ŞƏHİD ASİMAN

12 Dekabr 2020 18:49    3273 Baxış   
 ŞƏHİD ASİMAN

Məktubunu alaram
Səni dərdə salaram
Səni, bil mən alaram
Mən, Asiman, Asiman!!!

Heca sayına, dil qaydalarına takıldınız, eləmi? Mən heç vaxt takılmamışdım. Çünki bu şeiri əsgər olaraq, ucadan oxuyurduq, əsgər vaxtımızda. Biz əsgər olanda məna yox idi, məzmun yox idi, dil qaydaları yox idi, heç qafiyə də yox idi. Siradan bir mahnı idi. Oxuyub bitirib gedib yatmaq üçün. Sıradan bir əsgər mahnısı...

Qırx gün olur ki, “Asiman” bizim üçün mahnı deyil, çox fərqli bir anlamdır, dəyərdir, zirvədir...

Qırx gündən çoxdur ki, biz “Asimanı”ı təkcə çağırmırıq, Asimana biət edirik, varlığından yoxluğuna açılan pəncərədə Asimanı görürük, Asiman deyib hay çəkirik, əvəzində asiman udur bizim səsimizi, vəssalam.

İlahi, bir insan şəhidliyə gedən yolda daha hansı mərhələlərdən keçməlidir? Əgər biz bilmədiyimiz hansısa mərhələ varsa, mütləq ki, Asiman onu da keçib. Xeyirli övlad, sevilən dost, cəfakeş qohum, hörmətli müəllim, əziz komandir... Bunlar Asimanın şəhidliyə gedən yoluymuş! Şəhidliyi təkcə qanıyla yox, adıyla , savadıyla, ağlıyla qazanırmış, mərhələ- mərhələ!

Pafosdan hamımız yorulmuşuq, üstəgəl Asimana heç pafos da yaraşmır, gəlin səmimi danışaq. Asimandan. Bizim Asimandan...

Şəhid Mayor Əliyev Asiman Vaqif oğlu. Ordubad rayonunun Düylün kəndində dünyaya göz açıb. Ordaca da böyüyüb, o gözəl, sakit kənddə orta məktəbdə oxuyub, Vətəni sevməyi Düylün məktəbində müəllimlərin dərsi ilə, öz dünyagörüşü ilə, atasının vicdanlı insaniyyəti ilə, anasının halal südüylə öyrənib!

Anası, mənim əmimuşağıdı. İndi bizi qohumluqdan ziyadə, adı Asiman olan şəhidlik zirvəsi birləşdirir. Əmimqızı bu zirvənin qayasıdı, daşıdı. Mən əgər bircə ovuc torpağı olsam, özümü xoşbəxt sayacağım zirvənin.

Bir müqəddəs cümə axşamı, bütün müqəddəslərdən müqəddəs şəhidimizin məzarı üstə gedirik. Bu mənimçün şərəfdir, uca, ali bir andır. Asimanın ziyarətinə Asimanın anasıyla, canından can olan bacısıyla bərabər gedirəm

Allah, sənə qurban olum, nə uca məqamdayam, şəhid anasını, şəhid məzarına aparıram! Nə müqəddəs andayam, şəhid anasıyla birgə, şəhid məzarındayam!

Qəm kədərdən uzaq
Yar üzünə soraq
Bizlərdən sizə qonaq
Asiman, Asiman...

"Dedi, ana, gedəcəm e, olmaz. Bu qədər döyüş gedir, bu qədər şəhid gəlir, mən getməsəm olarmı?- Dedim “ Get bala. Sağ get, salamat qayıt! Ama qayıt haa... Demədim ki, get gəlmə. Demədim ki, bizi özünə həsrət qoy...Vətən sağ olsun! Oğlum hər kəlməsində adın çəkdiyi, sevib əzizlədiyi vətən torpağına qurban oldu...Özü seçdi, özü istədi, oldu! İstəməzdim balam balalarından ayrılsın, ama başqa yolu yox imiş...Heç bir ana istəməz ki, balası ölsün! Amma mənim balam ölmüyüb ki, şəhid olub...”
Evdən ikinci şəhidlər xiyabanına kimi, ana deyir, deyir, qovrulur. O dayananda bacısı danışır. Onlar danışır, deyir,onlar dedikcə biz bircə kəlmə keçirdirik ağlımızdan, mübaliğəsiz, qeyd –şərtsiz : “Kaş ki, biz də şəhid olaydıq”
Asiman Naxçıvanski adına hərbi məktəbdə müəllim imiş. Anası danışır. Deyir ki, “mən özüm o məktəbə yaxın işləyirəm. Asiman hər gün səhər məni öz işimə qoyub, ordan öz işinə gedirdi.”
Ana danışır. Deyir ki, “Mən bilirdim, bilirdim ki, oğlumu o boyda məktəb necə çox istəyir.” Ana deyir ki, “Mənim balam tək o məktəbin yox, tayfanın, qohum-əqrəbanın ümid çırağıydı. Xəstəyə Asiman qaçırdı, halsıza Asiman yetirdi, dərdsizə Asiman dəvaydı...”
Bacısı danışır... Deyir ki, “Asiman kimi qardaş olmazıd. Mənim ən kiçik problemimdə Asiman yanımdaydı. Asiman məni qoruyurdu, həm məişətdə, həm həyatda tək dayağım Asiman idi.”
Qardaşı... Elsevər onsuz da, sentimentaldı. Onsuz da Asiman Elsevərin yaşamaq səbəbi, həyata bağlanma sevgisiydi. Qardaşından sonra bükülüb, çarəsiz qalıb, bilmir hara, hansı dərdə yetsin. Bilmr kimi hara göndərsin, kimi hardan qəbul etsin.
Qardaşı danışmır... Dinmir. Hərəkətiylə deyir ki, onsuz da Asimansız mən yoxam, nə danışım ki...Deyir kaş ki, bizi biz tək duyan ola.
Anası danışır. Deyir, “ Asiman şəhid olan gün, gördüm o məktəbdə hamı qıyya çəkdi, gördüm hamı ağladı, elə ağladı, elə ağladı ki, nalələri mənim iş yerimə gəldi.”
Anası deyir, “ Bildim... Bildim ki, o məktəb mənim balamçün, Asimançün çəkir bu qıyyanı.” Deyir, “ Ürəyimə damdı ki, Asiman şəhid olub. Bildim ki, Asimansız qalmışam...”
Bacısı ağlıyır... Danışır ki, Asiman az qala utanırdı, deyirdi dostlarım, yoldaşlarım hamısı cəbhədədi, hamısı döyüşür. Bu döyüş, bu savaş mənsiz olmaz- deyirdi...

Sevgi dolu ürəyim...
Sevgi dolu, biləyim,
Kaş üzünü görəyim
Görəyim, Asiman
Asiman mənim əmim nəvəsi idi. Qardaşını tanıyırdım, atasını, anasını tanıyırdım. Özünü yaxındn tanımırdım. Şəhid olanda tanıdım. Şəhid olanda onu bütün ölkə tanıdı!
Asiman mənim əmim nəvəsidir. İndi bircə Asimanı tanımaq bəsimdi. Heç kəsi tanımamaq, heç özümü tanımamaq da olar, Asimanı tanımaq bəsimdir!
NƏ YAXŞI Kİ, ASİMAN VAR! NƏ YAXŞI Kİ, ASİMANLAR VARDI!!!

Anası danışır. “Deyir hərbi məktəbdə kursantlar yemək yeməyib, neçə gün ac qalıblar...” Deyir, “Asiman “ ana mən gedirəm, inşallah şəhid olaram” –deyəndə mən ona yalvardım. Yalvardım ki, sağ-salamat qayıt gəl. Dedim ona... Dedim ki, mən Allah –taaladan üç övlad istəmişəm, iki oğul bir qız. İki oğlum tabutuma girsin, qızım dalımca ağlasın deyə. Sən olmasan, qardaşın təkmi girəcək mənim tabutuma? Axı mənim arzumu Allah taala yerinə yetirib, niyə sən pozmaq istəyirəsən ki, Asiman? Dedim, beləcə dedim... Bax onda söz tapmadı, susdu...”
Bacısı danışır: Deyir-“Mən onsuz da qardaşımla bərabər ölmüşəm, mənim öz həyatım getdi daha, bircə Allah imkan versin ki, qardaşımçün yaşıyım. Onun arzuları üçün yaşıyım, onun amalları üçün var olum...”
Dünən zəfər paradı idi. Böyük uğurumuzun, qələbəmizin paradı. Doğulduğu, böyüdüyü Düylün kəndinin facebook səhifəsində paylaşım edib Asimanın kəndçiləri:
"Dünən, zəfər paradında Asimanın da tələbələri təntənəli keçid ediblər. Arxa sıradakı iki yaşıl geyimlilər, iş yoldaşlarıdır. Öndə isə rəisləridir...”

Məktubunu yazaram
Səni hər an anaram
Sənin üçün yaşaram
Yaşaram, Asiman!

Indi şəhidlər anaların harayında, bacıların xatirələrində, qardaşların hekayətlərində yaşadığı qədər, kəndlərin, kəndlilərin yaddaşında da yaşayır. Facebook səhifələrində, qruplarda, votsap qruplarında yaşayır. Bunların hamısında eyni anda, hamısında eyni ad-sanla bir ömür yaşayacaq şəhidlərimiz var. An- an, xatirə- xatirə, söz –söz yaşayır Şəhidlər. Hər birimizin yaşlandığı, qocaldığı, öldüyü bu dünyada, ölümsüzlüyü öz ölümü ilə qazanır şəhidlər!
Asiman, bizim Asiman... Anasının bir dənəsi, bacısının dayağı, qardaşının kürək söykədiyi dostu, yoldaşı, atasının xeyirli övladı Asiman!
Balalarının atası, ömür –gün yoldaşının sevgilisi Asiman...

İndi artıq bütün ölkənin, bütün Vətənin, bütöv Azərbaycanın övladı Asiman!

Şəhid Asiman!
Ruhun şad olsun!

Çingiz Özgür



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar