AYP Əli Bəy Hüseynzadəni yad etdi

24 Fevral 2021 14:25    499 Baxış   
AYP Əli Bəy Hüseynzadəni yad etdi

Azərbaycan Yüksəliş Partiyasının Türkçülüyün banisi Əli Bəy Hüseynzadənin anadan olması 157-ci ildönümü münasibəti ilə anım mesajı yayıb.

Dominant.az xəbər verir ki, mesajda bildirilir:

“Əli Hüseyn TURAN!

Milli ideologiyamızın, bayrağımızın, dövlətçiliyimizin, siyasi kursumuzun hər maddəsi, hər elementi onun adı ilə sıx bağlıdır. Hələ yaşadığı dövrdə çox epitetə layiq görüldü. Hamısı da yerli yerində adlar, ünvanlar.

21-ci əsrin Azərbaycanında yeni qurulan bir siyasi partiya üçün o, hər addan öncə müəllimlər müəllimi, ideoloqlar ideoloqu, liderlərin mənəvi və fikir atasıdır.
Əli Bəy Hüseynzadə 24 fevral 1864-cü ildə Azərbaycanın Salyan şəhərində dünyaya göz açıb. Gənclik illərində aldığı hərtərəfli təhsili sayəsində dövrünün bir çox insanının fikirlərindən daha uzunömürlü və kompas mahiyyətində sistemli dünyagörüşü yaradıb. Onun “Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq” siyasi-ideoloji konsepsiyasının vücuda, maddəyə çevrilmiş halı bu gün Azərbaycan Respublikasının bayrağı formasında dünyanın hər bir tərəfində dalğalanır. Əsllində, Məhəmməd Əmin Rəsulzadə “Bir kərə yüksələn bayraq, bir daha enməz” deyəndə, “Bir kərə çıxdığımız doğru yoldan bir daha dönmərik” deyirdi. Bu mənada Rəsulzadənin də şüarını ölümsüzləşdirən gerçək Hüseynzadənin konsepsiyasıdır.

Azərbaycanda doğulmasına baxmayaraq, Əli Hüseyn Turan bütün Türk Dünyası üçün bələdçilik mahiyyətində yeni yolun, yeni üfüqün istiqamətini, sərhədlərini cızıb. İstər Türk xalqlarının mədəni, elmi, iqtisadi birliyini tərənnüm edən Türkçülüyün, istərsə də Ural-Altay xalqlarının siyasi və coğrafi ittifaqı olan Turançılığın fundamental maddələrinin kökü onun yazılarında və əsərlərindədir.

AY Partiyanın ideoloji təməli demək olar ki, tamamilə Əli Bəy Hüseynzadənin fikirləri üzərində qurulub. Nəzərə alsaq ki, Rəsulzadə və Elçibəy kimi fikir dahilərinin Türkçülüyə gətirdikləri yeni çalarlar da onun konsepsiyasının içindən cücərib, deməli, bütün hallarda bizim ustadlarımızın da Ustadı Əli Hüseyn Turandır.

Yerin uca, ruhun şad olsun, Böyük İnsan! Dünya durduqca əsərlərində bizə miras qoyduğun doğru yoldan – Turançılıqdan bir an olsun vaz keçməyəcəyik.

AY Partiya Əli Bəy Hüseynzadəni ehtiramla yad edir, onun fikri mirasının daim xidmətində olacağını qürurla bəyan edir”.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar