Qız yük deyil, bir nemətdir...

26 İyul 2023 21:19    8462 Baxış   
Qız yük deyil, bir nemətdir...

“Qız yükü, duz yükü”. Ağlım kəsəndən atamdan ancaq bu sözləri eşidirdim. Düzdür, əvvəllər mənasını dərk etmirdim deyə, o qədər də əhəmiyyət vermirdim. Ancaq böyüdükcə və bu ifadənin anlamının fərqinə vardıqca, atamın bu təəssüfünün ağırlığında əzilirdim. Niyə təəssüf? Çünki hər dəfə bu kəlmə səsləndiriləndə atamın gözləri, sanki “niyə qızım olub” deyə hayqırırdı... Bu yüklə yaşamaq isə heç də asan deyildi... Həm qız olaraq dünyaya gəlməyimin üstünlüyünü yaşaya bilmirdim, həm də qardaşlarıma qoşulub oğlan kimi davranmağa, onlar kimi yaşamağa başlamışdım. Hərəkətlərim, yerişim, duruşum, geyimim belə qardaşlarıma bənzəyirdi. Sanki bu yolla nəyisə dəyişəcəkdim, o acı təəssüfü darmadağın edəcəkdim. Daha dəqiq desək, özümü təsdiq edəcəkdim atama...
Bu yazdıqlarım 21 il öncəyə, atamın o “yükdən” “xilas olduğu”, mənimsə hələ tam bərkiməmiş çiyinlərimə daha məsuliyyətli bir vəzifənin yükləndiyi, ailə qurduğum günə qədər olan dövrü əhatə edir. Onda hələ balacaydım, məktəbliydim, tələbəydim. İndi nə az, nə çox 41 yaşım var, iki ali məktəb bitirmişəm, normal qazancı olan işim, ictimaiyyət arasında azdan-çoxdan nüfuzum var. Öz ayaqlarım üzərində dayanan, heç kimə möhtac olmadan yaşayan, iki övlad böyüdən anayam, qızım tələbədir, oğlum bir neçə ilə əsgər olacaq. Ən əsası isə atam mənə artıq duz yükü kimi baxmır...
Bəli, mən bacardım, özümü təsdiq etməyi, yük olmamağı, ömrüm boyu ən nifrət etdiyim “qız yükü, duz yükü” ifadəsini darmadağın etməyi. Bir zamanlar qız övladını yük hesab edən atam indi öz qızı ilə qürur duyur, fəxr edir, haqqında sinəsi qabara-qabara danışır. Hətta indi qızla bağlı ifadələri də dəyişib, deyir ki, “Kimin qızı yoxdursa, sonsuzdur. Qız atanın yaraşığıdır”.
Amma... Amması ondan ibarətdir ki, bu tabunu sındırmaq heç də asan olmadı. Çox çətinliklər çəkdim, çox məhrumiyyətlər yaşadım və özümə yaşatdım. Nə uşaqlığımı doya-doya yaşaya bildim, nə gəncliyimi. Heç indi də yaşıdlarım kimi deyiləm, hələ də özümü kimlərəsə sübut etməyə çalışıram, buna gərək olmasa belə... Cozef Merfi “Təhtəlşüurunuzun gücü” adlı kitabında yazır ki, “Sizin təhtəlşüurunuz ona təlqin etdiklərinizi və şüurlu surətdə inandıqlarınızı həqiqət hesab edir”. Eynən mənim də təhtəlşüurum hesab edir ki, özümü təsdiq etmək həyatımın ayrılmaz parçası olmalıdır...

Özünü sübut etməyə çalışmaq isə heç də hər zaman uğurlu alınmır, insanı uçuruma yuvarlada, həyatını qaralda da bilir. Əslində buna özünütəsdiq cəhdi yox, sevgisizlik səbəb olur. Çünki özünütəsdiq ehtiyacının təməlində məhz sevgidən məhrum olmaq durur... Düşünürsən ki, ancaq özünü bu yolla hər kəsə sevdirə bilərsən, uğurlu övlad olsan, valideynlərinin göz bəbəyi olarsan, qayğıkeş qadın olsan, həyat yoldaşının gözü səndən başqasını görməz, fədakar ana olsan, övladların səni daha çox sevər, bacarıqlı işçi olsan, müdiriyyət səni təqdir edər, diqqətcil dost olsan, rəfiqələrin sənə daha çox dəyər verər. Və bu “sa-sə”lər ölənə qədər səni təqib etməlidir, başqa şansın yoxdur... Əks halda Teador Drayzerin “Kerri bacı”sının aqibəti ilə eyni taleyi yaşaya bilərsən. Əvvəlcə Çikaqoya gedən qatardakı Drue kimi sənə ilk xoş davranan insana meyl edərsən. Bir qədər sonra zəngin bar sahibi, ailəli Hertsvudun yalanlarına inanaraq həyatını qaraldar, bataqlığa yuvarlanarsan...
Çox çətindir, elə deyil? Bu çətinliyi yaşamamaq, yaşatmamaq üçün qız övladına duz yükü kimi yox, Tanrının lütfü kimi baxmalıyıq. Qız övladını daha çox sevməli, daha çox qayğısına qalmalı, hər gün, hər saat qiymətli, dəyərli, əvəzsiz olduğunu hiss etdirməliyik.


Sonda bir nüansı da qeyd etmək istədim. Bu yaxınlarda Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi jurnalistlərin və bloqerlərin iştirakı ilə “Mediada gender həssaslığının artırılması” mövzusunda təlim təşkil edilmişdi. Tədbir iştirakçılarına üzərində qız övladları ilə bağlı tabuları alt-üst edən fikirlər yazılmış simvolik hədiyyələr təqdim etdilər. Mənim qismətimə isə “Qız yük deyil, bir nemətdir” yazılı hədiyyə düşdü. Bəli, özləri də bilmədən ən həssas nöqtəmə toxunmuşdular. Ancaq həyatda heç nəyin təsadüf olmadığına əminəm. Bəlkə də həmin hədiyyə mənim üçün yeni bir başlanğıcın mütləq olduğuna işarə idi...

Rumiyyə Miraslan



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar