Putinin son gülləsi, məngənədə çabalayan Paşınyan, ortada qalan Xankəndi

31 Oktyabr 2022 16:52    3235 Baxış   
Putinin son gülləsi, məngənədə çabalayan Paşınyan, ortada qalan Xankəndi

Putin son gülləni atacaq, yoxsa...

44 günlük Vətən Müharibəsinin bitməsindən az qala iki il keçsə də həm tərəflər arasında, həm beynəlxalq müstəvidə xalqları barışa aparacaq sülh müqaviləsi bağlanmayıb. Tərəflərin haqlı və ya haqsız şəkildə bir-birlərindən istəkləri və bu istəklərin danışıqlar yolu ilə yerinə yetirilməsi mümkünsüz göründüyü üçün, estafet revanşist qüvvələrin əlinə keçməyə doğru davam edir. Müharibənin birinci mərhələsi bitdikdən sonra Ermənistan sülh müqaviləsinin bağlanmasını bilərəkdən gecikdirirdi. Səbəb isə yeni mərhələdə beynəlxalq gücləri prosesə cəlb etmək idi. Paşinyanın demokratik imici, ona və ölkəsinə çox baha başa gəlsə belə Putinə qarşı cəsarətili davranışı Avropa ölkələrini Ukraynadan sonra Qafqazdakı oyuna da cəlb etdi. Paşinyanın məqsədi Putini Qafqazda ofsayda salmaq və yeni oyunla Azərbaycandan torpaq qoparmaq olsa da, Azərbaycan prezidenti bu oyunun torpaq qoparma hissəsini pozdu. Belçikada görüşdə, ölkələr arasında müəyyən razılaşmalar da oldu. Ancaq Avropa ölkələrinin siyasi aktorları tərəfindən Paşinyana izah edildi ki, Qarabağdakı erməni xalqını qoruyan hələ ki, Putindir.

Brüssel görüşündən dərhal sonra Putin tələm-tələsik hər iki ölkəni Soçidə yenidən görüşə çağırdı. Özünü Qafqazdakı bütün müharibələrin və bundan sonra bağlanılacaq sülhlərin memarı hesab edən Rusiya təbii ki, öz iştirakı olmadan qəbul edilən sülh müqaviləsini həzm edə bilməzdi. Biz bunu Moskvada “Valday” Beynəlxalq Diskussiya Klubunun “Hegemonluqdan sonrakı dünya: hamı üçün ədalət və təhlükəsizlik” mövzusunda 19-cu illik toplantısında da gördük. Putin erməni jurnalistin verdiyi suala cavabında Ermənistanla güc dilində danışıldığını etiraf edir: Ermənistan Azərbaycanın 7 rayonuna nəzarət edirdi. Biz deyirdik ki, əlaqələri normallaşdırmaq lazımdır. Kəlbəcər və ondan cənubda olan (Laçın) rayon koridor kimi istifadə olunsun, digər 5 rayonu isə Azərbaycana qaytarın. Onlar lazım deyillər, boş qalıblar. Qarabağın ermənilər yaşayan hissəsi ilə əlaqə üçün 2 böyük (Kəlbəcər-Laçın) rayondan istifadə kifayət edirdi. Hesab edirdik ki, bu ədalətli həll yolu idi. Amma Ermənistan hökuməti öz yolu ilə getdi və onların seçimi bugünkü situasiyaya gətirib çıxartdı”.
Yəni, uzun sözün qısası, Paşinyan sözümüzə qulaq asmadığına görə Ermənistanın başına Dəmir Yumruq endirildi.

Putin sonra da deyir ki, "Ermənistana nə barədəsə diktə də edə bilmərik. Sülhün Vaşinqton variantında ümumən Qarabağda Azərbaycanın suverenliyinin tanınmasından söhbət gedir. Ermənilər bunu düzgün bilirsə, buyurun. Erməni xalqının istənilən seçimini dəstəkləyirik. Əgər ermənilər hesab etsələr ki, Qarabağla bağlı xüsusi özəlliklər olmalıdır və bunu sülh sazişində müzakirə etmək lazımdır, bu da mümkündür. Sözsüz ki, bu müddəaları Azərbaycan tərəfi ilə razılaşdırmaq gərəkdir. Çətin məsələdir. Amma Ermənistan bizim strateji tərəfdaş, müttəfiqimizdir. Buna görə də Azərbaycanın mövqeyini nəzərə almaqla əsas oriyentasiyamızı Ermənistanın təklifinə yönəldəcəyik”. Əslində Putin bu açıqlama ilə Ermənistana mesaj da göndərir. Baxın, əgər Siz Vaşinqton planı ilə hərəkət etsəniz Qarabağı ayrıca dövlətə çevirəcəyəm deyir. Bunu biz konfransın sabahı günü Xankəndində ermənilərin mitinqi xəbərlərindən aydın görə bilirik. Paşinyan 2 ildir Xankəndində erməniləri meydana toplaya bilmirdi. Necə oldu ki, Putin bir günə minlərlə ermənini meydana topladı? Və minlərlə insan küçələrə axışıb, Rusiyadan təminat istəmiş oldu? Buradan belə nəticəyə gəlmək olar ki, Putin artıq bütün vasitələrdən istifadə etməklə bölgədə Rusiyanın hegemonluğunu qorumağa çalışır. Hər dəfə də öz dəxilsiz oyunları ilə getdikcə ona qarşı qurulan həlqəni daralmaqla məşğuldur. Çünki dünənə qədər Azərbaycanı özüna müttəfiq bildiyi halda bu cür açıqlama vermək Rusiya üçün intihar deməkdir. Beləliklə, Putinin son gülləsi qalmış oldu. O bu gülləni ya Soçidə öz başına sıxıb, qurduğu bütün düzəni məhv edəcək, ya da bu silahçıxarmanın hədələmə xarakterli bir gediş olduğunu görəcəyik.
Fikrimizcə, bu ikinciyə aid bir gedişdir, çünki Rusiya bölgədə Gürcüstan və Ermənistanın ardından Azərbaycanı da itirmək istəməz. Qafqazda Azərbaycanı itirmək, Avropada Türkiyəni, Orta Asiyada isə bütün türk dövlətlərini itirmək deməkdir. Bu gediş o deməkdir ki, Rusiya beynəlxalq müstəvidə onu müdafiə edəcək qüvvələrdən əlini üzməli olacaq.

Məngənədə çabalayan Paşinyan...

Paşinyan istər İkinci Qarabağ müharibəsinin memarı, istərsə də hazırkı dövrdə haqqında danışılacaq ən maraqlı adamdır. Ona görə ki, əgər İrəvanda Rusiya tərəfdarları Paşinyan tərəfindən məğlub edilməsəydi, danışıqalar prosesi bilərəkdən, saqqız kimi uzadılacaqdı. Paşınyan həm də çox cəsarətli addım ataraq Putinə qarşı çıxdı. Düzdür, Rusiya tərəfdarlarını zərərsizləşdirməyin və Putinə qarşı çıxmağın bədəli də böyük idi. Amma Paşinyan erməni xalqını qırğına vermək, 29 il öncə işğal edilmiş Qarabağ və ətraf əraziləri itirmək bahasına olsa da buna getdi. İndi Ermənistan hökuməti elə görüntü yaradıb ki, guya Qarabağdakı ermənilərin həyatı üçün bütün zəruri addımları heç bir tərəddüd etmədən atacaqdır. Amma bu sadəcə olaraq Pasinyan komandasının yaratdığı bir görüntüdür. Paşinyan və ətrafındakılar 2020-ci ilin noyabr ayından Qarabağdan əllərini üzüblər. Əslində Paşinyan çox ağıllı bir yol seçib. Gec-tez ölkənin Avropaya inteqrasiyasının labüd olacağını bildiyi üçün Azərbaycan ilə düşmənçiliyi, Qarabağ problemlərini arxa plana keçirib. Əslində bizim düşüncəmizdə əzik, dəmir yumruq altında əzilən, yeri düşəndə hətta İlham Əliyevə zəng edib yalvarmaq istəyən Paşinyan Ermənistanın ən yaddaqalan liderlərindən biri kimi tarixə düşəcək. Düzdür, onun erməni xisləti bir lider kimi ortaya çıxmasına imkan vermir. Amma son proseslər göstərir ki, öz xalqının gələcək müqəddəratını Rusiyanın əlindən almaq, Azərbaycan və Türkiyə ilə yaxşı qonşuluq siyasəti qurmaq, Qarabağ problemindən bir dəfəlik qurtarmaq istəyən Paşinyan daha düzgün yol seçib. Onsuz da məngəndə çabalayan Paşinyan üçün başqa bir yol da yoxdur. Əgər Paşinyan bir də çaşarsa ətrafındakı məngənə daralar və başı üzərində Dəmir Yumruq hazır olar. Paşinyan da bunları yaxşı bildiyi üçün, çox ehtiyatla maksimum itkilərsiz Ermənistanın gələcəyini qurmağa çalışır.

Ortada qalan Xankəndi...

Əslində Xankəndi 29 ildir Ermənistana nə qədər yaxın görünsə də bir o qədər uzaq olub. Düzdür, uzun müddət Qarabağ klanının Ermənistanda hakimiyyətdə olması bölgədə yaşayışın tam məhvinə imkan verməyib. Ancaq Qarabağ klanı hakimiyyətdən getdikdən sonra, bölgədəki müharibə də Xankəndinə öz təsirini göstərdi. Bir vaxtlar az qala 100 mindən çox əhalinin yaşadığı Qarabağda əsas yaşayışın olduğu bir şəhər qalıb. O da əhalisinin 4-də 3-ünü itirmiş Xankəndi. Son statistik məlumatlara görə şəhərdə 20 min adam yaşayır. Amma statistik məlumatlara yox, real məlumatlara inansaq, şəhərdə vur-tut 10 min əhali ancaq yaşayar. Az qala Ermənistanla son bağını da itirən Xankəndində ermənilərin həyat qarantoru Rusiyadır. Ona görə də, 2022-ci ilin sentyabr hadisələrində müharibəyə etiraz aksiyası keçirilən Xankəndində Paşinyan hökuməti meydana min nəfər çıxara bilmədi. Amma Putinin bir işarəsi ilə minlərlə insan küçələrə tökülüşüb, rus sülhməramlılarının bölgədə qalmasını tələb etdi. Xankəndində yaşayanlar yaxşı bilirlər ki, danışıqda heç bir tərəf hesab edilmirlər. Sülha danışıqlarında iki tərəf var: Azərbaycan və Ermənistan. İndi Rusiya Xankəndi variantını Ermənistana hədə-qorxu variantı kimi işə salır. Təbii ki, Paşinyan bir yerə qədər Rusiyanın dedikləri ilə razılaşmağa məcburdur. Amma rus sülhməramlılarının Qarabağdan getməyinə ilk səs verən də Paşinyan olacaq. Putin də bunu çox yaxşı başa düşür. Ona görə, Xankəndi kartından istifadə edir. Əgər biz olmasaq, Sizi Azərbaycan əsgərinin gülləsi gözləyir mesajını verməklə Xankəndində söz sahibi olduğunu göstərmək istəyir. Amma...

Soçi görüşü haqqında bir neçə söz...

Azərbaycan üçün rus sülhməramlısı problem deyil. Çünki indi görünməyən üfüqlər qışda siyasət aləmi üçün daha aydın olacaq. Əgər Avropa bu qışı dözə bilsə, yazda rus əsgərləri Ukrayna bataqlığında məhv ediləcək. Yox əgər Rusiya bu qışda Avropanın dizini yerə vura bilsə, Ukraynanı parçalayacaq, Qafqazdakı mövqeyini bir az da bərkidəcək. Bütün bunlarla yanaşı Rusiya ilə həddindən artıq ehtiyatla davranmaq lazımdır. Çünki bəzən can üstə olan heyvanlar da şıllaq atıb, ətrafdakılara zərər verməyə çalışır.

Putinin hədələri Ukrayna, Ermənistan, həmçinin Avropa ölkələri üçün işləyə bilər. Ancaq Azərbaycanla hədə dilində danışmağın nəticələrini bir zamanlar Avropanın gördüyü kimi, Rusiya da görə bilər. İranı Azərbaycana qarşı təhrik etməklə az qala İranı vİrana çevirən Rusiyanın Azərbaycanla hədə dili ilə danışması Türk dünyasını qarşısına almasına bərabərdir. Rusiya isə döyüs cəbhələrinə daha bir qüvvəni qatmaq istəməz. Azərbaycanla zor dili ilə danışmaq o deməkdir ki, bütün subyektlər Birinci Qarabağ Müharibəsindən öncəki vəziyyətə qayıdır. Bu dəfə isə parçalanmağa hamilə qalacaq ölkə Rusiya olacaq. Buna görə də Rusiya heç vaxt belə səhvə yol verməz. Putin isə daha bir müttəfiqini itirməz.

Soçi görüşündə Putin özünü daha çox sülh tərəfdarı kimi göstərməyə çalışacaq. Həm də görüşdə İlham Əliyevlə dost olduğunu bir daha xatırlamaqla Azərbaycan liderinin könlünü almağa çalışacaq. Ancaq Soçi görüşündə Putin tərəfindən yox, İlham Əliyev tərəfindən sərt bəyanatların veriləcəyini gözləmək olar. İstənilən vəziyyətdə Soçi görüşündə də biz başqa görüşlərdə olduğu kimi, qalib tərəfin İlham Əliyev olacağına inanırıq...
Elmar Hüseynov


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar