Təlxək blogerlərə sevgi bəsləyən gənclik kimlərə lazımdır?

18 Aprelel 2022 10:42    26941 Baxış   
Təlxək blogerlərə sevgi bəsləyən gənclik kimlərə lazımdır?

Maraqlıdır, hazırda Ukraynada aparılan Rusiya-ABŞ müharibəsi ərəfəsində bir rus blogeri Azərbaycana gəlir, ABŞ məhsulu olan (İphone) telefonu hədiyyə edəcəyini bəyan edir və Azərbaycan vətəndaşlarını küçələrə tökür...

- Bloger Hüseyn Həsənov hansı ölkənin vətəndaşıdır? - Rusiyanın...

- Blogerlə onun fanatları arasındakı izdihamlı və arzuolunmaz görüşün sosial şəbəkələrdəki müzakirəsi zamanı insanların əsas hədəfi nə oldu? İslam... Facebookda hər 10 statusdan 8-i İmam Hüseynlə bloger Hüseynin eyniləşdirilməsinə yönələn ironik paylaşımlardır. Bu, hansı ölkənin maraqlarına cavab vermir? İranın...

Fanatlar cahil kütlədən təşkil olunsa da, İslamı hədəf alanlar ölkənin jurnalist heyəti və ictimai-siyasi fəallarıdır. Ən xırda detallarına qədər işlənmiş layihədir.

- İnsanlar hansı ölkənin məhsuluna görə bloger Hüseynlə görüşə axışmışdılar? ABŞ-ın...

Rusiyanın Azərbaycanda adi bloger vasitəsilə küçələrə minlərlə insan tökə biləcəyini ifadə edən, İran-Azərbaycan münasibətlərinin çox pis hala gətiriləcəyinin mesajını verən və bütün bu hadisələrin fonunda yalnız ABŞ-ın cəzbedici olduğunu göstərən hansı qüvvələrdir?

Cavab və xətt tam bəllidir... Ölkədə kifayət qədər ağıllı adamlar var, parametrləri aydın görünən bu kimi proseslərin təhlili hər şeyə işıq salır.

Həm bloger Hüseyn, həm də Azərbaycan gəncləri bu məsələdə alətdir. Fərq ondadır ki, Qarabağ müharibəsi zamanı bitərəf mövqedə dayandığını bildirən, doğma vətəni olan Azərbaycana zərrə qədər xeyiri dəyməyən bloger Hüseyn bütün bunları qismən şüurlu şəkildə edir, Azərbaycan gəncləri isə şüursuz şəkildə...

Düşünürəm ki, o görüşə gedən, bir-birini tapdalayan gənclərin hansı ərazilərdə yaşadıqlarının və onların rus dilli olub-olmamasının statistik təhlili aparılmalıdır. Bu, cəmiyyətə açıqlama üçün deyil, dövlətə lazımlı məsələdir.

Ona da şübhə etmirəm ki, əgər sabah müharibə başlasa, o gənclərin içərisindən də kimlərsə şəhid və qazi olacaq. Sadəcə problem ondadır ki, ölkədə dərin bir boşluq var, xüsusilə gənclər arasında sabaha olan ümidsizlik ən şiddətli şəkil hal alıb. Gəncləri düzgün istiqamətləndirməsək, onlar bu cür alçaldıcı hallara düşəcəklər.

Sual olunur, əzmi, iradəsi şikəst, təlxək blogerlərə sevgi bəsləyən gənclik kimlərə lazımdır və əsl plan nədir?

Qarabağa azad edən indiki nəsil 50 il sonra olmayacaq. Bəs 50 il sonra ermənilərin bizə qarşı düşmənçiliyi, ərazi iddiası da olmayacaqmı? Olacaq!

O zaman biz indidən xalqın 50-100 illik gələcək taleyini sığortalaya ala bilən strateji işlər görməliyik. Ölkəni iradəsi şikəst nəsilə təhvil versək, təkcə Qarabağı deyil, ümumən Azərbaycanı itirəcəyik. Və həmin nəsil bu günkü səhvlərimizə görə bizi qınayacaq.

Miri Yusif, bloger Hüseyn kimi istedadsız təlxəklərə olan sevginin ünvanı dəyişdirilməlidir. Zorla da olsa, dəyişidirilməlidir, gələcəyimizi xilas etməliyik.

Samir Feyruzov



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar