Atatürkün “nəvəsi”, Elçibəyin qardaşı oğlu, bizim Coci və ya “6 iyun Kələki qiyamı”

09 İyun 2020 10:00    1422 Baxış   
 Atatürkün “nəvəsi”,  Elçibəyin qardaşı oğlu, bizim Coci və ya  “6 iyun Kələki qiyamı”
Ədalət Tahirzadənin kitablarının əlyazmalarına yaxşı baxsaq, mötərizə içindəki “Coci belə deyir” qeydlərini aydınca görərik

Bu, bir yubiley yazısı olacaqdı. Azərbaycan Xalq Hərəkatında iştirak etmiş, demək olar ki, hər kəsin tanıdığı, adı çəkiləndə hamının üzündə təbəssüm yaranan tə-tük insanlardan birinin – mərhum Prezident Elçibəyin ən yaxın adamlarından biri olan Ədalət Məmmədovun 55 yaşı münasibəti ilə yazılmış yubiley yazısı. Doğrudur, yalnız onu tanıyanlar üçün maraqlı olardı, amma nəzərə alaq ki, bu, elə böyük kəsimdir. Hərçənd ki, “Ədalət”i çox az adam tanıyır, onu hamı “Coci” kimi tanıyır, Coci bilir.

Di gəl, yubiley günü - mayın 6-sı hadisələr elə məcraya yönəldi ki, yazının ağırlığını o hadisənin üstünə salmamaq mümkün deyil. Hər şey həm çox qəribə, həm də Azərbaycan tarixinin ən maraqlı dövrünü yada salacaq ardıcıllıqla baş verdi. Sanki təbiət bizlərə 1993-də baş verənləri bir daha aydınladır, başa salırdı...

Yox, haqsızlıq eləməyək. Əvvəlcə yazımızın qəhrəmanını tanımıyanlara tanıdaq, tanıyanlara da bilməyən üzlərini göstərək. Ədalətli olaq! Lap elə, bir neçə abzasla “Cocili” olaq! Başladıq!

- Coci, bu şəkli nə vaxt belə “düz qoş” eləmisən? Sizin vaxtınızda fotoşop yox idi axı. (Əlimlə Atatürklə olan qoşa şəklini göstərirəm, ikisi də hərbi formadadı”.

- Əsgərlikdə düzəltdirdim. Buryat bir fotoqraf vardı. Verdim ona, dedim apar çıxartdır. Əla sənətkar idi. Apardı, dediyim kimi düzəldib gətirdi.

(Bu nə danışır, a kişi? İndi bu 55 yaşda deyilmi? Hə, elədi! Əsgərliyi düşür 35-36 il əvvələ. Sovet ordusuna Atatürk şəklini göstərməkmi olardı? “Pantürkist” damğası o dəqiqə boynundaydı. Nə bilim, neçə illik həbs də üstündə bonusu!)

Yaşıl çalarlı, qeyri-adi ifadəli gözlərini üzümə zilləyir. Ağlımdan keçənləri dilimə gətirməyə imkan vermir.

- Tanımırdılar ki... Dedim babamdı. Marşal olub, inandılar. Hətta mənə hörmət eləməyə başladılar. İmkan düşən kimi Bakıya göndərdim şəkli.

Bax belə maraqlı adamdı bizim qəhrəman. Əbülfəz müəllimin qardaşı oğlu, Əbülfəz bəyin əsgəri, Prezident Elçibəyin ən yaxın mühafizəçisi. Səksənlərdən ta 2000-ə qədər ən böyük liderin yanı başındakı adam.

Çox güclü yaddaşı var. Demək olar ki, hər gün xatirələr danışır. Ya kiminsə adı çəkiləndə yada düşür, ya baş verən hansısa hadisəylə bağlı nələrsə canlanır. Bəzən elə maraqlı hadisəni yada salır ki, heç birimiz indiyə kimi o haqda heç nə bilməmişik. Hələ prezidentlikdən öncəki, “latın qrafikasına keçid”lə bağlı komissiyanın iclasları da yadındadı. O vaxtla bağlı, nəsə sərsəmləyən birinə görə, illər öncə sual verdim Cociyə, o adamın qalstukunun qırmızılığından, danışdığı yalanın qırmızılığınacan hər şeyi açdı-tökdü. Prezidentlik dövründəki ən qaranlıq olaylardan biri, Çeçenistan prezidenti Cövhər Dudayevin və Şverdnadzenin gizli Bakı səfərinə də şahidlik edib. Bəyin birinci kimlə görüşdüyünü, sonra kimə nə dediyini saatı ilə xatırlıyır. Prezidentlikdən sonrakı dönəmin, Kələki dövrünün bütün hadisələrinin ən canlı şahididir. Kim gəldi, neçə gün qapıda gözlədi, kim Kələkidən qovuldu, kim nə ismarıc gətirdi, əzbər xatirindədir. Oxunmamış kitab kimidi. Yazılacaq böyük bir kitabdı bizim Coci!

O dövrdən kitab yazanlar hadisələrin dəqiqliyi üçün müraciət edib. Dəyərli professorumuz Ədalət Tahirzadənin kitablarının əlyazmalarına yaxşı baxsaq, mötərizə içindəki “Coci belə deyir” qeydlərini aydınca görərik.

Hər şeyi danışırmı? Yox! Onun da öz “qırmızı cizgiləri” var. Arada kefinin yaxşı vaxtına salıb, yoxlayıram:

- Ay Coci, bəlkə o səkkiz satlıq məşhur görüşlə bağlı açıqlama verəsən?
(Bilirəm ki, orda olub. Yan otaqda oturubmuşlar. Nəsə lazım olsa, çağırışa yetə bilsinlər deyə, ən yaxında imişlər. Arada girib-çıxırmış da. Yəni, istəsə, danışar).

Gözlərini yumub, qaşlarını yuxarı qaldırır. Başını azca arxaya atıb o məşhur jestini edir:

- Nırççç... O qalsın!

Sonra da alibisini dilə gətirir. Bu da həmişəkidi:

- Heydər Əliyevin yanındakı adam danışmırsa, mən niyə danışım ki? O desin də...

Qısaca, bax bizim Coci belə Cocidi. Gözəl Cocidi...

Hə, indi gələk o maraqlı günə. 6 iyun, 2020-ci il. Kələki. Biz bir neçə dost Cocinin yubileyinə hazırlaşırıq. Göyə baxsan, bir əlçim bulud tapmazsan! Günəş bütün varlığıyla adamın üzünə gülür. Belə havada evdə oturmaq heç adamın ağlının ucundan keçməz. Stolları daşıyırıq çölə, süfrə hazırlanır. Hamının kefi yerində, hərə bir işə əl atıb, “qatqıda bulunur”. İçimizdə biri var, arıq-cılız bir gənc. Kənd arvadları demiş, elə bilərsən “iynə yemiş itdi”. Gedib gəlib deyir ki, yağış yağacaq, məclis yarımçıq qalacaq. Kimdi e, fikir verən. Bizi gözəl bir gün gözləyir. Havalı, günəşli, yeyib-içməkli! Manqalımız qalanıb, şişlər hazırlanır, süfrəyə təamlar gəlməyə başlayır. O “uşaq” eləcə baxıb gülür, söz atır: “Yağış yağacaq...”

İndi sizə bunları danışıram, bəlkə deyərsiniz, uydurur Çingiz. Cəhətləri siz deyən də dəqiqliklə bilən deyiləm. Bir onu bilirəm ki, Ordubadda hər tərəfdən düşmənlə sərhədsən. Bura elə yerdi ki, bir fotoaparat obyektivinə 3 ölkə, hətta 4 ölkə yerləşə bilər! Bizə yağan ziyanverici yağışların buludları həmişə düşmən ölkələrdən gələr...

Yeməyimiz süfrəyə gəlmişdi ki, gözüm o qardaşın gözünə sataşdı. Bic-bic gülürdü. Başımı qaldırıb yuxarı baxdım, şimaldan, hə-hə şimaldan yekə, qara bir bulud gəlirdi biz tərəfə. Dostlar, “əşşi o buludnan heç nə olmaz” deyib məclisi sakitləşdirir. Hər şey əladı! “Di süzün görək!”

Vay... bu da nə? İran tərəfdən gələn bulud şimaldan gələnə yaxınlaşır, bədnam qonşularımızdan (bədnam olmuyanı var ki?) gələn parça- parça buludlar, onlara qoşulur. Hətta qardaş Türkiyəmiznən olan 11 kilometrlik sərhəd tərəfdən də qara buludlar “özünü yetirir”

“Dostumuz” irişir: “Dedim pozacam məclisi? İndi bir yağış töksün ki...”

Məni qınamasanız, deyərəm ki, üzü İngiltərədən belə bütün dünyanın qara buludları Kələkinin üzərinə yığışır. Qurduğumuz o qədər gözəl bir süfrə bir anda yağışa təslim olur! Bir yağır ki, gəl görəsən!

(Əbülfəz bəyi Bakını tərk etməsinə görə qınayanların məntiqinə əsaslansaq, biz o yağışın altında dayanıb sətəlcəm olmalıydıq. Bütün dünyadan üstümüzə yığışan buludlara meydan oxumalıydıq. Ölməliydik, bütün süfrə dağılmalıydı, stollar qırılmalıydı...)

Ani reaksiya ilə hərə bir tərəfdən stolları götürüb həyətin o başındakı üstü örtülmüş balaca yerə daşınırıq! Sıxlıqdı. Bura məclis qurub oturmaq üçün nəzərdə tutulmayıb, balaca bir yerdi. Amma məclisimiz davam edir!

6 iyun, “Buludların Kələki qiyamı” beləcə yer-yurdumuzdan edir bizi. Amma məclisimiz pozulmur, davam edir! Axşama kimi!!!

Doğum günün mübarək olsun, bizim Coci! “Qiyamsız”, virussuz, qada-bəlasız məclislərlə qeyd edəcəyimiz günlər olsun!


Çingiz Özgür


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar