Vicdanın labüd etdiyi savaş

07 Oktyabr 2020 18:16    748 Baxış   
Vicdanın labüd etdiyi savaş
30 ildən çoxdur ki, Qarabağ savaşındayıq... ​

Bu illər ərzində iki nəsil yetişdi və böyüdü. Həmin nəsillər bu gün müstəqil Azərbaycanın vətəndaşlarıdır. Bu illər ərzində torpaqlarımızın uzun zaman işğal altında qalması işğal psixologiyasını formalaşdırdı. Bu psixologiyanın təsiri yalnız torpağını itirmiş insanların vətən həsrəti ilə bitmir. Müharibədən zərər çəkən insanlar məğlubluq kompleksi içində yaşamağa başlayırlar...

Bəlkə də möhkəm psixologiyaya sahib bir nəsil üçün bu, o qədər də qorxulu deyil, öhdəsindən gələ bilir, amma gənc nəsil üçün həmin kompleks travmaya çevrilir.

Uşaqların beynində yaratdığı travmalara görə müharibə və işğal işğalçıdan daha çox günahkardır. Bu gənclik üçün qəsbkar erməni obrazı yoxdur. ​ Əksinə, düşmən obrazının (erməni qəsbkarı) şüurlarda yaşamasını təmin edən vətənpərvərlik duyğusu onun üçün qəbuledilməzdir. Çünki düşmən erməni obrazı daim onları travmalı yerlərindən vurur.

Müharibələr müxtəlif olsa da, onların acı nəticələri, vurduğu travmalar eynidir. Ən çox dayanacaqları və istinad edəcəkləri avanqard qüvvə isə məhz işğal bölgəsindən çıxan travmalı gənclik oldu.

Son günlər özünü pasifist hesab edən insanlara və onlara haqq qazandırmağa çalışanlara rast gəlirəm. Açığı, bu məsələdə çox ciddi şəkildə yarımçıqlıqlar var. Deyəsən bizimkilər pasifist anlayışının mahiyyətini tam anlamı ilə bilmirlər. Pasifistlər istənilən məsələnin silahla həllini qəbul etmir və özləri də heç vaxt silah istifadə etmirlər. Lakin bu onların vətəni qorumaq fikrindən uzaq olduğu anlamına gəlmir, əziz azərbaycanlı pasifistlər. Məncə, buna ən gözəl misal amerikalı Dossdur.

2016-cı ildə çəkilmiş, 2017-ci ildə ən yaxşı film və ən yaxşı kişi rolu nominasiyası üzrə Oskar almış, baş rolda Mel Gibsonun çəkildiyi amerikan filmi, məncə, bu psevdobəşəriyyətçilərə və sözdə pasifistlərə ən gözəl cavabdır. Filmin real həyatdan alınmış ssenarisi alman əsilli amerikan Dossun İkinci Dünya Savaşında Amerika - Yaponiya müharibəsinə könüllü qatılmasına və göstərdiyi şücaətə həsr olunub. Pasifist Doss vətəni Amerika üçün savaşlr - amma silahsız. Ona verilən suala – “mən bilirəm yaponlar şeytandır və dövlətimi onlardan qorumaq istəyirəm” deyir. Bütün çətinlikləri aşır və nəhayət, hərbi tribunalda öz konstitusiya hüququnu bərpa edir: Vətəni bacardığı kimi qorumaq hüququnu.

Hansı prinsipin daşıyıcısı olursunuz olun, amma vətəndaşlıq məsuliyyətinizi yerinə yetirin! Bax vətəndaşlıq budur, Dossun etdikləridir, əzizlərim.

Pasifist də ola bilərsiniz, istədiyiniz dinə, inanca və siyasi dünya görüşünə malik ola bilərsiniz, amma bu sizin xalqa qarşı çıxmanıza haqq qazandırmır, Dövlətə olan vətəndaşlıq borcunuzu yerinə yetirməyinizin üstündən xətt çəkmir.

Bu bir Vicdan məsələsidir. Maraqlıdır ki, filmin adı müxtəlif dillərə fərqli tərcümə olunur, rusca tərcüməsi məhz vicdanla bağlıdır.

​ ​İki həqiqət var ki, hansı prinsipi daşıyırsan daşı, bu həqiqətin üstündə ola bilməz. Birincisi, ​ biz işğal olunmuş torpaqlarımız, yəni bizdən alınan torpaqların geri qaytarılması üçün savaşırıq, başqasının torpağına göz dikməmişik, ​ durduq yerə kefimizdən müharibəni başlatmamışıq ki, belə bir təbliğat aparılsın.

İkincisi, bu savaş Azərbaycan xalqını son illərdə heç olmadığı qədər yumruq kimi birləşdirib. Bu savaşın atəşli vaxtında müxtəlif siyasi partiyaların da eyni mövqedən çıxış etməsi buna tam sübutdur və Ordumuza dəstəkdir. Bu iki həqiqət yetər ki, gələcəyin güclü Azərbaycan vətəndaşı olmanın təməli qoyulsun.

İstər sülh şəraitində, istərsə də, savaş dönəmində hər bir vətəndaş üçün​ Dövləti qorumaq vicdan məsələsidir.

Məhz vicdan əsl həqiqətdir. Başlamadığımız, lakin bitirmək məcburiyyətində olduğumuz bu​ savaş isə, doğrudan da, vicdan məsələsidir.

Nə olursunuz olun, VİCDANSIZ olmayın!

Anar Əsədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar