Ailəvi istirahətə yollanmaq üçün ölkəmizin füsunkar təbiəti, sıx dağ mənzərəsi, təmiz havası olan Xızı rayonu Altıağac qəsəbəsini seçməyim mənim buradakı insanların hansı çətinliklərlə yaşadığını dilə gətirməyimə zəmin yaratdı. Altıağaca yenicə çatmışdıq ki, oğlum Rəhmanın yolda qəflətən halı pisləşdi. Təbii ki, ilk olaraq tibb məntəqəsinə çatdırmaq istədik. Yol boyu maşını saxlayıb sakinlərdən təcili yardım, tibb məntəqəsi, xəstəxana ünvanı soruşsaq da, sakinlərdən aldığımız cavablar bizi daha da təlaşlandırdı. Sən demə, 1500-ə qədər əhalisi olan Altağacda yalnız Ailə Sağlamlıq Mərkəzi fəaliyyət göstərir ki, o da saat 16:00-a dək. Həkimin yolu uzaq olduğundan heç həmin saatın tamam olmasını da gözləmir, vaxtından əvvəl çıxıb gedir. Altıağacda heç aptekin belə, olmadığını eşidəndə məcbur üz tutduq Xızıya.
İsti hava, uşağın dayanmadan kömək istəməsi, getdikcə bədəninin bəzi hissələrinin qızarıb şişməsini gördükcə həyəcanım daha da artırdı. Elə bu həyəcanla xeyli uzaqda olan Xızı rayon Mərkəzi Xəstəxanasına çatdıq. Növbətçi həkimlər heç bir müayinə etmədən uşağa övrə (kəskin allergiya) diaqnozu qoydular. İlkin tibbi xidmət kimi damardan 10 qramlıq məhlul yeridib bildirdilər ki, “düzələcək, evinizə dönə bilərsiz”. Qurumuş dənizdə bir damla su tapan balıq kimi sevinərək həkimə və tibb bacısına sonsuz təşəkkür edib, qalacağımız evə doğru yol aldıq. Lakin sən demə bizi qarşıda daha çətin vəziyyət gözləyirmiş. Oğlumun halı kəskin pisləşdi, boğularaq öskürməyə, dayanmadan qaşınmağa başladı. Daha əvvəl bir övladını itirmiş çarəsiz ananın indi düşdüyü vəziyyəti siz təsəvvür edin…
Yenidən həkim axtarmağa başladıq. Qarşımıza çıxan kənd sakini yaxşı bir tibb bacısı olduğunu bildirərək ünvan verdi. Axtarıb evini tapsaq da, tibb bacısı Ləman xanım əvvəlcə bizi qəbul etmək istəmədi. Ancaq davamlı israrımın, yalvarışlarımın qarşısında bizi qapıda saxlamadı. Özbaşına heç nə edə bilməyəcəyini deyərək, bir vaxtlar bərabər çalışdığı Solmaz adlı həkimə zəng edib çağırdı. Çox keçmədi ki, ağ örpəkli, nurani simalı, kübar bir xanım gəldi. Uşağın vəziyyətinin kəskin olduğunu, çarəsizliyimi görüb tibb bacısına uşağa tibbi müdaxilə üçün göstəriş verdi. Ev şəraitində olsa da, Rəhmanımı çətin vəziyyətdən çıxarmağa başladılar. Və… şansımız gətirdi, oğlumun səhhəti düzəldi.
Solmaz xanımla söhbətimiz əsnasında məlum oldu ki, 1977-ci ildən buradakı Tibb Məntəqəsində həkim işləyirmiş, 2023-cü ildə yaşa görə işdən çıxarılıb. Kənd sakinlərinin tələbi ilə 1 il müddətinə işə qaytarılsa da, yenidən azad edilib. Buna baxmayaraq, təcrűbəsinə, savadına görə kənd sakinlərinin pənah yeridir, hər kəsin imdadına yetişir. Həyəcan, narahatlıq, qorxu aradan qalxandan sonra beynimdə suallar uçuşmağa başladı. İlahi, görəsən, buradakı insanlar belə çətin durumlarda nə edirlər? Beynimi yoran bəzi sualları dilə gətirmək, səlahiyyət sahiblərinə ünvanlamaq istəyirəm. Hörmətli cənablar, olmazmı ki, təcrübəli həkimləri yaşa görə işdən çıxarıb insanları təcrübəsiz həkimlərin qurbanına çevirməyəsiz? Bu qədər əhalisi olan, üstəlik hər ay yüzlərlə, bəlkə də minlərlə turistin üz tutduğu, turizm potenaislı yüksək olan bir ərazidə tibb məntəqəsi, aptek yaradılsın?
Bizim şansımız gətirdi deyə bilərəm. Tibb bacısı Ləman xanım və ömrünü insanların sağlamlığının keşiyində durmağa həsr eləmiş Solmaz xanım imdadımıza yetişdi. Ancaq hər kəs bizim qədər şanslı olmaya bilər… Hə dostlar, Altağacın səfalı havasından, füsnkar təbiətindən, açıqürəkli insanlarından aldığım təəssüratlar da sonsuzdur. Ancaq burada səhətinizdə problem yaranarsa və ya hansısa xroniki xəstəliyiniz varsa, Altıağaca gələrkən ehtiyatlı gəlin. Burada nə aptek var, nə də güvənəcəyiniz tibbi yardım xidməti. Burada ancaq və anaq hər kəsin pənah yeri, güman yeri olan Solmaz xanım və tibb bacısı Ləman xanım var…
Elnarə Abbasova, Altıağac