SAĞALIR YARAN, VƏTƏN!

23 Noyabr 2020 23:44    811 Baxış   
SAĞALIR YARAN, VƏTƏN!

Dominant.az Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin (Mərcanlı) yei şeirini təqdim edir:

Gözlərin aydın, Vətən,
İlk dəfə Cəbrayılda
Qarı düşmən xar oldu.
Füzulidə “hay”ların
“Yuvası” tar-mar oldu.
Sənin Suqovuşanda
Qanın duruldu Vətən!
Hadurutda yadların
Bağrı yarıldı, Vətən!
Xudafərin, Zəngilan
Dikəlti öz qəddini.
Qubadlıda dağladıq
Namərd harsın oğlunun
Qarımış (i)rəddini.
Şuşada ərənlərin
Qanlarıyla yazıldı
Qəhrəmanlıq dastanın.
Zəfər müjdəli oldu
Ötüb keçən hər anın.
Laçında, Kəlbəcərdə
Ünyetməz dağın-daşın
Yenilməz səngər oldu.
Bu qeyrət savaşında
Say-seçmə oğulların
Cərgə-cərgə düzlənib
Müsəlləh əsgər oldu.
Ağdamdan hər tərəfə
Yayıldı azan səsi.
Könülləri oxşadı
Bir vaxtlar oba-oba
Xanın bağrından qopan
“Qarabağ şikəstəsi”...
Gec-tez müzəffər ordum
Bir gün qədəm qoyacaq
Yenidən Xankəndinə.
Al günəş nur saçacaq
Hər bərənə-bəndinə...
Var ol, ana Vətənim,
Sinəmizə sığmayan
Həm ürəksən, həm də can.
Qoy, üçrəngli bayrağım
Əbədi dalğalansın
Şəhid ucalığından...
Ta dilim gəlmir deyəm
Ağrıyır haran, Vətən?!
Məlhəmini ərənlər
Tapdılar Qarabağda,
Şükürlər olsun daha
Sağalır, sağalacaq
Köksündə illər boyu
Sızlayan yaran Vətən!!!
22.11.2020

BÖYÜK MƏRCANLI KƏNDİM

Sən bizim Cəbrayılın döyünən ürəyisən,
Ağoğlanın, Dirinin qatlanmaz “biləyisən”.
Şah vüqarlı xalqımın arzusu-diləyisən,
Düşmən bağrı çatladan şərəfli-şanlı kəndim -
Ağır elli-obalı Böyük Mərcanlı kəndim.

Qəriblikdə həmişə uca tutdum adını,
Unutmadım suyunun-çörəyinin dadını.
Yadlar qıra bilmədi qolunu-qanadını,
Alnı açıq, üzü ağ-Araz ünvanlı kəndim -
Ağır elli-obalı Böyük Mərcanlı kəndim.

Bir vaxtlar külə döndün, yağmalanıb talandın,
Fəqət öz varlığını nə gizlətdin, nə dandın.
Şəhid ucalığına döndü məsləkin-andın,
Qanımıza susayan düşmənlə qanlı kəndim -
Mərd ərənlər oylağı-Böyük Mərcanlı kəndim.

İllər boyu uzaqdan acıyırdım halına,
Həsrət qalmışdım sənin cığırına-yoluna.
Ta gəlirəm təzədən qovuşum vüsalına,
Qamətli, boy-buxunlu, dağlı-aranlı kəndim -
Taxtım-tacım, sarayım-Böyük Mərcanlı kəndim.

Gözlərin aydın, daha nur saçır yerin-göyün,
Öyün, zəfər müjdəli ərənlərinlə öyün.
Gəzir dildə-ağızda mərdliyin-böyüklüyün.
Yaylaq-qışlaq həvəsli, köçlü-karvanlı kəndim -
Qibləm-qibləgahımsan-Böyük Mərcanlı kəndim.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar