"Dərmanın bahalaşması əhalinin güzəranına mənfi təsir edəcək"

17 Yanvar 2022 16:56    524 Baxış   
"Dərmanın bahalaşması əhalinin güzəranına mənfi təsir edəcək"

"2021-ci il ərzində hökumət gündəlik qida məmulatlarının qiymətlərindəki artımın qarşısını almaq üçün bütün cəhdlərinə baxmayaraq, bir çox kateqoriya üzrə ərzaq qiymətləri orta illik inflyasiyanı çoxdan üstələyib. Oxşar dinamikanın dərmanların qiymətlərində də özünü göstərəcəyi barədə öncədən verdiyimiz proqnozlar düz çıxdı. Aldığımız son məlumata görə, Tarif Şurası dərmanların qiymətini qaldırmağa hazırlaşır".

Dominant.az-a bunu AY Partiya Başqanının müavini Rəşad Babayev bildirib. Onun fikrincə, hər kəsə aydındır ki, bazar iqtisadiyyatı şəraitində tənzimlənmənin inzibati üsulları ilə qiymət artımının qarşısını almaq cəhdi qısamüddətli bir vasitədir.

"Unutmayaq ki, administrativ həll yolları uzunmüddətli perspektivdə istehlakçıların əleyhinə də işləyə bilir. Azərbaycanda 2015-ci ildən dərman satışı Tarif Şurasının müəyyənləşdirdiyi vahid qiymət siyasətilə tənzimlənir və bunun müsbət tərəfləri ilə yanaşı, mənfi cəhətləri də yox deyil. Həm idxalçı, həm pərakəndə satışı həyata keçirən firmalar üçün 20 faizlik marja müəyyənləşdirilməklə dövlət vətəndaşa satılan dərmanın qiymətlərini özü təyin edir. Hökumət bunu eyni növ dərmanların müxtəlif satış obyektlərində fərqli qiymətə satılmasının, bununla da vətəndaşların yerlərdə haqlı narazılıqlarının qarşısını almaq məqsədilə, habelə qiymət intizamına ictimai nəzarəti tam təmin etmək üçün etdiyini izah edib. Təbii, bu, müxtəlif aspektlər üzrə mübahisələndirilə bilər", - deyə o əlavə edib.

Rəşad Bakuvinin sözlərinə görə, çünki apteklər dərman satışı zəncirində ən son halqadır və onlar yalnız dolayı yolla qiymətlərə təsir edə bilir. Ümumiyyətlə isə dərman preparatları ilə bağlı bir mühüm anlayış var - mövsümi tələb: "Bu yanaşma normaldır. Nə zaman ki, dərman preparatlarına tələb yüksəlir, ki, hazırda pandemiya dövründəyik, dünyanın hər yerində eyni dərman növlərinə tələbat ən pik həddə olduğundan, bu, istər-istəməz qiymət artımına səbəb yaradır. Əksər dərman istehsalçısı ölkələrində belə, əmtəə tədarükü zənciri səviyyəsində yerli dərman istehsalı xarici xammaldan asılı vəziyyətdədir, belə olduğu halda hazır dərmanların zavod qiyməti də dəyişir. Əgər xammalın qiyməti o qədər artıbsa ki, artıq istehsalçı dərman hazırlaya bilmir, o zaman Səhiyyə Nazirliyi idxalına icazə verdiyi dərmanların qiymətlərini yenidən rəsmiləşdirməyə məcburdur.

Məsələ burasındadır ki, qlobal pandemiya tədarük zəncirlərini məhv edib və istehsalın ölçülə bilən tsiklik ömrünü pozub. Bu böhran digər əmtəə qruplarında olduğu kimi, qlobal əczaçılıq sektorunu da əhatə edib. Nəzərə almaq lazımdır ki, Azərbaycanda əczaçılıq sənayesi, mövcud olanların miqyası ilə yanaşsaq, demək olar, yox dərəcəsindədir və ölkənin dərman bazarı böyük ölçüdə idxaldan asılıdır. İdxal isə özü ilə bərabər yerli bazara bahalı qiymətləri də transformasiya edir. Əsasən Avropa, Rusiya, Ukrayna və Belarusdan idxal olunan dərmanların son qlobal bahalaşmalardan dolayı qiymətləri yüksəldiyi üçün Azərbaycanda yeni ildən dərmanların qiymətinin qalxacağı gözləniləndir. Hələlik son 4-5 il ərzində ölkədə əczaçılıq sənayesinin yaradılması siyasətinin nəticəsi olaraq, açılan bir neçə dərman zavodu əhalinin dərman preparatlarına olan tələbatını qarşılayacaq həddə çeşid fərqinə və məhsuldarlığa qısa zamanda çətin ki, nail olsun. Ancaq bütün hallarda ölkədə yeni dərman zavodlarının açılması gələcəkdə bu bazarda qiymətlərin aşağı düşməsi baxımından ciddi faktora çevrilə bilər".

Başqan müavini əlavə edib ki, yalnız bazarda çeşidlərin çoxaldılması və rəqabətin yaradılması qiymət artımı ilə bağlı vəziyyəti yüngülləşdirməyə kömək edə bilər: "Dövlətin vəzifəsi istehsalçılar və idxalçılar arasında rəqabətin inkişafını təmin etməkdir. Bu, ondan ötrü lazımdır ki, bazarda dominantlıq edən bir neçə istehsalçı və ya idxalçı olmasın. Daha bir yol eyni növ dərmanın müxtəlif ticarət nişanı ilə bazara daxil olmasına şərait yaratmaq olar ki, bu da nəticədə normal qiymətin əmələ gəlməsinə töhfə verə bilər.

Qlobal pandemiyadan dolayı yayılan viruslar, onların yeni-yeni ştamları, havaların soyuması ilə yaranan mövsümi xəstəliklər, təbii olaraq, əhalinin böyük əksəriyyətini dərmanlardan asılı vəziyyətə salıb. Aptekləri hər gün insanlarla dolub-daşan görürük. Kommunal xidmətlərin, ərzağın, qida məhsullarının, yanacağın qiymətlərindəki artım azmış kimi, bir də dərman preparatlarının gözlənilən qiymət artımları əhalinin onsuz da ürəkaçan səviyyədə olmayan pul gəlirlərini yeyib bitirməklə məşğul olacaq. İstər-istəməz bu, ciddi sosial narazılıqlarla müşayiət oluna bilər. Çünki hökumətin ilin əvvəlindən başlatdığı çox cüzi maliyyə artımları bahalaşmanın indiki tempi qarşısında kəskin formada acizdir. Əhalinin pul gəlirləri elə sürətlə azalır ki, insanlar məcbur qalaraq gündəlik qida rasionlarına aid bəzi məhsullardan imtina edirlər, bu isə əhalinin qidalanmasında ciddi sağlamlıq problemlərinin yaranmasına rəvac verir. Nəticədə sağlamlığını itirən insanlarımız dərman preparatlarından asılı duruma düşürlər, dərman almağa isə pul yoxdur. Yəni əsl problem bahalaşmadırsa, ondan da böyük sıxıntı pulsuzluq və güzəranın pisləşməsidir.

Əslində, infyasiya, milli valyutanın devalvasiyaya məruz qalması, bahalaşma dünyada normal qəbul edilmiş iqtisadi proseslərdir. Əsl diqqət ona yönəldilməlidir ki, hökumətin bütün bu neqativ gedişata qarşı effektiv, praktiki səmərəsi olan preventiv addımları varmı? Görünən odur ki, yoxdur, ya da hiss olunmur.

Uzun sözün qısası, neftin hər barrelinin 75-80 ABŞ dollarına satılmasının qazandırdığı divident və yaratdığı effekt 5-6 il əvvəlkindən tamamilə fərqlənir. Artıq nefti yaxşı qiymətə satıb əhalini ucuz çörək, ucuz dərman, ucuz kommunal xərclər, ucuz nəqliyyatla təmin etmək, süni iş yerləri yaratmaq və ya pensiyalar, təqaüdlər paylamaq, beləliklə də narazı kütlənin qarşısını almaq mümkün deyil. Həmin dövr çoxdan bitib. Çörəyin, dərmanın, bir çox digər xidmətlərin qiymətinin liberallaşdırılmasının əvəzində olduqca məhdud sosial paket təklif etmək isə, problemi heç kosmetik formada da həll etmir. İrimiqyaslı inflyasiya, bahalaşma fonunda yalnız iqtisadi azadlıqlar verməklə, iş adamlarına maliyyə resurslarına rahat əlçatanlığı təmin etməklə əhalini səfalət həddinə düşməkdən xilas etmək mümkündür, bu isə hökumətdən ciddi siyasi iradə tələb edir".


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar