"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"

25 Fevral 2021 16:10    1057 Baxış   
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"

Ermənistanda hərbi çevriliş cəhdi - Baş Qərargahın baş naziri istefaya çağırması, Paşinyanın xalqı meydana səsləməsi Azərbaycan cəmiyyətində də bir sıra suallar doğurdu. Maraqlıdır, Paşinyan devriləcəkmi, çevriliş baş tutacağı təqdirdə, Ermənistanda hakimiyyət dəyişikliyinin Azərbaycana nə kimi təsirləri ola bilər?

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli Dominant.az-a müsahibəsində məsələ ilə bağlı suallara aydınlıq gətirib.




- Anar bəy, Ermənistanda hakimiyyət çevrilişinə cəhd var. Paşinyanın devrilməsi real görünürmü?

- Ermənistanda hakimiyyətin güc və zorakılıq vasitəsi ilə dəyişdirilməsi artıq adi hal alıb. Burada təəccüblü bir şey yoxdur. Maraqlı cəhət odur ki, Ermənistanın siyasi qüvvələri hər dəfə küçədən gələn təzyiqlə dəyişdikləri hakimiyyəti eyni şəkildə göndərir, lakin düz-əməlli bir nəticə əldə etmir. Ölkə necə ağır ictimai-siyasi və sosial-iqtisadi vəziyyətdə yaşayırdısa, daha da betər vəziyyətə yuvarlanmaqdadır. Ermənilərin öz səhvlərindən dərs almamaq kimi milli xüsusiyyətləri burada da özünü göstərir.

Paşinyanın devrilməsi Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra olmadısa, indi olma ehtimalı azdır. Ancaq onun iqtidarda qala bilməyəcəyini, gedəcəyini ehtimal etsək belə, bu, o demək deyil ki, Paşinyanın partiyası, mənsub olduğu siyasi düşərgə də gedəcək. Əgər xalq kütlələrinin bir hissəsinin etirazları güclənərsə, ola bilər ki, Paşinyan şəxs olaraq çəkilsin, lakin onun partiyası hakimiyyətdə qalsın. Onların Ermənistan cəmiyyətində yetərincə dəstəyi var və küçədəki etirazçılardan sayca da, resurs baxımından da geri qalmırlar.

- Əgər çevriliş baş versə, yaranacaq vəziyyət Azərbaycanın lehinə olacaq, yoxsa əleyhinə?

- Çevrilişin baş vermə ehtimalı azdır. Lakin belə bir hal olsa, Azərbaycanın bundan necə təsirləndiyi orada kimin hakimiyyətə gələcəyindən asılıdır. Dediyim kimi, Paşinyan individual şəkildə gedər, amma partiyası qalarsa, o zaman bizim əleyhimizə elə də bir ciddi məsələ olmayacaq. Onun siyasi qüvvəsi elə indiki siyasətin eynisini həyata keçirəcək. Yəni bizimlə və Rusiya ilə imzaladıqları sənədə uyğun hərəkət edəcəklər. Ancaq çox cüzi ehtimal olan anti-paşinyan koalisiyası gələrsə, o zaman Azərbaycana qarşı hansısa cəhdlər ola bilər, lakin uzun ömürlü olmaz. Çünki koalisiyanın bütün qüvvələrini birləşdirən məsələ Paşinyana qarşı olmalarıdır. Bu birləşdirici məsələ olmayanda, koalisiya öz gücünü və birliyini itirəcək. O zaman əmin olun ki, ilk seçimdəcə yenidən Paşinyanın siyasi tərəfdarları hakimiyyətə gələcəklər. Hətta Paşinyansız olsa belə.

Bu mənada, Ermənistandakı istənilən dəyişiklikdən bizə gəlmə ehtimalı olan təhlükə elə də yüksək deyil. Əksinə, Ermənistanın özünə isə çox böyük təhlükə var. Ölkə parçalana, xaosa qərq ola bilər. Bu isə Türkiyə və Gürcüstana tərəf üz tutacaq yüz minlərlə qaçqının olması, silahlı quldur dəstələrinin qanlı fəaliyyətinin xortlaması, hərbi və bəşəri cinayətlərin tüğyan eləməsi deməkdir. Bəzi ölkələr bu vəziyyətdən istifadə edib, oranı nəzarətinə keçirmək və qonşu ölkələrə təzyiq məkanı kimi istifadə etmək istəyə bilər. Nə qədər paradoksal səslənsə də, deməliyik ki, belə bir vəziyyətdə Türkiyə ilə Azərbaycan hər səviyyədə Ermənistanı xarici qüvvələrin və daxili xaosun məngənəsindən qurtarmağa çalışmalıdır. Bizim ölkələr bunu etməsə, Ermənistan ərazisində beynəlxalq imperializm və terrorizm yuvasının yaranması ehtimalı çox yüksəkdir.

İndi Ermənistanda da, Gürcüstanda da eyni vəziyyət hökm sürür. Hər ikisində də Rusiya yanlı insanları içəri atırlar. Hər ikisində də hərbidən olanlar iş başına gəlir. Daha əvvəl verdiyim proqnozum bu idi ki, Qarabağ müharibəsindən sonra Ermənistan və Gürcüstan sürətli şəkildə NATO və Avropa Birliyinə daxil olacaq. Azərbaycan isə bir müddət hələ Rusiya ilə tandemdə qalacaq. Sadəcə bu tandemdə tək olmamaq üçün Türkiyəni də prosesə daxil edəcək. Ermənistanda əgər çevriliş olacaqsa, bu antiazərbaycan yox, antirusiya çevrilişi olacaq, daha doğrusu, 2018-ci ilədəkinin davamı baş verəcək.

Məsələ təkcə Ermənistan məsələsi yox, Qafqaz ölkələrinin taleyi və gələcəyidir. Ümumiyyətlə Rusiyanın cəngindən qurtulmaq üçün Qafqaz ölkələrinin NATO-ya üzv olması çox vacibdir və mütləqdir.

- İndiki məqamdan istifadə edərək ordumuz öz mövqelərində irəliləyə bilərmi? Məsələn, Xankəndiyə girə bilərmi?

- Xankəndiyə girmək üçün hansısa məqamı, ya da fürsəti gözləməyimizə gərək yoxdur. Biz “fürsət, bu fürsət” deyəcək qədər cılız dövlət deyilik. Xankəndiyə noyabrın 10-da da girə bilərdik, ancaq hərbi-siyasi reallıq bizim xeyrimizə olduğu üçün daha çox itki vermədən həm 3 rayonu, həm də ümumi anlaşmanı əldə etmək üçün Xankəndidə sülhməramlıların missiyasına icazə verilməsi daha doğru addım idi. Məsələ bundadır ki, bu addımın arxasınca gələcək addımlar da önəmlidir. Məhz bizim bir dövlət olaraq sonrakı addımlarımızdan asılıdır ki, Xankəndiyə nə vaxt və necə girəcəyik.

Bu mənada, Ermənistanda baş verənlərlə Xankəndiyə ordumuzun girməsini ayırmaq lazımdır. Çünki Ermənistandakı vəziyyətin necə dəyişməsindən asılı olmayaraq oradakı siyasi və hərbi qüvvələrin Dağlıq Qarabağa təsiri gedərək minimuma, yaxın perspektivdə isə sıfıra bərabər olacaq.

Paşinyan qarşısında duran bir məsələnin əslində öhdəsindən gəldi: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini Rusiya-Azərbaycan məsələsinə çevirə bildi. İndi bizim edəcəyimiz isə budur ki, ən yaxın zamanda Dağlıq Qarabağ məsələsi tamamilə Azərbaycanın daxili məsələsi olaraq hamı tərəfindən qəbul edilsin.

Qaldı ki Ermənistandakı vəziyyətdən necə istifadə edə bilərik, bunu indi demək çətindir. İstənilən gedişata hazır olmalıyıq ki, qəfil yaxalanmayaq. Bunu isə tək başına deyil, Türkiyə ilə birlikdə düşünməliyik.


Xanlar Əlizadə



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar