Əslində, bu qədər can alan koronavirus deyil, dəniz sahilinə çıxan körpə cəsədlərinin naləsidi.
Əslində, bizi bu qədər silkələyən zəlzələlər deyil, zibil qutusundan çörək yığan anaların ürək ağrısı, evə çörək ala bilmədiyi üçün intihar edən ataların göz yaşıdı.
Əslində, içində olduğumuz müharibələr deyil, qeyri-rəsmi doğulduğu üçün diri-diri zibil qutularına atılan körpələrin fəryadıdı,
Evindən-eşiyindən didərgin düşən, ailələrini itirənlərin iniltisidi,
Afrikada minlərlə insan acından ölərkən, Avropada insanların artıq yeməkdən xəstələnməsinin təzadı və ədalətsizliyidi,
Müsəlmanların "Allahu əkbər" deyərək, bir- birlərini öldürməsinin qarşılığıdı,
Öz əllərimizlə yaxıb-yandırdığımız, talan etdiyimiz təbiətin, yuvasız qoyduğumuz dilsiz- ağızsız heyvanların bəd duasıdı.
Əslində, başımızın üstünü kəsdirən fırtınalar, sellər, yanğınlar deyil, müharibədə bütün ailəsini itirən yetimin ölməmişdən əvvəl "Sizi Allaha şikayət edəcəm" deyərək, nalə çəkməsinin Allah dərgahında qarşılıq tapmasıdı.
Çünki biz insan olaraq çox geri qalmışıq.
Mərahim Nəsib