2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi yalnız iki qardaş ölkə arasında münasibətləri yeni mərhələyə daşıyan sənəd deyil, həm də Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın və regional əməkdaşlığın strateji yol xəritəsidir.
Dominant.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Regional layihələr və transsərhəd əməkdaşlıq: dayanıqlı sülhün iqtisadi əsasları” adlı panel sessiyada səsləndirib.
O bildirib ki, bu sənəd ortaq təhlükəsizlik, siyasi həmrəylik, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, nəqliyyat və logistika bağlantılarının gücləndirilməsi, eləcə də mədəni və insan əlaqələrinin inkişafı kimi geniş sahələri əhatə edən kompleks bir bəyanatdır.
"Xüsusilə Orta Dəhlizdən enerji dəhlizlərinə, nəqliyyat layihələrindən parlament diplomatiyasına qədər uzanan əməkdaşlıq bu sahədə dünyanın ən uğurlu nümunələrindən biridir. Ölkələrimiz və parlamentlərimiz arasında mövcud olan güclü iradə bu əməkdaşlığın daha da dərinləşəcəyinin aydın göstəricisidir",- deyə Ş. Ayrım vurğulayıb.