2030-cu ilə qədər MDB qalacaqmı?

04 Yanvar 2021 18:00    446 Baxış   
 2030-cu ilə qədər MDB qalacaqmı?

Bu günlərdə MDB dövlətləri özlərinin növbəti sammitini keçirdilər - əlbəttə ki, onlayın rejimdə. Amma bizim diqqətimizi daha çox bu detal cəlb etdi ki, birincisi, Özbəkistan öz sədrlik missiyasını başa çatdıraraq yerini Belarusa verdi, ikincisi, Birlik üzvləri 2030-cu ilə qədər özlərinin strategiyalarını qəbul etdilər.

Gülməlisi, həm də düşündürücü nədir? Belarus hakimiyyətinin, yəni cənab A.Lukaşenkonun növbəti ili başa vurub-vurmayacağı çox böyük şübhə altındadır, çünki Belarusbaşı ötən ili birtəhər yola salsa da, əvvəlki illərdən fərqli olaraq müxalifətin etirazları bitmir.

Həm də ki, cəmi 16 gündən sonra ABŞ-da hakimiyyət kürsüsünə oruracaq cənab Co Baydenin də ilk zərbəni məhz Belarusa tuşlayacağı güman edilir, ona görə yox ki, Lukaşenko amerikalıları təngə gətirib, həm də ona görə ki, Belarus Rusiya imperiyasının çox zəif yeridir və əgər Vaşinqton Kiyev kimi Minski də Moskavanın təsirindən qoparsa, bu olacaq tamamilə başqa bir aləm – bəli, bu halda demək olacaq ki, nəinki real olaraq rus imperiyası, həm də MDB bütünlüklə çökdü...

İndi hər şey ondan aslıdır ki, Bayden ona ünvanlanan ümidləri doğruldacaqmı, həm də 78 yaşlı qoca Ağ Ev sahibinin buna ömrü çatacaqmı? Hər halda, hamı ümidlidir – kənarlarda insanlar ümid edir, Kremlin özündə isə təlaş yaşanır.

Düzdür, baxıcılar, ekstrasenslər ərz edir ki, Bayden cənabları öz prezidentlik müddətini axıra qədər başa vura bilıməyəcək. Amma düşünürük ki, bu, probem deyil, qoca siyasət adamı özündən sonra elə özündən də daha radikal olan bir vitse-prezident qoyub gedəcək ki, onun ermənipərəstliyi və anti-türkçülüyü indidən bizi bir az narahat edir.

Amma yenə də düşünürük ki, Baydenin siyasi varisi daha çox öz sələfinin siyasətini davam etdirməli və əsas təzyiqi Rusiyaya və İrana qarşı yönəltməli olacaqdır. O ki qaldı bu xanımın kaliforniyalı olmasına, Nikol ABŞ-da olarkən hətta Kaliforniya ştatının meri onu qəbul etməmiş və bu işi öz müavininə həvalə etmişdi – bir sözlə, böyük siyasət çox qəliz məsələdir, ermənilərin güman etdiyi kimi deyil...

Bilirsiniz, bu vaxta qədər ços siyasi alyanslar, formullar və birliklər çöküb. Hamısı haqqında da deyilib ki, səbəb daxili ziddiyyətlər oldu. Güman, eyni sözləri MDB haqqında da deyəcəklər. Bunu kənarda "Rusiyadan "boşanma”nın yumşaq modeli” adlandırsalar da, əslində o, Rusiyanın növbəti geosiyasi ambisiyalarını reallaşdırmalı idi. Elə belə də oldu: Moskva MDB–nin köməyilə keçmiş sovet ölkələrinin bir qismini öz ətrafında saxlaya bildi, amma bircə müddətə.

Tezliklə Alyans daxilində siyasi polyarlaşma baş verdi və GUAM yarandı, daha sonra da üç GUAM ölkəsi Moskvaya "əlvida!” deyib üz tutdular düz Avropaya tərəf! İnsanlar, xüsusən də siyasi təhlilçilər arabir gileylənirlər ki, bəs Qərb keçmiş sovet ölkələrilə, ümumiyyətlə, maraqlanmır. Amma belə deyil. Üç GUAM ölkəsinin MDB-dən qopması elə həm də Qərbin fəaliyyətinin nəticəsi deyildimi? Ötən əsrin 90-cı illərində ABŞ-ın geosiyasi ideoloqu Z.Bjezinski diqqəti Kiyevə yönəltdi və müəyyən zamandan sonra Ukraynada silsilə Maydanlar baş verdi...

İndi ən əsas məsələ Belarusdur, hərçənd, ABŞ-ın təzyiqinin Mərkəzi Asiya ölkələrinə yönələcəyini deyənlər də var. Məsələ bundadır ki, bir neçə ildir, Vaşinqton trans-Xəzər marşrutu üzərində işləyir və hələ ötən illərdə deyilirdi ki, Ağ Ev buna görə Mərkəzi Asiya ölkələrinin liderlərinə də təzyiqlər edir və onları bank hesablarını donduracağı ilə hədələyir. Hətta Qazaxıstan lideri Nursultan Nazarbayevin məhz buna görə hakimiyyətdən getdiyi təxmin edilir.
Bəli, Belarusun da Rusiyanın nəzarətindən çıxması heç də az effekt yaratmaz, çünki bu halda Moskva bir-iki Mərkəzi Asiya ölkəsilə qalacaq, hansılar ki, ilk fürsətdə Türkiyəyə istiqamət götürəcəklər.

Düşünürük ki, Kremldə də bunun tam fərqindədirlər, hətta Moskvanın ötən il Dağlıq Qarabağ müstəvisində müəyyən neytrallıq nümayiş etdirməsini, Azərbaycana öz işğal olunmuş torpaqlarının bir hissəsini qaytarmağa imkan verməsini də bu amillə yozanlar var.
Qərəz, bütün hallarda Rusiya imperiyasının da, onun tərtibatı kimi çıxış edən MDB-nin də qürubuna çox qalmayıb və Kremldə baş düşürlər ki, Türkiyəylə, türk respublikalarıyla dostluq etmək lazımdı, əsk təqdirdə hər şey kəllə-mayallaq ola bilər...

Hüseynbala Səlimov



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar