Xocalıda əsir düşən ahıska türkü: “Ermənilər deyirdilər ki, sizi diri-diri torpağa basdıracağıq”

26 Fevral 2023 14:02    3724 Baxış   
Xocalıda əsir düşən ahıska türkü: “Ermənilər deyirdilər ki, sizi diri-diri torpağa basdıracağıq”

“Ermənilər deyirdilər ki, siz bura bizimlə döyüşə gəlmisiniz, sizi diri-diri torpağa basdıracağıq”.

Bu sözləri Xocalı faciəsinin qurbanlarından biri, əslən ahıska türkü olan Mehriban Ramiz qızı Bəkirova deyir.

“Report”un Qərb bürosunda müsahibəsində Xocalıda əsir düşən qadın həmin anları dəhşətli və insanlığa sığmayan bir tarix kimi xatırladığını bildirib.

Mehriban Bəkirovanın valideynləri Gürcüstandan Beyləqan rayonuna köç edən ahıskalı türklərdəndir. O, Abdulla Həmzəyevlə ailə həyatı qurduqdan bir müddət sonra 3 övladı ilə birgə Xocalıya gedir. Orada yoldaşı öncə traktor sürücüsü kimi çalışır. Müharibənin qızğın vaxtlarında qorxmadan, çəkinmədən könüllü dəstələrlə birgə düşmənə qarşı döyüşlərdə iştirak edir. Mərdliyinə görə onu polis kimi işə götürürlər və Xocalı aeroportunda çalışmağa başlayıb. Sonra isə Ermənistan silahlı qüvvələrinin hücümu zamanı qəhrəmancasına şəhid olub.

Mehriban isə evdar qadın olub və Xocalının işğalını, əsir düşərək yaşadığı əziyyəti göz yaşları ilə xatırlayır:

“Fevralın əvvəllərindən vəziyyət gərginləşmişdi. Ara-sıra atışma olurdu. Bir dəfə yaşadığımız evin həyətində olan mətbəxə mərmi düşdü. Yoldaşım o vaxt Xocalıdakı rəsmi şəxslərə bildirdi ki, hər kəsə köməklik edək, zirzəmi hazırlayaq ki, belə hadisələr olanda qadınlar, uşaqlar orada gizlənsinlər. Elə səhərisi gün ahıskalı türklərin kompakt yaşadığı həmin küçədə və digər yerlərdə zirzəmilər qazıldı. Biz də atışma səsləri gələn zaman uşaqlarımızı da götürüb həmin zirzəmidə saxlanırdıq. Qızım da elə fevralın 23-də həmin zirzəmidə dünyaya gəldi. Yoldaşım dedi ki, əgər Xocalı azad olsa, qızın adını Azad qoyacağam, olmasa digər qızımın adı Güneldi, ona oxşar ad olsun deyə Günay qoyarıq.



Fevralın 25-dən 26-a keçən gecə Xocalıya güclü hücüm oldu. Biz həmin axşamı zirzəmidə saxlanmışdıq. Yoldaşımı sonuncu dəfə övladım dünyaya gəldiyi gün görmüşdüm. O, yanımızda deyildi, döyüşə getmişdi, dörd uşaqla birgə o zirzəmidə nə edəcəyimi bilmədən gözləyirdim. Ermənilər hər tərəfə atəş açmağa başlamışdı, bu vaxt iki nəfər yaşlı kişi (onlardan biri axıskalı türk, digəri Xocalı sakini olub) dedi ki, ağ bayraq qaldıraq, bildirək ki, zirzəmidə körpə uşaqlar var, buraya atəş açmasınlar. Elə mənim uşağımın ağ mələfəsini götürüb zirzəmidən çıxdılar, ermənilərə dedilər ki, qadınlara və uşaqlara toxunmasınlar, icazə versinlər ki, meşəlik ərazidən çıxıb getsinlər. Lakin ermənilərin içərisində komandir olan orta yaşlı bir nəfər onları avtomatla güllələyib qətlə yetirdi. Sonra zirzəmiyə tərəf qumbara atdı. Qəlpədən içərimizdə olanlardan bəziləri öldü, bəziləri də xəsarət aldı. Yanındakı ermənilərə əmr verdi ki, qalanlarını zirzəmidən çıxarsın. Onlar təpiklə, yumruqla bizi çıxardılar çölə.

Qucağımda üçgünlük körpə, kürəyimdə 1 övladım, yanımda isə 2 övladım soyuqda ayaqyalın şəkildə qarda zorla yeriyərək çıxdım küçəyə. Hamımızı yığdılar bir yerə. Dedilər, bizi aparacaqlar Xankəndiyə. Bu vaxt bir də gördüm ki, ağ “NİVA” dayandı, bir qadın içərisindən düşdü və ermənilərə nəsə dedi, sən demə, zirzəmidə 2-3 günlük körpə uşaq tapıb, kimin olması ilə maraqlanır. Bu vaxt yanımdakı qadın dedi ki, bəlkə sənin uşağındır, əlindəki adyalı açıb bax gör, uşaq ordadırmı? Zorla bükülmüş adyalı açıb baxdım ki, boşdur. Sən demə, zirzəmidən çıxanda uşaq adyaldan sürüşərək düşüb. O cür vəziyyətdə bundan xəbərim olmayıb. Sən demə saatlardır qucağımda, içərisində körpəm olduğunu düşünərək qoruyub saxladığım adyal boş olub. Elə sonradan adının Viktoriya olduğunu bildiyim rusiyalı jurnalist və fotoqraf olan qadın uşağı mənə verdi.



Hardasa 60-70 nəfər olardıq, bizi apardılar Xankəndiyə. Orada idarəyə oxşayan bir yerdə, beton döşəməsi olan otaqlara doldurdular. Bəzi əsirləri seçib, başqa yerə apardılar. Bizim olduğumuz otaqda sadəcə bir qadın Xocalıdan idi, qalan hamımız ahıskalı türklər idik. Bizə çox qəddar davranırdılar, sonradan Viktoriya ora gəldi və onun xahişi ilə bizə çox işgəncə vermədilər. Bir erməni orada məndən həyat yoldaşımın harada olduğunu soruşdu. Mənsə onun polis olduğunu danmağa çalışdım ki, bilib mənə, uşaqlara dəyməsinlər. Yalandan dedim ki, tikintidə çalışır və harada olduğunu bilmirəm. Bu zaman onlardan biri avtomatın qundağı ilə mənim üzümdən vurdu, dişlərimi qırdı. Əsəbi şəkildə qışqıraraq cibindən evimizdə olan toy şəklimizi çıxardıb göstərdi ki, bu, sənin ərindir. Sonra polis formasında olan kiçik bir fotosunu da göstərdi və dedi ki, sənin ərin bizimlə döyüşməyə gəlib. Başladılar sonra məni hədələməyə ki, sən ərinin yerini bizə de, biz də səni və uşaqlarını buraxaq. Yoxsa sizi diri-diri basdıracağam. Mən də “bilmirəm” deyən kimi, döyməyə başladılar. Sonradan Viktoriya bizə köməklik etdi. Bir gün mənə kolbasa və çörək gətirdi ki, ye, sənin körpən var, ona süd verməlisən. O, bizə çox köməklik etdi.

Ümumiyyətlə, orada ahıskalı türklərə qarşı xüsusi amansızlıqla yanaşırdılar. Əhməd adında bir ahıskalı türkü qəbiristanlığa aparıb orada başını balta ilə kəsiblər. Ailəsi də mənimlə birgə əsir düşmüşdü, onlara da işgəncə verirdilər, amma Viktoriya sonradan bizə pis rəftar olunmamasını xahiş etmişdi. Bizi arada döyə-döyə çölə çıxarırdılar. Ac və susuzluqdan mədəmizə bir şey getsin deyə, özümüz və uşaqlarımız yerdən qar götürüb yeyirdik. Çox acınacaqlı vəziyyətdə idik. 10 gün orada qaldıq. Bəzi əsirləri döyərək öldürürdülər, bəzilərini harasa aparırdılar, sonra bilirdik ki, başlarını kəsiblər. Ahıskalı türk olan bir nəfəri diri-diri yandırmışdılar. Bir neçə gün sonra bizə dedilər ki, hazırlaşın, qaytarırıq sizi. Biz inanmırdıq buna. Elə bilirdik ki, bizi öldürməyə aparırlar. Amma sonra bildim ki, Milli Qəhrəman Allahverdi Bağırovun köməyi ilə bizi qaytarırlar.



Xankəndidən Ağdama tərəf gətirdilər, baxdım ki, Viktoriya da oradadır. Gəldi yanıma, mənə çəkmə və 50 rubl pul verdi. Dedi ki, Ağdamda qalmayın, bu gecə oraya hücüm olacaq, çıxın. Sonra da balaca kağıza öz telefon nömrəsini yazıb verdi ki, onunla əlaqə saxlayım. Halsız, ac-susuz idim, yeriməyə belə taqətim yox idi, əsgərlər qucaqlarına alaraq bizi Ağdama gətirdilər. Orada qardaşım, bir də qayınatamı gördüm. Amma yoldaşım yox idi. Elə axşam qarışmışdı ki, atışma başladı, bizi tez oradan çıxardılar. Gəldik Beyləqan rayonuna, orada xəstəxanaya yerləşdirdilər bizi.

Qardaşımdan maraqlandım ki, Abdulla haradadır, ondan xəbər varmı? O zaman dedilər ki, Abdulla Ağdamda gedən döyüşdə şəhid olub. Düşmən snayperinin açdığı atəş nəticəsində döyüş yoldaşının başından çıxan güllə ona dəymişdi. Qızğın döyüşlər getdiyinə görə, onun və digər şəhidlərimizin nəşini ordan çıxara bilməmişdilər. Sonradan onun nəşini oradan çıxardıb, gətirdik və Beyləqanda dəfn etdik.

Oğlum qəlpə yarası almışdı, üçgünlük körpəm isə bərk soyuqlamışdı. Sonradan körpəmin səhhəti pisləşdi. O, xəstəlikdən 18 yaşında dünyasını dəyişdi. Onu da atasının yanında dəfn etdik.

Viktoriya illər sonra bizi axtarıb tapdı. O, buraya gələndə qızım yaşıyırdı. Dedi ki, sənə köməklik edəcəyəm, qızını Moskvaya aparıb müalicə etdirəcəyəm. Amma qismət olmadı. O, getdikdən bir neçə gün sonra qızımın halı daha da pisləşdi və dünyasını dəyişdi”.

Qeyd edək ki, Viktoriya İvleva rusiyalı jurnalist olub. O, Xocalının Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra orada qadınlar və uşaqların çoxluq təşkil etdiyi əsirlərin fotolarını çəkib.

Jurnalist ahıskalı türklərin çoxluq təşkil etdiyi əsirlərlə bağlı qeydlərində yazır:

“Türklərin həmin böyük kütləsinin sonunda üç uşaqlı bir qadın hərəkət edirdi. O, qarda ayaqyalın addımlayırdı, çətinliklə hərəkət edir və tez-tez yıxılaraq düşürdü. Sonra məlum oldu ki, onun ən kiçik uşağı iki gündür doğulub. İki gün! Mən uşağı əllərimə götürdüm və türklərlə birlikdə addımlamağa başladım. Biz hər ikimiz – mən və o qadın ağlayırdıq. Zülmət, iri kütlə… Geyimim məni türklərdən ayırsa da, mən bir neçə dəfə daha tez yerimək üçün kötək zərbəsi və söyüşə məruz qaldım. Təhlükədə olmadığımı bilsəm də, bir anlıq həmin vaxt mən özümü əsir kimi hiss etdim. Heç kəsə bu cür vəziyyətə düşməyi arzulamazdım”.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar