Dünyaya gələn hər azərbaycanlının taleyində iki müharibədən keçmək var...

18 Noyabr 2020 13:32    657 Baxış   
Dünyaya gələn hər azərbaycanlının taleyində iki müharibədən keçmək var...

Müharibənin 40-ı çıxan gün

Sentyabrın 27-si axşamçağı kənddən Bakıya qayıdırdıq. Hava çiskinliydi. Səhər tezdən Qarabağda döyüşlərin başladığı xəbərini eşitsək də, bunun müharibəyə dönəcəyini güman etmirdim. 30 ildə belə atışmalar çox olmuşdu deyə elə sanırdım. Yol uzunu üzü Füzuliyə, Yevlax tərəfə sıralanan hərbi texnikanın, üstü çadır örtüklü maşınların, Pikapların, təcili tibbi yardım maşınlarının daşındığını gördük. Müharibənın başlanğıc səhnələriydi. Film kimi. Niyəsə içimdə bir yüngüllük vardı. Nə həyəcan, nə qorxu, nə nigarançılıq. Bunca hərbiçi və texnikanın qarşısında murdar qonşuların duruş gətirə bilməyəcəyini düşünürdüm. Hacıqabul tərəfdə yolda qalan əsgər maşınlarını gördük. Xarab olmuşdular. Arıq-uruq sürücü əsgərlər maşınları işə salmağa çalışırdılar, o biri əsgərlər yerə tökülüşməmişdi, bir-birinə sığınıb əyləşmişdilər yuxarıda. Görünür icazə yoxuydu. Diqqət çəkməmək üçün, insanları həyəcanlandırmamaq üçün ola bilərdi. Bəlkə də çiskinə görəydi. Əsgər maşınları, hardasa bir on maşın ayrı-ayrı yerlərdə xarab olub qalmışdı, köhnəydilər. O köhnə maşınların yolunu gedən bahalı xarici minik maşınlarının biri də saxlayıb kömək təklif eləmirdi. 120-140-la şütüyürdülər yolda qalan, könüllü olaraq şəhidliyə tələsən cavanların yanından. Bəlkə kömək təklif eləməyə də icazə yoxuydu, bilmirəm. Təsirləndim. Biz əks yoldaydıq. Bakıya çatırdıq. Ordusa Bakıdan Qarabağa doğru yol almışdı. Onda Vətən müharibəsinin ilk günüydü…

Bakıya çatmamış pullu, pulsuz internet kəsildi. Evə gəlincə, sonrakı günlər informasiyanı ancaq tv-dən ala bildim. Müharibə zonasından gələn görüntülərin baş qəhrəmanı “Bayraqdar”lardı. Sevgimizin hələlik tək ünvanı. Dəhşətli mənzərələrdi. Dəhşətin insan ürəyini yüngülləşdirməsi, düşmən olsa belə birinin, beşinin, 15-nin, 50-nin bir həmlədə ölümünə sevinmək də günah deyilmiş…

Kəndlər, rayonlar doxsanlarda necə od-alov içində getmişdisə, eləcə də geri qayıdırdı. Amma bu dəfə ruh yüksəkliyi ilə, milli birliklə, coşquyla, inamla, könüllülərimizlə. Gedənlər gedəndə də görmüşdüm, qayıdanlar qayıdanda da görürdüm. İki müharibə görmüş olurdum. Nənəm, babam, atam, anam kimi. Deyəsən dünyaya gələn hər azərbaycanlının taleyində iki müharibədən keçmək var. Kim bilir, bəlkə də üç müharibədən. Qarabağda müharibə bitməmiş bitirdilər axı…

Mən internetsiz qalanda çoxlarının vpn-i vardı. İstəmirdim. Məsləhət olsa, interneti kəsməzlər deyirdim. Sosial şəbəkəylə doğulmamışıq ki, onsuz yaşaya bilməyək. Sonra gördüm, yox, yaşaya bilmirəm, başladım Hollandiyanın, Almaniyanın, Böyük Britaniyanın internetindən “oğurlamağa”. Gördüm, dostlar çox fəaldılar. İbrahim bəy bir agentliyin işini görür, Aygün xanım od ələyir, Dürdanə xanım fasiləsiz qələbəyə səsləyir … Gördüm nə, tv-də gördüklərim mənim üçün sovet kinosuymuş: bizimkilər hücuma keçir, düşmənin başına od yağdırır və qalib gəlir. Gerçək müharibədə iyirmi günün içində nə qədər şəhid, yaralanan balalarımız varmış. Nə qədər… Necə də gəncdilər, necə də boylu-buxunlu, yaraşıqlıdılar, ilahi. Özün qoru! Gördüklərimdən qorxdum. FB-da hər paylaşılan şəklə “Allah rəhmət eləsin” yazmağa əlim gəlmədi. Qolum qırıldı… Başda yazırdım. Gördüm, yazdıqca, davamı gəlir, mən üzüldükcə, ağladıqca, gözüm tanış axtarınca şəhid şəkilləri çoxalır. Durdum. Dayandım. Murdar qonşulara bəddualar yağdırdım. Mənim Allahım onların, havadarlarının Boq-u ola bilməz dedim. Fb-dan küsdüm. Tərtərdən “Qarabağ adam” dostumuz var, ona zəng elədim. Çox nikbin danışdı. İnandım.

Bir səhər murdar ermənilər Gəncəni bombaladılar. Valideynlərim Gəncədə doğulublar, orda oxuyublar, orda dünyadan köçüblər, orda dəfn olunublar. Nənəm demiş, İmamhüseyn şəhərində. Tez yaxın qohumlardan xəbər tutdum, salamatçılıqdı. Səhəri dağıntılar altında qalan bir ailə - ata, ana və oğulun atamın qohumları olduğunu eşitdim. Əlim ürəyimin üstündə qaldı.

Murdarlar Bərdəyə raket atdılar. Ölən öldü, yaralanan yaralandı, qaçan qaçdı. Müharibə Gəncəni, Bərdəni ürəyindən vurdu. Tərtər heç. Tərtər bu müharibənin Stalinqradıdı. Mən Bərdədə böyümüşəm. Qarabağlı soruşanda bərdəliyəm deyirəm, gəncəli, qazaxlı, tovuzlu, şəmkirli, hətta gürcüstanlı soruşanda gəncəliyəm deyirəm. Hər iki cür deməyə haqqım çatır. (Muğan tərəfə də haqqım çatır, daha onu yazmıram). Bərdəyə zəng elədim, şükür, salamatçılıqdı. Bərdədən Bakıya köç edən qohumlara baş çəkmək istədim, dedilər gəlmə, hər yan xəstəlikdi. Bir də bu varmış. Koronavirus. Yazdan bəri başımızın üstünü alıb. Bilmirəm koronavirus ölümə daha acdır, ya müharibə. Mən bilmirəm, hansı daha uzunömürlüdür, hansı daha neçə ildən sonra “donunu” dəyişib bir də gələcək, qırıb-çatacaq, onu da bilmirəm. Nə çox bilmədiklərim varmış. Bilmədiyimi bilmirəmmiş.

Bu müharibədə ilk dəfə prezidentin çıxışılarına, müsahibələrinə dəfələrlə baxdım, oxudum. Hər cümləsindən bir xəbər quraşdıran saytlara ip yığmağa yardımçı oldum. Məntiqli, aydın danışıq, qələbə əzmi, emosiya, kolorit, əl-qol hərəkətləri, təsir gücü, hər şey yerində idi. Bir zamanlar Vəzirovun çıxışlarına da marağım vardı. Məzəli danışırdı. İlk dəfə ürəyimdə İlham Əliyevə sarı addım atdım. Yaşadığım illəri, çətinlikləri unutmaq istədim. Əhd elədim: Şuşa alınsın, prezidentin partiyasına üzv olacam. Torpaqlarımızın alınmasında əməyim yoxdu, heç olmasa dəstəyim olsun deyə. O günü belə təcəvvür edirdim: gedəcəm partiyanın əsas binasına, ərizə verəcəm, deyəcəklər apar rayon şöbəsinə ver, deyəcəm yox, mən Tağı Əhmədovun sədrliyini qəbul etmirəm, bura prezidentə görə gəlmişəm. Desələr ki, karantinə görə ancaq onlayn müraciət edə bilərsiz, razılaşmayacam, deyəcəm bu addım mənim üçün qəhrəmanlığa bərabərdir, özümü yenməyimdi, üz-üzə, göz-gözə olsun. Əhdimi qohumlara dedim, biri qayıtdı ki, heç Azərbaycan Alyaskanı da alsa YAP-a üzv olmaram. “Alyaskanı alsalar mən də olmaram” - dedim. Elə sanırdım, sıralama Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Xankəndi, Laçın, Şuşa deyə olacaq, O şəhərlərə sancılan bayraqlar get-gedə böyüyəcək. Ən böyük bayraq Şuşada asılacaq. Ən böyük. Qırmızıyla qoşa.

Şuşada dəfələrlə olmuşam. Uşaq vaxtı atam aparardı. Hər il kənddə Son zəngin səhəri atam bir avtobus tutar, məzunları Şuşaya, İsa bulağına aparardı, mən də o avtobusda olardım. (GöyGöl səfərlərimiz də çox olub). Son zəng səfərləri 1994-də mənim Son zəngimlə bitdi. Axırıncı dəfə gərək ki, 1987- ci ildə AzTV-dən ezamiyyətə getmişdim Şuşaya. Bacım Xankəndidə yaşayırdı. Üç gün səhər Şuşaya gedib işimi görür, axşamlar Xankəndinə bacımgilə qayıdırdım. Bacımla yoldaşı həkim işləyirdi, Xankəndi, Şuşa, Ağdam boyda hörmətləri vardı. Xankəndi çox təmiz, səfalı, sakit şəhərdi. Dili, dini ayrı adamlar bir yerdə rahat yaşayırdılar. Hamı qayda-qanunu gözləyirdi. Şuşa fərqliydi, bir ayrı şəhərdi. Qədim, daha doğma, canayaxın, daha sevimli, daha isti və yumşaq. Atmaq, dəyişmək, əvəz eləmək, unutmaq olmaz bu şəhəri. Gəncə kimi.

Nə yazıqlar ki, Ali Baş Komandan sol qulağını sağ əliylə qaşımağı tapşırdı ordumuza. Qarabağlılar demiş, əyənnən girdi xüsusi təyinatlılarımız Şuşaya. “Şuşa bizdədi, Şuşa alınıb, noyabrın 9-u Bayraq günü elan ediləcək”. Şuşa, Şuşa, Şuşa-dilimizin əzbəri oldu. Ayın 9-na səbrləri çatmadı, 8-i elan elədilər. Xanım Əliyeva ayın 8-i üçün qardaşına sağ ol deyəndə ona yaxşılıq yox, pislik elədi əslində. Çoxları kimi mənim də içimdə nəsə qırıldı. Yox, azaldı, kiçildi. Doğulanı böyüməyə qoymadılar. Bayraq boyda Şuşa, Yallı gedən, Azan səsinə oyanan Şuşa “Vağzalı”ya döndü… Şuşanın alınmasına yenə də o qədər sevindim ki, Gəncəni, Bərdəni unutdum. Iki gün bitmədi, sevincim gözümdə, boğazımda qaldı, ürəyimə yapışdı. Yenə “Xocalım, vay” oldu. Yenə Stepan Xanın “başını yedi”. Yenə… Və mən əhd etdiyim kimi Şuşa alınsa YAP-a yazılacam vədimə əməl etmədim. Edə bilmədim. Qoymadılar. Mənim əhdimə, vədimə qıydılar. Rusla birləşib qıydılar… Min rəhmətlik şəhidlərimizə, qazilərimizə, generalından əsgərinəcən balalarımızın əməyinə qıydılar. Qarabağı böldülər. Bayrağı kiçiltdilər. Vətəni murdarlardan təmizləmədilər, “donuzlara, ayılara” yem elədilər. Boz qurdlara qıydılar. Əlbəttə, qazandıqlarımıza, qələbəmizə şükür, amma kiçik hərflə.

Müharibənin 40-cı günü qohumlardan Mərziyənin oğlu Ceyhunun şəhid xəbəri gəldi. Bəlkə də bir ayıydı Əvəzlə Mərziyənin yeganə oğullarından xəbər almaq üçün döymədiyi qapı qalmamışdı. Kimi deyirdi, Ceyhun Murovdadı, kimi deyirdi bizim uşaqla Hadrutdadı, xəbər gəlirdi ki, Şuşaya gedirlər. Gələn xəbərlər çoxalıb əhatə dairəsi genişləndikcə Ceyhundan zəng gəlmirdi. Hamımız Ceyhunun yaşamadığını təxmin edirdik, Mərziyə xəstəxanaları, Əvəz hərbi komissarlıqları gəzirdi. “Sorurdu balam hanı, hər cəbhədən gələndən, Ondan xəbər gəlməyir, xəbər gəlir öləndən”… Sentyabrın 27-si müharibə başlayanda Bakıya çıxdığımız kəndə bu dəfə Ceyhunun yasına getdik. Müsibətdi. Mərziyə boyası qurumamış, əllərinin qabarı, balasının qazancıyla təzə tikdirdiyi “bəy evi”ndə şəhid balasına ağı deyirdi. Faciəydi… Sağollaşıb qayıdanda Mərziyə gözünü yerdən qaldırıb üzümə baxmadan “deyirəm indi Ceyhun zəng edib mama, gəlirəm evə, deyə… Bilirsən, Qalağayında bir şəhidi dəfn ediblər, iki gün sonra sağ-salamat evlərinə qayıdıb. Bilirsən?…” - dedi. Bilmirəm, Mərziyə! Mən daha heç nə bilmirəm.

Fimar Asimqızı



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar