Gözünü aç, Qarabağ, yuxu deyil gördüyün - Qəhrəman övladların qayıdır geri, gəlir!

07 Oktyabr 2020 15:25    724 Baxış   
Gözünü aç, Qarabağ, yuxu deyil gördüyün -    Qəhrəman övladların qayıdır geri, gəlir!

Darıxmışdı yurd yeri çəkmənin izlərinə,
Həsrət çəkən, yol çəkən sevdalı gözlərinə...
“Vətən sağ olsun” deyən dilinə darıxmışdı,
Torpağa sığal çəkən əlinə darıxmışdı...

Səbri daş əritsə də, dözmüşdü sona kimi...
30 il yol gözləyən taqətsiz ana kimi
Diz çöküb ayağını qucmağa darıxmışdı,
Sevincdən qanad açıb uçmağa darıxmışdı...

Darıxmışdı ağaclar, darıxmışdı çiçəklər,
Bayrağını öpməyə təşnə idi küləklər...
Murovun zirvəsinə yağan qar darıxmışdı,
Minarələr,
Türbələr,
Məzarlar darıxmışdı...

Gözünü aç, Qarabağ, yuxu deyil gördüyün,
30 illik ümiddir, yaddaşına hördüyün
Bir işıq topasıdır uzaqdan bəri gəlir!
Qəhrəman övladların qayıdır geri, gəlir!
Gəlir yurdun sahibi, gəlir evin yiyəsi,
Gəlir, məğrur millətin qalib əsgəri gəlir!

Elçin Mirzəbəyli
07 oktyabr 2020-ci il


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar