Yüz yaşında görüşənədək...

23 Dekabr 2020 11:31    779 Baxış   
Yüz yaşında görüşənədək...

Əgər şifahi xalq yaradıcılığını nəzərə almasaq, Yardımlıda yazılı ədəbiyyatın tarixi elə də qədim deyil. Bu yurdun ilk şairləri- Sahib Əliyev, Mirzəli Cəfər, Zöhrab Zevinli, Sabir Rüstəmxanlı, Maşallah Məftun XX əsrin 60-cı illərindən yazıb yaratmağa başlayıblar. Onların arasında ən məşhuru isə xalq şairi Sabir Rüstəmxanlıdır. Beləliklə digər bölgələrlə müqayisə edəndə Yardımlıda poeziyanın tarixi çox gəncdir...

Sevindirici haldır ki, artıq bu rayonda da yaradıcılıqla məşğul olan insanların sayı gün-gündən artıb, çoxalır. Və onların arasından peşəkar səviyyədə qələm adamları yetişməkdədir. Bu gün sizə onlardan biri- AYB-nin üzvü, şair Fikrət Şahbazlı haqqında söhbət açmaq istəyirəm. Əvvəlcə şəxsi keyfiyyətləri barəsində. Çünki O, şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşən şairlərdəndir...

Fikrət bir insan kimi çox sadə, təvazökar, qayğıkeşdir. Dostlara qarşı diqqətli, mehriban, gülərüzdür. Yerində, zamanında zarafat etməyi bacarır və bu onda duzlu-məzəli alınır. Qonaqpərvərdir, dost yolunda rahatlığından, varından keçə bilir, dözümlü və səxavətlidir...

Sizə bir sirr açım, rayonda, yaşadığı evin həndəvərində balaca bir dükan işlədir. Tərtib etdiyi “borc dəftəri”nə baxanda adamın gözləri qamaşır, bəlkə də bir maşının qiyməti qədər onda-bunda pulu var. Necə deyərlər, nə çatar, nə də batar...

Fikrət Şahbazlının yaradıcılığına gəldikdə isə bəziləri kimi uzun-uzadı, pafoslu danışıb, ay nə bilim, Füzuliyə, Nizamiyə, Mirzə Ələkbər Sabirə, Əliağa Vahidə və s. poeziyanın ən yüksək zirvələrini fəth etmiş şairlərə bənzədib, yalan danışmağa dəyməz. Heç kim məndən inciməsin, Azərbaycanda şairlər var, amma dahiləşə bilmirlər. Çünki dahilər harada dünyaya gəlmələrindən, hansı millətə mənsub olduqlarından asılı olmayaraq bəşəriyyətin inciləri sayılırlar...

Bəli, Fikrət Şahbazlı da yazır, poetikası, bədii tutumu, texniki göstəriciləri yerli yerində. Onun da öz oxucuları, heyranları var. Şeirlərindən nümunə gətirib, söhbətimi məcrasından çıxarmaq istəmirəm. Axı bu gün şeir vaxtı deyil, Fikrət Şahbazlının nə çox, nə də az- 60 yaşı tamam olur, yubileyidir. Belə əlamətdar günlərdə arzu və istəkləri dilə gətirərlər...

Əziz qardaşım Fikrət, elə bir dovrə gəlmişik ki, pandemiya dünyada tüğyan edir. Neçə-neçə canlar alıb. Bu gün harada yaşamaq, hansı peşə sahibi olmaq vacib deyil, hər kəsə hər şeydən əvvəl sağ qalmaq önəmlidir. Allahdan Sənə və əzizlərinə möhkəm can sağlığı arzulayıram. Yüz yaşında görüşənədək, Allaha əmanət ol!
60 yaşın mübarək!

Hörmətlə, Elman Eldaroğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar