Azərbaycan, Ermənistan, Aİ formatında növbəti görüş bundan əvvəlki üçtərəfli dialoqda olduğu kimi rəsmi Bakının lehinə başa çatdı. Xoş haldır ki, son iki görüşdə, həm Blinken, həm də Mişel Azərbaycanın tələblərini məqbul hesab edib və barışmalı olublar. Söhbət nədən gedir?
1. Qarabağ Azərbaycanın daxili işidir.
Şarl Mişelin bəyanatında deyilir: "Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə dair fikir mübadiləmizi davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq yolu ilə bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək üçün müsbət gündəliyin işlənib hazırlanmasında iştirak etməyə təşviq etdim".
I. Keçmiş Dağlıq Qarabağ Vilayəti ifadəsindən istifadə edən Mişel beləcə separatçıların istəklərini gözlərində qoydu. Bununla da, Şarl Mişel Qarabağın Azərbaycanın daxilində inzibati rayon olduğunu təsdiqləmiş oldu.
II. Ermənistanın danışıqlarda Qarabağla bağlı əsas istəyi - beynəlxalq təşkilat və ya aktorların Bakı-Xankəndi arasında danışıqlarda iştirakını leqallaşdırmaq (hüquqi sənədlə təsdiqləməkdir). Lakin, bugünkü danışıqlarda bir daha Azərbaycan prinsipiallıq nümayiş etdirərək bu tələbi rədd edib. Rəsmi Bakı öz ərazisindəki ermənilərlə dialoqda üçüncü tərəfə tribuna təqdim edilməsinə etiraz etmir. Lakin, Bakı ATƏT-in Minsk qrupu təcrübəsini nəzərə alaraq kiminsə danışıqlarda iştirakını kağızda həkk etməyəcək.
2. Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır.
Bu dəfə məhz rəqəmlərdən istifadə edilməsi Ermənistanın ərazi bütövlüyü ilə bağlı bugünə qədər apardığı manipulyasiyaya son qoyur.
Qeyd edilir ki, Ermənistan Azərbaycanın 86.6 min kv.km ərazisini tanıyır. Vəssalam.
Beləcə, bizim üçün ən əsas iki məsələ ilə bağlı Paşinyan razılaşıb. Paşinyan Qarabağ ermənilərinin Azərbaycanın tərkibində hüquq və təhlükəsizliklərinə təminatı istəyir.
3. Delimitasiya-demarkasiya
Mövzu ilə bağlı baxış bucaqları tam olaraq oturuşmayıb. Bugünkü görüşdə Paşinyan 1975-ci ilin xəritəsinə uyğun olaraq sərhədlərin müəyyənləşməsi və dəqiqləşdirilməsində israr edib. Lakin, rədd cavabı alıb. Bu ifadə qəbul olunmayıb.
Əlavə edim ki, delimitasiya-demarkasiya məsələsi indiki halda o qədər də təcili mövzu deyil, bu Ermənistanın daha çox narahat olduğu mövzudur. Məlum məsələdir ki, hətta münasibətləri əla vəziyyətdə olduğu dövlətlər arasında belə delimitasiya-demarkasiya uzunmüddətli proses kimi müəyyən vaxt tələb edir.
4. Zəngəzur dəhlizi
Dəmiryolu ilə bağlı nəhayət Paşinyanla müsbət dialoq baş tutub. Avtomobil yolu ilə bağlı Aİ, ABŞ, İran və Rusiya arasında baxışların toqquşmasını və yerdəki reallıqları nəzərə alsaq yaxın perspektivdə dəmiryolu xəttinin açılmasının müzakirəsi daha rasionaldır. Elə buna görə də, dəmiryolunun açılması ilə bağlı ilkin razılaşma var.
5. Mişel Laçın yolu, Laçın rayonu və Azərbaycanın aprel ayında Laçın-Ermənistan sərhəddində keçid məntəqəsinin qoyması ilə bağlı məsələyə toxunmayıb.
Bu onun göstəricisidir ki, separatçıların və Ernənistandakı bəzi dairələrinin ah-naləsinə baxmayaraq, beynəlxalq ictimaiyyət Azərbaycanın Laçın rayonunun girişinə keçid məntəqəsi qoymasını tam qanunauyğun sayır.
Beləliklə, Brüsseldə bağlı qapılar arxasında Paşinyan Azərbaycanın şərtləri ilə razılaşıb, bu dəfə daha konkret nəticələr əldə edilib. Lakin, gözlənilən odur ki, Paşinyan daha bir müddət vaxtın uzadılması ilə məşqul olacaq.(apa)