Cəbhədəki operativ situasiya - TƏHLİL

08 Oktyabr 2020 10:36    1147 Baxış   
Cəbhədəki operativ situasiya -  TƏHLİL
Cəbhədəki operativ situasiyaya baxaq.

Şimal (Ağdərə-Tərtər) və cənub (Cəbrayıl-Füzuli-Xocavənd) strateji istiqamətləri ilə yanaşı, Ağdam istiqaməti də xüsusi əhəmiyyət kəsb edir.

Sarıcalı kəndinin qarşısında olan düşmən mövqelərinin durumu faktiki olaraq ermənilərin müdafiə xətlərinin yanlış eşelonlanma əmsalınının göstəricisidir.

Məsələn, bilavasitə Sarıcalı ilə üzbəüz olan rokad yolun solunda, düşmənin ikinci müdafiə xətti 2,4-6,5 kilometr aralıqdakı dayaq məntəqələrindən ibarətdir.

Onları uzaqvuran artilleriya batareyalarının işə salınması ilə tam zərərsizləşdirmək olar.

Ermənilər həmin istiqamətlərdə ciddi müdafiə potensialının olduğunu deyirlər.

Hətta 152 mm-lik 2S35 "Koaliüiə-SV" artilleriya kompleksinin mövcudluğunu da fəxrlə vurğulayırlar.

Bu, yalandır.

Reallıq fərqlidir.

Ağdam Qarabağdakı ermənilərin ən böyük və ciddi nəqliyyat qovşağıdır. Düşmənin buradakı mövqelərində səngərdən, daha dəqiq olsam, brustverlərdən 200 metr irəliyədək mina-partlayış sədləri, siqnal minaları və səs çıxaran manelər var.

Bəhs etdiyim istiqamətdə düşmənin artilleriya potensialına gəldikdə isə, orada ziqzaq prinsipi ilə formalaşan müdafiə xətlərində kiçik (76 mm), orta (76-122 mm) və iri (152 mm) çaplı artilleriya qurğuları yerləşdirilib.

Düşmənin bu qurğularına xüsusi diqqət yetirilməlidir, çünki ermənilər mövqe döyüşlərində bir qayda olaraq artilleriya qurğularından, minaatanlardan və tank əleyhinə idarəolunan komplekslərdən istifadə edirlər.

Qarqarçay-Poladlı-Şelli-Çuxurməhlə rayonundakı istehkamların formalaşma metodologiyası, xüsusilə də Xanabad-Pirlər-Xıdırlı-Qiyaslı-Ətyeməzli marşrutu boyunca olan üzunmüddətli müdafiə mövqeləri birbaşa, "alın hücumu" üçün əlverişli deyil. Onların ilkin olaraq uzaqdan vurulması, sonra isə dəqiq, "neştər" zərbələri ilə süıradan çıxarılması gərəkdir.

Ermənilərin taktikası çox sadədir: onlar frontal, cinah və çarpaz atəşlərdən yararlanırlar. Məhz bu səbəbdən ordumuz NATO-nun taktiki döyüş standartlarına daxil olan "qapalı kvadrat"dan yararlanır: bu zaman zirehli texnikalar irəliləyir, onun arxasınca isə kiçik qruplar halında hücum dəstəsi intervalı qoruyaraq gedir.

Cəbrayıl-Füzuli-Xocavənd qövsü istiqamətində hazırda gedən döyüşlər də bunun effektiv seçim olduğunu göstərir.

Ermənilər sovet taktikası prinsiplərindən hələ də ayrıla bilmədiklərindən, ümumqoşun döyüşləri stilində müqavimət göstərirlər. Ağdərə-Suqovuşan-Murov strateji üçbucağında olduğu kimi, bəhs etdiyim rayonda da əvvəlcədən hazırlanaraq müəyyənləşdirilmiş istiqamətdə pulemyotlar, minaatanlar, toplar, tanklar və özüyeriyən artilleriya qurğularından eyni vaxtda "xəncər atəşi"ndən istifadə nəzərdə tutulmasını təxminləyirəm.

Bu zaman ermənilər 120 mm çaplı 2C12 "Sani" minaatanlarından xüsusilə aktiv istifadə edə bilərlər.

Ümumiyyətlə, Qarabağdakı döyüş teatrında ermənilərin müdafiə və müqavimət sistemləri mürəkkəb deyil.

Əsas prinsip "səngərlər triosu"dur.

İlk səngərdə şəxsi heyətin başlıca tapşırığı atəş sıxlığı yaratmaqdır.
Lap öndə isə mina-partlayış səddi mövcuddur.

İlk səngərdən 400-600 metr aralıda ikinci müdafiə xəttini təşkil edən səngrlər və blindajlar sistemi var.

Düşmənin üçüncü müdafiə xətti isə ilk səngərdən 600-1000 metr arxadadır.

Blindajdalara gəldikdə isə, ermənilərin taktikası daha bəsitdir. Onlar blindajın giriş qapısını "kaponir səddi" etmir, sadəcə 3 zirehli jileti açaraq qəlpə və güllələrdən qorunma maneəsi yaradırlar.

Düşmənin taktiki fəaliyyət prinsiplərinin digər məqamlarından sonrakı yazılarda bəhs edəcəyəm.

Elçin Alıoğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar