Azərbaycanda bu ixtisasa qəbul dayandırıldı - VİDEO

03 İyul 2021 10:41    383 Baxış   
Azərbaycanda bu ixtisasa qəbul dayandırıldı -  VİDEO

2019-cu ilə qədər Azərbaycan universitetlərində Biotibbi Texnologiyalar Mühəndisliyi kod adı altında ixtisas olub və bu ixtisasa tələbələr qəbul olunub.

Dominant.az xəzərxəbər-ə istinadən xəbər verir ki, sonradan bu ixtisasa qəbul dayandırılıb və ixtisas başqa ixtisaslarla birləşdirilib. İndi mütəxəssislər bu ixtisasın ləğv olunmasının fəsadları olduğunu deyirlər. Təhsil Nazirliyi isə başqa fikirdədir.

İxtisas bağlanıb, sahibkarlar mütəxəssis axtarırlar.

Artıq iki ildir ki, bakalavr səviyyəsində biotibbi texnologiyalar mühəndisliyi ixtisası üzrə tələbə qəbulu dayandırılıb. Halbuki bu ixtisas üzrə uzun illər həm Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, həm də Texniki Universitetdə mütəxəssislər yetişdirilib. Texniki Universitetin biotibbi texnika kafedrasının müdiri Namiq Abdullayev deyir ki, hər il ona bu sahə üzrə işçi axtaran onlarla rəhbər şəxs müraciət edir. Lakin kafedra artıq bağlanıb, universitet isə gələn il bu ixtisas üzrə sonuncu tələbələrini məzun edəcək.

Hər il bu sahə üzrə yetişən tələbələrin tam ixtisaslaşmasına və işlə təmin olunmasına dəstək olan biotexnoloq Cəmil Əkbərovun sözlərinə görə isə, xəstəxanalarda cihazların sazlanmasını və idarə edilməsini məhz bu ixtisası bitirən mütəxəssislər həyata keçirirlər. İndi belə bir lazımlı ixtisasın bağlanması çox təəssüfləndirici haldır.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Vüsalə Qurbanova isə bildirir ki, bu qərar aidiyyəti qurumların və bir sıra pedaqoqların rəyləri toplandıqdan, həmçinin əmək bazarı öyrənildikdən sonra Nazirlər Kabineti tərəfindən qəbul edilib. Bir sıra tələbələr nazirliyə bu ixtisas üzrə iş tapa bilmədiklərinə görə müraciət də ediblər. Bu səbəbdən Cihaz mühəndisliyi adı altında bir sıra ixtisaslar birləşdirilib.

Vüsalə Qurbanova onu da qeyd etdi ki, magistraturada bu ixtisas ayrıca tədris olunur.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar