Yurd vüsalı ayrılığın sonuymuş

08 Oktyabr 2020 12:57    638 Baxış   
Yurd vüsalı ayrılığın sonuymuş
Hər qarış torpağına, dağına-dərəsinə, yalına-yamacına, yoluna-cığırına bələd olduğum aranlı-dağlı Cəbrayıldan başlayaraq Bakı, Gəncə, Mil, Muğan, Şirvan, Naxçıvan, Lənkəran, Qazax, Xaçmaz, Şəki... və Qarabağın timsalında bütövləşən ana Vətənim mənim nəzərimdə elə dünyanın özü boydadır...

Yaxşı yadımdadır, 1988-ci ilin fevral ayından sonra nankor qonşularımızın Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı öz dədə-baba yurdlarından qovub çıxaranda köçkünlüyün ilk nişanələrini yüz minlərlə insanın nəmli baxışlarında görüb hiss etmişdim. Doxsanıncı illərin əvvəllərində Xocalı, Xocavənd, Şuşa, Laçın camaatı bu müsibətlə üzləşməli oldular. Sonrakı vaxtlarda Kəlbəcər, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının sakinləri də doğma yurdlarından perik düşdülər...

Mənim bir vaxtlar qoynundan pərvazlandığım ağır elli Cəbrayılın rayon mərkəzinin, dağlıq və dağətəyi kəndlərin düşmən əlinə keçdiyi 23 avqust 1993-cü il indinin özündə də ağrı-acılı yaddaşımın silinmiz izləri kimi nalə çəkməkdədir. Rayonumuzun Arazboyu kəndlərinin işğal edildiyi vaxtı, - 23 oktyabr 1993- cü il tarixini isə aradan 27 il keçməsinə baxmayaraq, sözlə ifadə etməyə çətinlik çəkirəm. Araz çayının qırağında düşmən əlinə keçməmək üçün hər ağacı-kolu sığınacaq hesab edən, ancaq buna rəğmən yağı gülləsinə tuş gələn dinc sakinlərin ah-naləsi hələ də qulqalarımda əks-səda verməkdədir...

Həmin qanlı-qadalı günün sonunda,- gecə saat ikiyə yaxın Füzuli rayonunun Əhmədallar kəndinin üst tərəfindən iranlı soydaşlarımın matorlu qayığında çayı adlayıb keçənlərdən biri olduğumdan, insanların təşviş hissi təbiidir ki, mənə də yad deyildi. O dəhşət saçan gecədə Arazın sağ tərəfindən boylanıb gecənin zülmətində tüstüsü ərşə qalxan kəndlərimizə baxanda anladım ki, məşəqqətli köçkünlük günlərinin astanasındayam...

Doğma ata ocağımı, Böyük Mərcanlı dəmiryol stansındakı yük vaqonlarında qalan əmlakımı, 25 illik ədəbi yaradıcılığımın nişanəsi olan arxivimi, əlyazmalarımı, Cəbrayıl boyda dünyamı itirəndən sonra taleyin hökmüylə heç bir dost-tanışımın olmadığı bir şəhərə,-Mingəçevirə gedib çıxdım. Bu şəhərdəki yataqxanaların birində eni-uzunu cəmisi 10 kvadratmetr olan otağa sığınandan sonra, yerli qəzetdə işə düzəldim. Uzun illər boyu yurd həsrətim qəddimi əyib-büksə də, qürurumu sındıra bilmədi. 1994-cü ilin yanvar ayından sonra Cəbrayıl rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi kimi köçkünlüyün ilk illərində Mingəçevirə pənah gətirən 155 ailənin yükünü də çiyinlərimdə daşımağı özümə borc bildim. Ayrı-ayrı yataqxana, uşaq baxçası və sənaye obyektlərində müvəqqəti olaraq məskunlaşan Cəbrayıl köçkünlərinin qarşılaşdıqları problemlərin həllində fəal iştirak etdim. Məktəbyaşlı köçkün uşaqlarının təhsilə cəlb edilməsi istəyi ilə Cəbrayıl rayon İcra Hakimiyyəti rəhbərliyinin və yerli əlaqədar təşkilatların köməyi ilə Mingəçevirdə 18 saylı Cəbrayıl rayon köçkün məktəbinin açılmasına və sinif otaqları ilə təmin olunmasına nail oldum...

Ən başlıcası isə, illər boyu mənim kimi yurd ağrı-acıları ilə yaşayan köçkünlərə Cəbrayıla,-doğma el-obalarımıza qayıdacağımız günlərin uzaqda olmadığını aşılamağa çalışdım. Qarabağın bir parçası olan, yuxularımda-xəyallarımda da olsa hər guşəsini gəzib dolaşdığım rayonumuzun həsrətini ürəyimdə daşısam da, doğma el-obama yönəlik övlad sevgimin zülmətdə qərq olmasına yol vermədim. Köçkünlüyün ilk ilində qələmə aldığım “Bir şair yaşayır Mingəçevirdə” adlı şeirim çeşidli qəzet-jurnallarda dərc olunandan sonra dillər əzbəri oldu. Bu şeirimin sonuncu bəndində dediyim kimi, məcburən yurd yerimi dəyişsəm də, Cəbrayllın adı dilimdən əskik olmadı:

... Kürü Araz bilir, Bozdağı Diri,
Qalıb Cəbrayılda qibləsi-piri.
Sızlaya-sızlaya nə vaxtdan bəri,
Bir şair yaşayır Mingəçevirdə.

Köçkünlüyün ilk illərində həm yurd nisgilimdən, həm doğulub boya-başa çatdığım el-obama məhəbbətimdən, həm də məskunlaşdığım ünvandan soraq verən bu şeirimdən sonra, “Araz çayına məktub”, “Cəbrayıl dağlarına dediyim ağı”, “Arazım”, “Bəhmən Vətən oğluna”, “Qarabağ”, “İşlər belə getsə”, “Çadırda doğulan uşaq”, “Oktay Həziyevə məktub”, “Cəbrayıllılar”, “Xarı bülbülüm”, “Şuşada açan çiçək”... adlı şeirlərimlə Qarabağ boyda yurd nisgilimi poetik çalarlarla naxışlayıb ortaya qoydum...
Qarı düşmən işğal olunmuş torpaqlarımızda meydan suladığı illərdə belə, “Vətən ana, torpaq namus, sevgi əmanət” başlıqlı şeirimin aşağıdakı misralarında dediyim kimi Vətən sevgimdən güc alan qəlbimin ümid işığını sönməyə qoymadım:

Dua etdim, ulu Tаnrım dаdımа yеtdi,
Ərən yurdum nər biləkli оğul böyütdü.
Yаddа sахlа, bаbаlаrdаn qаlаn öyüddü -
Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət.

Dədəm Qоrqud zəfərdədir şərəf-şаn-dеdi,
Şəhid ruhu yеrdə qаlmаz nаhаq qаn-dеdi.
Хudаfərin hаrаy çəkdi, Sаvаlаn dеdi -
Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət.

... Mən üç rəngli bаyrаğımlа kеçmişəm оddаn,
Vətən sözü müqəddəsdir hər cürə аddаn.
Аtа millət, аnа millət, çıхаrmа yаddаn -
Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət.

Böyük Türk dünyasının bayraqdarı olan qardaş Türkiyə ilə Azərbaycanın əbədi birliyini sərgiləyən poetik düşüncələrimi, Milli Ordumuzun yenilməzliyini, əbədiyyətin şəhid ucalığında dayanan ərənlərimizin yurd amalını tərənnüm edən şeirlərimlə gələbə müjdəli günləri soraqladım:

...Yenilməz dar ayaqda
Ərənləri, ərləri.
Şəhid ucalığından
Güc alıb zəfərləri.
Cavad xan, Məmməd Əmin,
Atatürk, Heydər adlı
Qibləgahları canlı.
Ulu tarixlərinin
Hər sətri, sözü şanlı.
Böyük türk dünyasının
Cismində dövr edən qan -
Türkiyə-Azərbaycan!

Düşmənə göz dağıdır
Şəhərləri, kəndləri.
Bir qala timsallıdır
Bərələri-bəndləri.
Əzəl gündən hər biri
Dosta-dostdur, yada-yad.
Keçmişləri şərəfli,
Çağdaş günləri abad.
Dar ayaqda yan-yana
Dayanıbdılar hər an -
Türkiyə-Azərbaycan.

(“Türkiyə-Azərbaycan” adlı şeirimdən)

... Şəhidlərin yaralı
Ruhu and yerin olsun!
Qələbə əzmin hər an
Dəryadan dərin olsun!
Savaş günü halay vur -
Düzlən dəstə-dəstə sən!
Xankəndində, Şuşada
Üçrəngli bayrağımı
Qaldır basin üstə sən!
Al yağı əllərindən
Neçə kəndi, şəhəri -
Azərbaycan əsgəri!

Dayan düşmən önündə
Yenilməyən dağ kimi!
Yaşa ürəyimizdə
Yurd kimi, torpaq kimi!
Ucalt səsini, ucalt -
El sığınsın adına!
Son qoyaq hünərinlə
Vətənin fəryadına!
Dön işıqlı sabaha,
Yaramızın üstə yax
Sən qələbə soraqlı
Xoş müdəli zəfəri -
Azərbaycan əsgəri,
Azərbaycan əsgəri!

( “Azərbaycan əsgəri” adlı şeirimdən)

Tanrıya gündə yüz dəfə şükranlıq edirəm ki, illər boyu yurd həsrətiylə yaşayan yüz minlərlə köçkün soydaşlarım kimi arzusunda olduğum xoş soraqlı günləri mənə də bəxş etdi. Nə yaxşı ki, 2016-cı ilin aprel döyüşlərindən sonra qəddini dikəldən Cocuq Mərcanlının qədəmləri sayalı oldu! Ata elim Cəbrayılın bir parçası olan qala timsallı bu kənddən Qarabağa uzanan zəfər yolumuz sentyabr ayının 27-dən sonra şaxələnərək Talış kəndinə, Suqovuşana (Madagiz), Horadiz, Yuxarl Əbdürəhmanlı... kəndlərindən keçdiyi günlərdə bizim Cəbrayıl obalarına da üz tutdu. Nüzgar və Böyük Mərcanlıda zəfər qazanan Milli Ordumuzun əsgərləri hər qarış torpağına bələd olduğum Quycaq, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Karxulu, Cəfərabad, Mahmudlu, Şükürbəyli, Horovlu, Dəjəl, Məzrə, Şükürbəyli, Şıxalağalı, Sarıcallı... kəndlərini də düşmənin qanlı pəncəsindən xilas etdi. İyirmi yeddi illik zaman kəsimindən sonra ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, Milli Ordumuzun yenilməzliyi və xalqımızın monolit birliyi sayəsində işğldan azad edilən Xan Çinarlı, Billur Kəhrizli Cəbrayılda üçrəngli bayrağımızın yenidən dalğalanması milli kimliyimizin ən bariz ifadəsinə çevrildi.

Uşaqlıq illərimin, gəncliyimin şahidi olan Böyük Mərcanlının vüsalına qovuşacağım günü gözlərimin önünə gətirəndə sevincimin həddsiz-hüdudsuz olduğunu bütün varlığımla dərk etdim. Düz on beş il qabaq qələmə aldığım və doğma el-obalarımıza uzalı əllərimin poetik ifadəsinə, yurd həsrətimin dilmancına çevrilən “Cəbrayılda qalan dünyam” adlı bir şeirimin aşağıdakı bəndində dediyim kimi gec-tez doğma yurdumuzun vüsalına qovuşacağımı söyləməklə həm özümə, həm də bu istəklə yaşayan minlərlə həmyerlilərimə təskinlik verməyə çalışmışdım:

...Səni ovundurum, qoy hələ sözlə,
Karvan geri dönər əzəlki izlə.
İsmayıl deyir ki, yolumu gözlə,
Təzədən qoynuna dönəcəyəm mən...

Milyonlarala soydaşımıza, yurd nisgiliylə yaşasalar da ümidlərini öləziməyə qoymayan köçkünlərimizə sevinc-fərəh bəxş eləyən qələbə müjdəli anlar ölkə Prezidentinin, Milli Ordumuzun, uca millətimizin yenilməzliyini ortaya qoymaqla, ayrılığın sonsuz olmadığını da ən bariz şəkildə nümayiş etdirdi. İnşallah, əzəli-əbədi düşmənlərimiz Ali Baş Komandanımızın təbirincə desəm, işğal olunmuş torpaqlarımızdan rədd olub gedəcəkləri vaxta sayılı günlər qalıb! Tezliklə Qarabağın qeyrət qalası Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə... də üçrəngli bayrağımızın əzəmətlə dalğalanacağı günlərin sevincini birlikdə yaşayacaq, bir milyondan artıq insanın dilindən eşidəcəyimiz: “Biz daha köçkün deyilik!” kəlmələrinin işığında başımızı dik tutaraq doğma yurd yerlərimizə qayıdacağıq!

Eşq olsun “Qarabağ Azərbaycandır!” kəlmələrinin sevincini xalqımıza bəxş edən Ali Baş Komandanımıza, Milli Ordumuza! Ulu Tanrı torpaqlarımızın düşmənlərdən azad edilməsi naminə canlarından keçən şəhidlərimizə qəni-qəni rəhmət eləsin, Amin!..

İsmayıl İmanzadə, Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, Cəbrayıl rayonunun keçmiş məcburi köçkün
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar