Cəbhədə nələr yaşanır, danışıqlar prosesi başlanacaqmı? ŞƏRH

07 Oktyabr 2020 10:01    1128 Baxış   
Cəbhədə nələr yaşanır,  danışıqlar prosesi başlanacaqmı?  ŞƏRH
Bu gecə səhər saatlarınadək cəbhə boyu ordumuzun aktiv fəaliyyəti müşahidə olunub.

Düşmənə ağır zərbələr endirilib, bəzi istiqamətlərdə hücumlar olub, bəzi istiqamətlərdə isə düşmənin əks-hücumlarının qarşısı alınıb.

Düşmənin çoxsaylı texnikası və canlıı qüvvəsi sıradan çıxarılıb.

Təfərrüatlar barədə gün boyu məlumat veriləcək.

İndisə gələk hərbi əməliyyatların operativ teatrına.

Bir çox ekspertlər hesab edirdilər ki, Azərbaycan ordusu daha çox Qarabağ savaşının cənubunda aktiv olacaq, əsas səylər orada nümayiş etdiriləcək.

Belə deyil.

Cənubda məqsəd bir qədər əvvəl düşməndən azad edilmiş Cəbrayıl rayonuna aparan yolun qərb cinahının təmin edilməsidir.

Hazırda əsas zərbələr eyni vaxtda cənubda - Fizuli və Xocavənd ilə yanaşı, Ağdərədə endirilir. Məqsəd erməni qüvvələri gücdən salmaq, maksimum zəiflətməkdir.

Hava şəraiti ucbatından ordumuz PUA-lardan aktiv istifadə etməyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın son 9 gündə artıq 3-cü dəfə səfərbərlik elan etməsi düşmənin savaş üçün insan qüvvəsi, yən səfərbərlik potensialı ilə bağlı durumunun kritik həddə çatdıığını aşkar göstərir.

Ermənistan Müdafiə Nazirliyinin ritorikası da dəyişib.

Əgər ötən günlərdə Şuşan Stepanyan "düşmən darmadağın edilir, silahlı qüvvələrin əks-hücuma keçir" deyirdisə, indi "qoşunların müəyyən yerdəyişmələri heç nəyi həll etmir" söyləyir.

Ümumiyyətlə, təbliğat ermənilərin ən zəif yeridir artıq. Məsələn, "onlarla düşmən tankı vurmuş" və ya "Azərbaycanın bir neçə təyyarəsini vurmuş" hansısa Hambarsumların mükafatlandırılması artıq Ermənistanın özündə belə, lağlağı, sarkazm obyektinə çevrilir.

Ermənilərin yaşayış məntəqələrini uzaqvuran artilleriya və raket qurğuları ilə atəşə tutmaları hər şeyi açıq göstərir.

Yəni fakt budur ki, belə barbar və vəhşi qərarlar qəbul edən Ermənistanın cəbhədə durumu kritikdir, ağırdır və məhz bu səbəbdən İrəvan təşvişdən dinc əhalini hədəfə alır.

Eyni zamanda Ermənistanın məqsədi bu minvalla münaqişəni daha yeni səviyyəyə qaldırmaq, Azərbaycanı Ermənistan ərazilərini vurmağa vadar etmək, sonra da Rusiya, ABŞ və Avropa Birliyini münaqişəyə bilavasitə cəlb etməkdir.

Ermənistanın diplomatik dəstəkdən tutmuş, iqtisadi yardımlaradək bütün sahələrdə fövqəladə, təxirəsalınmaz və təcili köməyə ehtiyacı var.

Ermənilər buna nail olmaq üçün bütün vasitələrə əl atırlar.

Bu arada İranın prezident administrasiyasının rəhbəri Mahmud Vaezinin "Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləyirik.

Ermənistanın işğala son qoyması isə bölgədə stabilliyin rəhni olacaq" deməsi ermənilərin Tehranla bağlı arzularını puç edib.

İran prezidenti Ruhaninin Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng etməsi də Tehranın Bakıya dəstək verməsi anlamıdır: telefon danışıqlarının məzmunu açıqlanmasa da.

Belə zəngin özü-özlüyündə çox mətləblərdən xəbər verir və diplomatiyada "mövqenin üstüörtülü izharı" adlandırılır.

İranın belə davranmasının səbəbi çox aydındır: 30 milyon soydaşımızın seçimi aydındır, bəllidir və Tehran 30 milyon vətəndaşının mövqeyini qulaqardına vura bilməz.

Üstəlik, Tehran üçün Bakı çox önəmli, hədən ziyadə böyük strateji və siyasi əhəmiyyətə malik qonşu və tərəfdaş ölkədir.

Ballıca ilə bağlı suallara cavab verim.

Ballıcadakı sursat anbarı Ermənistan ordusunun Qarabağdakı bütün döyüş arilleriyasının 5 faizinin toplandığı məkan idi. Həmin silahlardan Gəncə və Mingəçeviri vurmaq üçün istifadə olunurdu.

"Hava Hücumundan Müdafiə sistemimiz niyə işləmir?" sualına cavab verim.

İşləyir, özü də əla işləyir. Sadəcə, hərbçilərimiz səmada neçə düşmən raketini vurduqlarını açıqlamırlar.

Mənsə açıqlayım: 16 raket havada vurulub.

Ümumiyyətlə isə, hava hücumlarından qorunmağıın ən effektiv yolu sığınacaqlar sisteminin inkişafıdır.

Hər şəhər və hər kəndi hava hücumundan qorumaq üçün heç ABŞ-ın belə, zenit-raket sistemlərinin kifayət qədər olması absurddur.

Özümüzü İsraillə müqayisə etməyək. İsraildə ordu uzunluğu 24 km olan Qəzza bölgəsindən atılan "Kəssam" raketlərindən qorunur.

Bizə isə düşmən "Smerç", "Toçka-U" atır.

"Smerç" mərmisinin dəyəri 45 min dollar, onu vuracaq zenit raketinin qiyməti isə minimum 60 min dollardır.

Daha bir fakt: Mingəçevirlə Gəncədə strateji obyektləri "Barak-8" raket sistemləri ilə də qoruyuruq. Narahat olmayın.

Gələk əsas suala: danışıqlar prosesi başlanacaqmı?

Təbii, amma dərhal yox.

Başlayanda da hər şey Azərbaycanın xeyrinə olacaq. Türkiyə Rusiyanı sıxışdıraraq sülh prosesinin sponsorlarından biri olacaq. Minsk Qrupu formatı tədricən tarixə qarışacaq.

Amma bu, hadisələrin bizim üçün "arzuolunmaz", ehtiyat variantıdır.

Əsas, işlək, realistik variant isə döyüş əməliyyatlarının davamıdır.

Qarabağ tam azad ediləcək - buna şübhə olmasın əsla.

Və sonda, gələk MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Ermənistana yardım edilib-edilməyəcəyinə.

Belə yardım olmayacaq, Ermənistanın bütün arzularına və cəhdlərinə rəğmən müdaxilə yaşanmayacaq.

Çünki KTMT-nin iki əsas dövləti Rusiya və Belarus Azərbaycanı dəstəkləyir.

Rusiya üstüörtülü, Belarus aşkar şəkildə.

Bundan başqa, Qırğızıstandakı olaylar KTMT üçün ciddi problemdir və təşkilat Bişkəklə məşğuldur.

Sonda - Ukrayna nə edəcək?

Kiyevin mövqeyi aydındır. Rəsmi İrəvan sözdə yox, əməldə Ukraynaya qarşı düşmən mövqe tutub. Ermənistan da Ukraynanı əsas siyasi rəqib kimi gördüyü Rusiyanın yaratdığı hərbi blokun üzvüdür.

Azərbaycan isə Ukrayna üçün səbatlı və etibarlı müttəfiqdir. Kiyev Bakı ilə əməkdaşlığını Ukraynanın "Milli Təhlükəsizlik Strategiyası"nda bəlirləyib.

Bizdən danışıqlara başlamağı tələb edirlər.

Siz evinizə soxulan və həyətinizin bir qismini ələ keçirən cinayətkarlarla sivil danışııqlar apararsınız, yoxsa onu qovar, yaxud məhv edərsiniz?

Cavab məlumdur, məncə.

Elçin Alıoğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar