə cəhd göstərirlər.

"Azpromedia" şirkəti də adı dillərdə əzbər olmuş şəhidimizin xatirəsinə ehtiram olaraq, o məşhur zümzüməni fərqli formada əbədiləşdirib. Xudayarın səngərdəki ifasını studiada trio - tar, kamança və qaval ifaçıları müşayət ediblər. Ərsəyə gəlmiş musiqiyə isə Xudayarın fotolarının yer aldığı qısa video çarx hazırlanıb.

Dominant.az sözügedən videoçarxı təqdim edir:





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar