Azərbaycanın enerji siyasətinin yeni üfüqləri

17 Martt 2022 14:42    19584 Baxış   
Azərbaycanın enerji siyasətinin yeni üfüqləri
Azərbaycanın neft-qaz və enerji strategiyası onun milli təhlükəsizlik konsepsiyasının əsas mahiyyətini təşkil edir. Beynəlxalq praktikada milli təhlükəsizlik dedikdə, dövlət təhkükəsizliyi, hərbi-sərhəd, təhlükəsizliyi, informasiya, intellektual, sosial-siyasi, ictimai vətəndaş cəmiyyəti təhlükəsizlikləri, nəhayət ekoloji, yanacaq-energeika və iqtisadi təhküləsizliyin cəmi başa düşülür.
Bir çox parametrləri ilə iqtisadi təhlükəsizlik strategiyası xaricdən heç bir müdaxilə və təzyiq olmadan hər bir cəmiyyətin iqtisadi inkişafının forma və yollarını müstəqil surətdə müəyyən etmə, təmin etmə və inkişaf etdirmə qabiliyyətinin sütunu olan iqtidarın mövcudluğunu ehtiva edir. İqtisadi təhlükəsizlik üç əsas istiqamətin qarşılıqlı vəhdətini təmin edir ki, buraya iqtisadi müstəqillik, milli iqtisadiyyatın rəqabətə dözümlülüyünə istinad edən sabitliyi, nəhayət, iqtisadi inkişaf qabiliyyətliliyi daxildir.
Bütün bu çoxşaxəli parametrlərdə neft-qaz-enerji üçbucağı müstəsna əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri, nəhayət, Bakı-Tbilisi-Qars dəmiryol xətti kimi nəhəng layihələrin uğurlu reallaşdırılması, dünyanın aparıcı şirkətlərinin ölkəmizdə beynəlxalq əhəmiyyətli iri maliyyə tutumlu layihələrə cəlb edilməsi ölkəmizin qlobal iqtisadi məkana tarixi transformasiya prosesini uğurla təmin etməkdədir.
Hələ vaxtı ilə Davos İqtisadi Forumunun hesabatlarında ölkəmizin beynəlxalq iqtisadi rəqabətqabiliyyətinə görə 40-cı yerlərdə, MDB məkanı üzrə isə birinci yerdə qərarlaşması fasiləsiz olaraq qlobal iqtisadi layihələrə etibarlı tərəfdaş olaraq uğurla qoşulmağa stimul vermişdir. Bu baxımdan alternativ enerjidən istifadə imkanlarını səfərbər etməklə ölkəmizin iqtisadi-enerji rəqabətqabiliyyətliliyinə yeni dividentlər əlavə etmək baxımından martın 15-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Bu stansiya vasitəsilə ölkəmiz nəinki alternativ enerji mənbələrindən istifadə imkanlarını genişləndirəcək, həm də dünya enerji nəhəngləri ilə beynəlxalq əməkdaşlığın yeni mərhələsinin üfüqlərini də müəyyənləşdirəcək.
Hələ bundan öncə Səudiyyə Ərəbistan Krallığının “ACWA Pover” şirkətinin Azərbaycanda 240 MWt “Xızı Abşeron” Külək Elektrik stansiyasınında təməlqoyma mərasimi keçirilmişdir.
İqtisadi hesablamalara görə alternativ enerji mənbələrinin istehsalı 2021-ci ildə 10%, növbəti 5 ildə isə daha 50% artaraq 2025-ci ildə qlobal enerji istehsalının 33%-ni təşkil edəcəkdir. Elmi proqnozlara görə 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95%-i bərpa olunan enerji mənbələrinin payına düşəcəkdir. Ən çox artım isə günəş və külək enerjisi istehsalında, müvafiq olaraq 60 və 30% ətrafında qeydə alınacaq.
Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000MVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmində qiymətləndirilir. Günəş enerjisi üzrə demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvatoriyası, Abşeron yarımadası, Bakı, habelə Xızı rayonu daha əlverişli sayılır. Qiymətləndirmələr göstərir ki, küləyin sürəti 3-4 m/s olduğu halda elektrik enerjisinin əldə edilməsi mümkündür. Bakıda küləyin orta sürəti 11 m/s-dır. Bu potensial işğaldan azad olunmuş torpaqlarımızda daha da güclüdür. Günəş enerjisi əsasən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından çox əlverişlidir. Azərbaycanda yerli su ehtiyatlarının 20%-nin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı çoc perspektivli və əlverişlidir.
Birləşmiş Ərəb Əmirliyiyi ilə bağlanmış memorandum Azərbaycanda bərpa olunan enerjinin tətbiqini dəstəkləmək, eyni zamanda dənizdə külək enerjisindən istifadə, bu enerji hesabına “yaşıl hidrogen” istehsalı, karbon tutulması, istifadəsi və saxlanması, həmçinin digər tədbirləri əhatə edən interqrasiya olunmuş həllərə dair potensial əməkdaşlıq imkanlarını ehtiva edir.

Nazirliklə şirkət arasında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “Masdar” şirkəti imzalayıblar. Memorandum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin tətbiqi sahəsində potensial əməkdaşlıq imkanlarını müəyyən edir.
Bağlanmış Memorandum aşağıdakı yenilikləri ilə əlamətdardır:

Ölkənin energetika sahəsində əlamətdar tarixi hadisədir. 230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcək;
Layihənin icraçısı dünyada tanınmış və böyük təcrübəyə malik olan “Masdar” şirkətidir. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici, açıq ölkədir;

Azərbaycanda çox gözəl investisiya iqlimi vardır. Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Bu, imkan verdi ki, enerji sahəsində də istədiyimizə nail olaq;

Azərbaycan xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Azərbaycanın dörd qonşu ölkəyə ixracı artıq təmin edib. Gələcəkdə ölkəmiz digər bazarlara da elektrik enerjisi ilə çıxacaq;

Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var;

Hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, 385 meqavat generasiya gücü isə artıq yaradılıbdır. Yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasıının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur;
Bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritet məsələdir. 2023-cü ildə əlavə güclər Azərbaycanın ümumi sisteminə daxil ediləcək və bu işin başlanğıc hissəsidir. Bütün bunlar Azərbaycanı nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısına çevirəcəkdir;

Qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac vardır. Azərbaycan elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edir – təbii qaz, su, günəş və küləkdən ona görə də bu sahədə əməkdaşlıq etməyə maraqlı olanlar çoxdur.

İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdirlər. artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər;

Qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir. Keçən il 4 su elektrik stansiyası bərpa olunub. Onların ümumi generasiya gücü 20 meqavatdır. Cari il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır.
Azərbaycanın sənaye və iqtisadiyyatı durmadan inkişaf edir. Bu ilin iki ayında ümumi daxili məhsul 6,7%, qeyri-neft sektoru 10,1%, qeyri-neft sənaye istehsalı təxminən 21% artmışdır. Bütün bunlar postpandemiya dövründə əldə edimiş nailiyyətlərdir və onu göstərir ki, Azərbaycanda aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində fasiləsiz addımlar atılır.

Elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz. Həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar. 10 min kvadratkilometrdən çox olan azad edilmiş torpaqların bərpası ölkəmizin dayanıqlı inkişafını təmin edəcəkdir;

Bunlar Azərbaycanın dayanıqlı inkişafını təmin edən başçlıca amillər olaraq 3 əsas bazaya söykənir:

Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir;
Müasir infrastruktur vardır – həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir;

Güclü siyasi iradə vardır. Bütün bu amillərin vəhdəti ölkəmiz üçün çox gözəl bir imkanlar yaradır.
Beləliklə, dünyanın təlatümlərlə xarakterizə olunan indiki mərhələsində ölkəmizin iqtisadi inkişaf strategiyasına yeni-yeni təşəbbüslərlə əlavələr etməkdə davam etməsi, nəinki onu regionun lider dövlətinə çevirmiş, hətta “İnkişafın Azərbaycan modeli” kimi brendini təmin etməkdədir.

Həsən Bayramov,
Pedaqoji elmlər doktoru, professor


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar