"Bəlkə də əməliyyat başlayıb..."

15 İyul 2020 10:00    3144 Baxış   
"Bəlkə də əməliyyat başlayıb..."
I YAZI

Türklərin Kipr adasından, tamamilə çıxarılmasına dair gizli qərar 1940-cı illərin axırında qəbul edilmişdi. Türkiyə Cümhuriyyəti 1950-ci illərin əvvəllərindən bu plana qarşı hazırlıqlara başladı, siyasi partiyalar və gənclər təşkilatları bu işə cəlb edildi. Rumların yaratdığı EOKA gizli təşklatına qarşı 1958-ci ildə Türk Müqavimət Təşkilatı quruldu, Rauf Denktaşa Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahında and içdirildi. Plana görə, təşkilatın yaxın müddətdə 5000, uzun müddətdə isə 10000 üzvü olmalıydı. 16 avqust 1960-cı ildə adadakı rumların və Türklərin iştirakı, Britaniya, Yunanıstan və Türkiyənin təminatı altında qurulan Kipr Cümhuriyyəti 1963-cü dekabrında rumların iki Türkü qətlə yetirməsiylə etimadını itirdi. Adadakı Türklərin təhlükəsizliyini təminat almaq məqsədiylə Türkiyədə lazımi addımları atmağa başladı. Türkiyə baş naziri İsmət İnönünün təlimatıyla hava qüvvələrinin təyyarələri 1964-cü ildə adanın rum tərəfini bir neçə dəfə bombaladı.

Britaniya və NATO bundan narahat oldu, ABŞ prezidenti Johnson isə baş nazir İnönüyə məktub yazaraq NATO silahlarından rumlara qarşı istifadə edilməsi halında sanksiya tətbiq edəcəklərini bildirdi. İsmət İnönünün cavabı siyasət müntəxabatına daxil oldu: “Yeni bir dünya sistemi qurular və Türkiyə orada öz yerini alar”. 1967-ci ilin avqustunda Türk Müqavimət Təşkilatının lideri Rauf Denktaş gizli şəkildə adaya girərkən rumlar tərəfindən yaxalandı. Əslində bu, Türkiyənin və Denktaşın atdığı taktiki addım idi. Rumlar Denktaşı cəzalandırmağa cəsarət etməyib adadan deportasiya etdilər. Rumların adanın tamamını işğal etmə və Türkləri oradan çıxarma planlarına qarşı Türkiyə daim ayıq davranaraq özünün qarşı planlarını hazırladı. 14 oktyabr 1973-cü ildəki seçkidən ana müxalifətdəki Bülent Ecevitin Cümhuriyyət Xalq Partiyası birinci çıxınca baş nazir Süleyman Demirəlin Ədalət Partiyası (AP) müxalifətdə qaldı. Erbakanın Milli Nizam Partiyası ilə koalisiya hökuməti quran baş nazir Bülent Ecevitin birinci hədəfi Kipr adasındakı Türklərin təhlükəsizliyini təmin edərək onları müstəqil dövlətə qovuşdurmaq idi.

“Torpaq fəth etməyə” dünəndən razı olan siyasi islamçıların lideri və koalisiya ortağı Erbakanın rəyini almağa belə, ehtiyac yox idi. Baş qərargah bu işə 1958-dən bəri hazırlaşırdı. Məclisdəki partiyaların fikrini soruşmaq yox, onlara əməliyyat hazırlıqları barədə məlumat vermək kifayət idi - onsuz da hamısı həmfikir idi. Bu işi görmək məclis sədri Feruh Bozbeylinin öhdəsinə düşmüşdü. Bülent Ecevit illər sonra müsahibələrinin birində deyəcəkdi ki, Kipr barədə mənim kabinetimdə heç nə danışmırdıq, çünki ingilislərin hər şeyi dinlədiyindən xəbərdar idik. Müzakirəyə ehtiyac olanda gedib kənarda söhbət edirdik. Son dərəcə gizli saxlanılan əməliyyatdan 1 gün əvvəl Bülent Ecevit ingilislərin nəbzini tutmaq üçün Londoda gedib qayıtmışdı. Bu da bir növ, iz azdırmaq idi. Mustafa Kamal Paşa da yunanların fikrini azdırmaq üçün “futbola baxmaq” bəhanəsiylə 1922-ci iyulunda generalları Konyaya yığmış, komandanların cəbhə bölgələrindən uzaqlaşdıqlarını eşidən yunanlar arxayın olmuşdular ki, Türklər Eskişehirdən əks-hücuma başlamayacaqlar. Londondan dönüşünün ertəsi günü 49 yaşlı baş nazir Ecevit Türk ordusunun Kipr adasına təşkil etdiyi sülh əməliyyatı barədə dünya mətbuatına açıqlama verərkən, “İnanırıq ki, rumlar odumuza atəş açmaz, çünki biz adaya sülh aparırıq və biz təkcə oradakı Türklərə yox, rumlara da sülh aparırıq” - deyirdi.

Plana görə, Türk ordusu gedə bildiyi yerə qədər gedəcək, BMT-dən atəşkəs müraciəti gələn kimi irəliləyiş dayandırılacaqdı. Necmettin Erbakan isə “adanın bir başından vurub, o biri başından çıxmaq və rumları tamamilə dənizə tökmək”də təkid edirdi. 1974-cü il iyulun 15-də Yunanıstandakı “Polkovniklər xuntası” Kipr dövlət başçısı Makariosa qarşı hərbi çevriliş edən kimi Türkiyə adaya qoşun çıxarmaq üçün düyməyə basdı və iyulun 20-də səhərə yaxın başlayan hərbi əməliyyat iyulun 22-də ilk atəşkəslə nəticələndi. BMT-nin və böyük dövlətlərin vasitəçiliyi ilə tərəflər Cenevrədə müzakirələrə başlayanda Türkiyənin artıq ikinci əməliyyat planının parolu da hazır idi. Xarici işlər naziri Turan Güneş ilə baş nazir Ecevit arasında ikinci əməliyyatın başlaması üçün razılaşdırılan parol “Ayşe tətilə çıxır”- idi. Turan Güneşin qızı Ayşenin adı idi, Türkiyənin Kipr adasında keçirdiyi hərbi əməliyyatın ikinci mərhələsinin parolu kimi müəyyənləşdirilmişdi. Bu sirr də illər sonra ortaya çıxmışdı.

ABŞ-dakı yunan lobbisi Türkiyənin adaya hərbi əməliyyat təşkil etməsindən çox ehtiyatlandığı üçün Konqres və Senat vasitəsiylə bunun qabağını almağa çalışırdı. Ancaq Türkiyə bu hərbi əməliyyatı böyük ustalıqla qurmuşdu. Belə ki, iyulun 20-də səhərə yaxın saat 4-də baş nazir Ecevitlə görüşəndə ABŞ heyətinin üzvləri əməliyyatın olub-olmaması ehtimalını soruşmuşdular. Ecevit əməliyyatdan vaz keçməyəcəklərini deyəndə, ABŞ nümayəndələri vaxtını öyrənmək istəmişdilər. Saatına baxan baş nazir “Bəlkə elə indilərdə başlamışdır” - deyincə qonaqlar şoka düşmüşdülər…

Hamı üçün son dərəcə ibrətli örnək və dərsdir. Bakının bundan çıxara biləcəyi dərslər növbəti yazıda…

Mayis Əlizadə




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar