Yatan arvad-uşaq və polis əməliyyatı...

09 İyun 2020 15:45    1073 Baxış   
Yatan arvad-uşaq və polis əməliyyatı...
“Üsamə Bin Ladenin əmisi oğlunu” həbs edirmiş kimi azyaşlı qız uşağının otağına soxulan polis..

- Səməd, ay Səməd!
- Adə, ölmüsən, aç qapını görum!
- Qurban olum ay Qəmlo, orda arvad- uşaq yatıb.
("Axırıncı aşırım" filmi)

Viktor Hüqonun çörəyə baxışı ilə bizim çörəyə baxışımız ayrıdır axı, bizim “əppək” dediyimiz şeyə görə V.Hüqo Jan Valyanı həbsxanaya tullayaraq illərlə çürüdüb bu bədbəxt gümüş qaşıq oğrusunu: "Bir tikə çörək oğurladığıma görə məni həbsxanaya apardılar və orada neçə il hər gün havayı bir bütöv çörək verdilər mənə…”.

Yerə düşəndə “pıssımılla” deyib gözünüzün üstünə qoyduğunuz o 40 qəpiklik çörək sizə görə müqəddəsdir, övladları acından ölməsin deyə, 5 qəpiklik bədənini 40 qəpiklik çörəyə görə satıb fahişəlik edən qadın üçün bəs nədir bu çörək?

Azərbaycan, Bakı, Yasamal rayonu, 7-8 iyun, 2020-ci il…

I hissə…

Bu məsələlərin hüquqi tərəfi deyil, mənəvi tərəfləri mənə maraqlıdır. Mənəviyyat olmayan yerdə hüquq olmaz.

Karantin rejimini pozduğuna görə polislər vətəndaşı zirehli maşına basır, hündürmərtəbəli binanın sakinləri buna etiraz edirlər, iki gündür doldurub saxladıqları zibil sallofanlarını polisin başına əndərirlər. Vətəndaş polisinə zibil atır: Qarabağ savaşında şəhid olan eyni mundirli polislərin üstünə atılan çiçəklərdən daha betər, daha qəddar şəkildə. Ordusu olmayan bir xalqın namusu ləkənməsin deyə, 28 il öncəki bığlı, eynlikürək, ölümündən sonra qız övladları dünyaya gələn polisləri deyirəm. Və bu gün ordusu olan bir ölkədə polisinə zibil tullayan, torpaqlarını, ata-babalarının məzarlarını itirmiş, qüruruna çat düşən xalq! Nədir, acığınıza gəlir? Qarabağdakı Şuşanı itirib Bakıdakı “Şuşa” restoranında kabab çəkib sağlıqlar vuran xalq! Açığı, “Şuşa” restoranında qiymətlər də bahadır, birinə getməyə pulumuz, o birinə isə qeyrətimiz çatmır. Nədir, bu da acığınıza gəlir?

“Qardaş, o gün olsun, elə günü sabah bu badələri Şuşada qaldıraq…”.

Sağlığa bax, İlahi. Çox çəkmir, bir də baxırsan ki, səhəri gün “Şuşa” restoranında oturub yenə də həmin sağlığı deyirlər.

Biz işğal olunan Laçın, Zəngilan, Şuşada adına restoranlar açanda ermənilər bu rayonlarımızda məktəblər, universitetlər açdılar. Siz vurun badələri, narahat olmayın!

II hissə…

“Spartalı”ları xatırladan polislər qapıya dirənir: atdığın zibilin hesabını verməlisən! Təhdid dolu çığırtılardan sonra bağrı yarılmış iki qadın qapını açır. Tfuuu, lənətə gəlmiş qapı, kaş heç açılmayaydı... Lənətə gəlmiş sübh tezdən qapının döyülməyi də, gecə zəngləri də, heç biri xeyrə deyil bu xarabada…
Vaxtsız qapı döyüləndə anamı, beqəfil zəngdən isə bacımı itirmişəm.

10 dəqiqə öncə yuxudan ayılan məsum qadınlar ev geyimində..,
“Üsamə Bin Ladenin əmisi oğlunu” həbs edirmiş kimi azyaşlı qız uşağının otağına soxulan polis..,
“bəlkə də qapını döyüb getdilər” ümidi ilə arvad-uşağının yanında biabır olmasın deyə yorğana bürünən ər..,
hər kəsə görk olsun deyə, elə lüt şəkildə blokda, binanın həyətində əndamı nümayiş etdirilən ər..,
mühasirəyə alınan bina, “hünəriniz var, səsiniz çıxarın” baxışları ilə taxıl sahəsində qarğalardan qorunmaq üçün basdırılan paya kimi görünən polislər…

Hamı nəticə ilə mübarizə aparır, səbəb qalıb sahibsiz… İnsanlar o həddə gəlib çatıblar ki, polisinə zibil də atır, sabah güllə də ata bilər. Elə polis də eyni mövqedədir, vətəndaşını lüt-üryan da edəcək, başına dəyənək də vuracaq, alnına güllə də. Polislə vətəndaşı bu həddə gətirən səbəblər aradan qalxmayınca bu cür ağır nəticələrlə üzləşməli olacağıq.

1. Vətəndaşı polisin başına zibil atamağa vadar edən səbəb nədir?
2. Vətəndaş niyə öz dövlətinə əl qaldırır, zibil atır?
3. Polis hansı əminliklə kiminsə evinə soxula bilir?
4. Vətəndaşın evinə basqın edən polis bu “gücü”, bu “hünəri” necə qazanıb?
5. Polis niyə öz vətəndaşını lüt şəkildə küçəyə çıxarmağı özünə vəzifə borcu bilir?
6. Polis xərçəng xəstəsinin başına yumruq vurur?
7. Qadına, ərinə “hamınız dovşansınız” deyən polis başqa bir xalqın nümayəndəsimi hesab edir bu qadını da, onun ərini də!?


DOVŞAN məsələsinə sözardı…

Gəlirik dövşan məsələsinə… Polis qadına “dövşansınız, əriniz də dovşandır” deməklə altşüurunda bunları ifadə etməyə çalışıb:

Nədir, qorxursunuz mitinq etməyə? Hamınız dovşansınız, qorxursunuz hakimiyyətə qarşı çıxmağa. Budur e, gəlmişik, qalxın da, hünəriniz varsa, qalxın, məhv edərik hamınızı…

Təsadüfə bax, İlahi, başsız qadını blokda haqlayan polis zabitinin özü də şuşalıdır, sanatoriyada qaçqınlar yataqxanasında qeydiyyatdadır.

Amma bir həqiqət var ortada: Bu ölkədə kim dovşan deyil ki? Dovşanın dünyada 50-dən artıq növü var, biz hansındanıq, onu bilmirəm. Qorxmayın, cənab polislər! Dovşanlar ət də yemir, işdir yeyəsi olsalar, sümüyünüzü atmazlar. Azərbaycanda dovşan yetişdirən fermerlərə də kredit verilmir. Yəni heç kreditə də düşmürük.

Cənab polislər, siz Allah, düz deyin: Artıq döyüş başlayıb? Xalqla dil tapmağın başqa yolu qalmayıb? Yeganə yol və ümid polisdirmi?

Evində lüt həbs edilərək aparılan ər hələ nə baş verdiyini anlamır. Amma mən anlayıram və özüm üçün çıxış yolu da tapmışam: birincisi, polisin başına zibil atmaram, polis məni çox təhlükədən qoruyur! İkincisi, polislərin evimə soxulmasına şərait yaratdığıma, belə bir rəzaləti qəbul etdiyimə görə, sonuncu cinayətə əl ataram: özümü də yandıraram, kirayədə qaldığım mənzili də…

Salamat qalın, o gün olsun, Şuşada qələbə bayramını qeyd edək. Di, sabah yığışın “Şuşa” restoranına…

Samir Feyruzov, özəl olaraq Dominant.az üçün
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar