Azərbaycan ordusu Ermənistana cəhənnəm yaşada bilər – TƏHLİL

21 Fevral 2022 11:17    23695 Baxış   
Azərbaycan ordusu Ermənistana cəhənnəm yaşada bilər –   TƏHLİL

Qabığı və içərisi çürük qoza bənzəyən Ermənistan 10 noyabr bəyanatının müddəalarının, əsasən də sənədin 4-cü bəndinin icrasını dalana dirəməyə çalışsa da, bu səylər hədər gedir.

Azərbaycan tədricən strateji hədəflərinə nail olur, hətta bəzisinə lazım olduğundan da tez.

İrəvan isə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qorxudan dili topuq çalan, küncə sıxılmış siçan kimi dişini qıcayan separatçılar barədə tədbir görməkdən boyun qaçırır.

Bunun səbəblərini xatırlatmaq vacib deyil, nəticə budur ki, ya zəlzələdən, ya vəlvələdən Ermənistan öhdəliyini yerinə yetirmir.

İrəvanın qətiyyətli həyasızlığının bədəli Ermənistanın gələcək taleyi barədə heç də xoş olmayan proqnozlar səsləndirməyə əsaslar verir.

Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə özü haqqında mifik rəy yaradan Ermənistanın bu yalanının üstü çoxdan açılmışdı. Amma İrəvan ifşa olunan məkrli niyyətlərinin üzərini pərdə ilə örtürdü, Azərbaycan isə 44 günlük Vətən müharibəsi ilə həmin pərdəni də aradan götürdü.

Qarabağ məsələsi illər boyu erməni xalqının boynundan asılan dəyirman daşı olub, 44 günlük müharibənin nəticəsi isə Ermənistan üçün növbəti faciəvi faza yaratdı.

Ermənistanın beynəlxalq dayaqları sarsıldı, İrəvanın vassala çevrilməsi prosesində yeni mərhələ başlandı.

Azərbaycan yeni reallıqda da ətalətdə qalmadı, sərhədə çıxışını təmin etdi, hərbi gücünü yeni geosiyasi şərtlərə uyğunlaşdırdı, Türkiyə ilə strateji müttəfiqlik əlaqələrini möhkəmləndirdi.

Ermənistanın darmadağın edilmiş ordusundakı dağınıq psixoloji durum, isterika hökm sürməkdədir, bu gün Ermənistanda çağırışçı problemi də yaşanır. Gənclər yeni müharibə ehtimalından qorxaraq ölkəni tərk edir, demoqrafik böhran dərinləşir, nəticədə iqtisadi tabloda da qara rənglər tüğyan edir.

Ermənistan başı üzərində qatılaşan qara buludların çəkilməsini istəyirsə, öhdəliklərinə əməl etməlidir.

Necə ki, Zəngəzur dəhlizinin açılması istiqamətində son zamanlar müsbət siqnallar verir və praktiki işlərə başladığını elan edir.

Bu cür yanaşmanı İrəvan 10 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatlarında təsbit olunan bütün müddəalara münasibətdə də sərgiləmək məcburiyyətindədir.

Əks təqdirdə, Azərbaycan özünün hərbi potensialını nümayiş etdirəcək.

Hərbi ssenari üzrə baş tuta biləcək əməliyyatlar barədə də fikirlər yürütmək olar.

Birincisi, Qarabağda və Şərqi Zəngəzurda hər an döyüş tapşırıqları almağa hazır olan hərbi hissələr var.

İkincisi, Azərbaycanda peşəkar şəkildə dağ döyüşləri aparmaq üçün komando birlikləri mövcuddur.

Üçüncüsü, Azərbaycanın arsenalında ən müasir və dəqiq zərbələr endirən silahlar var.

Dördüncüsü, Azərbaycan ordusunun ən elit qüvvələri mövcuddur ki, onlar istənilən an istənilən tapşırığın öhdəsindən asanlıqla gələ bilərlər.

Beşincisi, Naxçıvan amilidir, sərhədin bu zonası da Ermənistana cəhənnəm yaşada bilə.

NƏTİCƏ:

Azərbaycan ordusu istər Ermənistanın taktiki, istərsə də strateji dərinliklərini məhv edə bilər. Bu zaman isə Ermənistan forpostluqdan da bərbad günə düşəcək.

Aqşin Kərimov


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar