Hər yerdə göyərçin var, amma dünyanın heç yerində sülh yoxdur

12 Fevral 2021 21:34    6105 Baxış   
Hər yerdə göyərçin var, amma dünyanın heç yerində sülh yoxdur

Dominant.az Polis polkovnik-leytenantı, DİN Mətbuat Xidmətinin rəis müavini Hafiz Hacxalılın (Təmirov) yeni şeirlərini təqdim edir.

****

İlahi, bu adamlar,
Çətin insan olalar.

****
Bu nə nəfəs, bu nə səsdi,
Dinləyin, Qədir oxuyur.
Oxumur ki, inildəyir,
Bağrını didir oxuyur.

Ürək yara, can yarımcan.
Sona yetər həsrət haçan?
Xəyalında Şuşayacan,
Ağdama gedir, oxuyur.

Düşünərək sonumuzu,
Sağımızı, solumuzu.
Qardaş, ölən ruhumuzu,
Bu səs dirildir, oxuyur.

Göydə uçan quşları da,
Gözümüzdə yaşları da.
Biz ürəyi daşları da,
Bu səs əridir, oxuyur.

****
Bir ürək nəğməsi, bir könül şeiri,
Bir qaya üstündə bitən gül şeiri.
Şəhid məzarına qərənfil şeiri,
Yaza bilmirəmsə, haram şairdi.

Ömür bir əsimlik ötəri yeldi,
Ürək bənd uçuran bir dəli seldi.
Dərdim telli sazda “Baş sarıtel”di,
Ağrım müğənnidir, yaram, şairdir.

Bənövşə

Yerindən, yurdundan oynatdım səni,
Gətirib dibçəyə əkdim, bənövşə.
Bir də boynun bükük qalmasın deyə,
Mən özüm nazını çəkdim, bənövşə.

Bir anlıq sevincə qaldım tamarzı,
Kədərsiz dinmədi könlümün sazı.
Sən yazı gözlədin, mən də o qızı,
Gözümü yollara dikdim, bənövşə.

Əsl aşiq olan haqdan dərd dilər,
Yeriməz, yüyürməz yükü dərdli nər.
Bizə bənzəyirmiş bütün dərdlilər,
Çökdükcə içimə, çökdüm, bənövşə.

Dost gülsün, düşmənlər gülməsin deyib,
Güldüm gülüşümdə qəmi gizləyib.
Sevgimin, sevdamın gözünü heyif,
Özüm öz əlimlə tökdüm, bənövşə.

Of, getdi gəncliyim hara bilmədim,
Bu dərdlərdən can qurtara bilmədim.
Özümə bir yuva qura bilmədim,
Özgəyə min yuva tikdim, bənövşə.

****
Hər yerdə göyərçin var, amma dünyanın heç yerində sülh yoxdur.

****
Allah, sən qara qızları,
Ağlara möhtac eyləmə.

****
Bəxtə düşən günə ömürdən demə,
Üzərlik nəfəslim, mənim qar ağım.
Sənsiz gecələrin mürəkkəbinə,
Batıb qaralanır ömür varağım.

Bir qızın dedikləri

Saç ürəkdən su içirmiş,
Gözəl dedin, zalım qızı.
Bəlkə elə ona görə,
İllərdir ki, unutmadım,
Uzun saçı ürəyindən,
Su içən bir vəfasızı.

****

Səndən gələn dərdə şükür deyirəm,
Ürəyim bu dərdi çəkir deyirəm.
Hər gün gözlərimə əklil deyirəm,
Gətirib qoyuram sən gələn yola.

****
Kəsilmiş ağacların ağrısının göyərməyinə yaz deyilir.

Alça ağacına

Qışdan sağ çıxıbsan alça ağacı,
Mübarək bu yaşıl yarpaqların da.
Dünyanın ağrısı asılıb sanki,
Hələ bərkiməyən budaqlarında.

Bu nədir, üzündə bıçaq yeri var?
Gözlərin min yerdən ağlayır sənin.
Körpə budağını qıran uşaqlar,
Bilmir ki, ürəyin ağrıyır sənin?

Səni bura əkən ölübmü, sağmı?
Hər iki dünyada rəhmət qazanıb.
Ötən günlərini qaytaracaqmı?
Dünyanın qaynayan zaman qazanı.

Nə vaxt çiçəklərin çevrilər bara,
Torpaqdan güc alıb böyü, ağacım.
Sən ümid eyləmə bu adamlara,
Yıxılıb dünyanın evi, ağacım.

Həyat əkir bizi dən-dən torpağa,
Kasıbı, varlısı çoxdu, inanın.
Anamız torpağa, Vətən torpağa,
Sizdən vəfalısı yoxdu, inanın.

Dağlar

Sizə gələn bu yolları,
Yağı kəsib, yağı, dağlar.
Gözlərimdə yaşa dönüb,
Ürəyimin yağı, dağlar.

Qatlanıbdı nər dizlərin,
Qan göyərdir gül düzlərin.
Gəl-gəl deyir nərgizlərin,
Gələmmirəm axı, dağlar.

Öldürəcək xiffət məni,
Əridibdi bu dərd məni.
İllərdir ki, həsrət məni,
Hey yandırıb, yaxır, dağlar.

****

Bağışla gözünün yaşına məni,
Bağışla ürəyim daş oldu, neynim.
Sənin ürəyinə gələn yollarım,
Özgə cığırlara qoşuldu, neynim.

Neynim gözlərimdə hər səhər, axşam,
Sənin xəyalındı cızılan, qadın.
Mən səni hələ də unutmamışam.
Özgənin ömrünə yazılan qadın.

Çıxart xatirəni gün işığına,
Lap istəsən belə adımı unut.
Baxıb güxgüdəki yaraşığına,
Bir sən ol, bir də ki, daş yaran süküt.

Səni xatırladan hər şeydən indi,
Hətta özümdən də qaçıram bilsən.
Hardan biləsən ki, sənsiz çətindi,
Bilsən də nə xeyri...dönən deyilsən.

Daha göz yaşımdan ümid göyərməz,
Hardasan, ay mənim sonuncu arzum.
Ölübsən, qalıbsan, xəbərin gəlməz.
Sənsiz bu yuxunu mən necə yozum.

Daş olub susaram ömrüm uzunu,
Ayaq izlərini sığallayaram.
Nə olar yuxuda görüm üzünü,
Göynəyən həsrətim, qanayan yaram.

Tənhadı, yalqızdı ürəyim sənsiz.
40-ı haqlayıram sükut içində.
Nolar, qurban olum, səssiz, səmirsiz.
Xatırla içində, unut içində...

****
Bu sevgi məni, İlahi,
Hardan tapdı görəsən?
Çəkilib göydə durmusan,
Guya xəbərin yoxdu,
Bəlkə cavab verəsən?!
****
Gün üyüdür ömür adlı dəyirman,
Göz yaşımdan axır doldu bu ümman.
Bundan sonra nə ümid var, nə güman.
Yaşamağa...

Kiçik hekayə

Ayağının biri sınan göyərçin gəzməkdə çətinlik çəksə də təhlükə hiss edən kimi uçdu. Ayağının birini itirən əsgər ona baxıb sakitcə dilləndi: “Kaş, mənim də qanadlarım olaydı”...

****
Bəlkə görüşünə yubandım bu gün,
Yaddaşım əqrəbi itən saatdı.
Bəlkə öldüm bu gün...bağışla məni,
Bəlkə də görüşdük...arzuma çatdım.

****
Sağ əli Şuşada qalan əsgər qardaş,
Sən sevinəndə daha kimsəyə deyə bilməyəcəksən: “Sağ əlim sənin başına”...

****

Torpağın

Adına Vətən deyirik,
Bu qara gözlü torpağın.
Uğrunda can veririk,
Bu qara gözlü torpağın.

Ana deyib ağlayırıq.
İtirsək yas saxlayırıq.
Öpürük, qucaqlayırıq,
Bu qara gözlü torpağı.

Türk oğluyam, ordum odur,
Turan deyən qurdum odur.
Ölsəm yenə yurum olur.
Bu qara gözlü torpağım.

****
Dar günündə bir olmağı bacardıq,
Nə mən dedik, nə sən dedik, ay Vətən.
Qanımızla sulandı hər qarışın,
Son nəfəsdə Vətən dedik, ay Vətən!


Əsgər qardaşıma

Şuşadan Göyçəyə bir salam göndər,
Dədə Ələsgərin ruhu sevinsin.
Vətənə bütövlük bəxş edən əsgər,
Qaynar nəfəsinə daşlar isinsin.

Dərdimin adıdır Zəngəzur özü,
Yerevan yenidən İrəvan olsun.
Birləşib Təbrizlə Borçalı sözü,
O taylı, bu taylı bütöv can olsun.

Dərbəndim sinəmdə açılan yara,
Gözümdən İdilə tökülər Araz.
Qardaş, başın üstə ulduz, aypara,
Zəfər günlərinin dastanını yaz.

****
Arzu ömrü uzatmır,
Xoş gün hələ uzaqdır.
Qırx yaş dayanacaqdır,
Sonuncumu, bilmirəm...

****
Şuşaya qar yağır,
Üşüyür Xanın səsi.
Donub şəhid qəbrində,
Bir ananın naləsi

Bilirsən

İllər bizi ayrı salıb nə vaxtdır,
Saçlarımda dən olmusan, bilirsən?
Səni anıb unutmuşam özümü,
Yavaş-yavaş mən olmusan, bilirsən?

İstidimi, soyuqdumu de, yerin?
Xoşbəxtsənmi, gətirdimi qədərin?
Sevincimə qənim oldu kədərin,
Dərd olmusan, qəm olmusan, bilirsən?

Ötən günə ün yetməz ki, əzizim,
Könlüm səni unutmaz ki, əzizim.
Odun məni isitməz ki, əzizim.
Batıb gedən gün olmusan, bilirsən?

****
Qırx il gəlib keçdi “Kərəmi” üstə,
Qırx ildi kərəmlər lələ gözləyir.
Ömrün o üzündə bir uşaq məni,
Gözləyir, gözləyir, hələ gözləyir.

****
Suyun üzündə gəzmək üçün İsa olmağa ehtiyac yoxdur, qəlbin təmiz olsun, yetər.

****
Hələ ayaq üstəyik,
Nə qədər ki, biz varıq.
İçindəki yadlardan,
Səni qoruyacağıq-
Vətənim!

****
Qoymaz yuxundan keçəm,
Yumular çəpər kirpiyin.
Elə bil ki, acığıma,
Gözünü öpər kirpiyin.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar