Dominant.az gənc yazar-jurnalist Mərahim Nəsibin yeni şeirini təqdim edir:
Bütün dilənçiləri tanıyıram mən,
Axı, sən dilənçi deyilsən, qadın.
Səni də bu günə salan tale var,
Bəlkə də yadından çıxıbdı adın.
Əllərin qısalır, açılmır artıq,
Utanma, üzünü gizlətmə belə.
Sənin də bəxtinə bu düşüb indi,
Əlimdən gəlmir ki, bəxtini siləm.
Yayın bürküsündə, cırhacırında,
Yanından üşüyüb, donub keçirəm.
Boynunu bükdüyün yolların üstən,
Utanıb, qızarıb, yanıb keçirəm.
Dilənir bu küçə, bu şəhər indi,
Nə olar, möcüzə ola bir səhər.
Yağış əvəzinə göydən pul yağa,
Yığıla şəhərdən bu dilənçilər.
İndi bu şəhərin, bu qəsəbənin,
Dilənçi yığışıb hər qarışına.
Bir gün mən özüm də əlimi açıb,
Allah, çıxacağam sənin qarşına.