Hacı Zeynalabdin tarixdə zəngin kimi yox, məhz xeyriyyəçi kimi qalıb

24 Yanvar 2022 10:04    1928 Baxış   
Hacı Zeynalabdin tarixdə zəngin kimi yox, məhz xeyriyyəçi kimi qalıb

Yanvar ayının 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılış mərasimi olub. Prezident İlham Əliyevin Sərəncamı ilə metronun “İçərişəhər” stansiyasının qarşısındakı meydanda ucaldılan abidə bürüncdəndir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin 2019-cu ildə heykəlin hazırlanması üzrə elan etdiyi açıq müsabiqədə layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun əsəri qalib seçilib. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Eyni zamanda, Heydər Əliyev Fondu görmə qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə lövhədə əks olunan məlumatları Brayl əlifbası ilə də təqdim edib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak edib. Ölkə rəhbəri tədbirdə çıxış edərək abidənin Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdə ucaldıldığını qeyd edib: “Abidənin quraşdırıldığı yer Bakının tarixi yerlərindən biridir, şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir”.

“Kasıb olduqlarından ata-anam mənə sevgi, məhəbbət, nəvazişdən başqa heç nə verə bilməyiblər, məndə olan bütün yaxşı cəhətlər üçün onlara - məhəbbət və nəvazişlərinə borcluyam. Şübhəsiz, bu da Allah-təalanın iradəsi ilə olub. Bütün işlərimlə yanaşı, fikrim-zikrim xalqımı xoşbəxtliyə çatdırmaqdır. Buna görə gecə-gündüz əlləşirəm. Məqsədə çatmaq üçün çoxlu məktəb açmaq lazımdır. Çoxlu kitab, məcmuə və qəzet çap etdirib, hər yerə - uzaq kəndlərə də göndərilməlidir”.

H.Z.Tağıyev, “Təzə həyat” qəzeti, 12.02.1908
Tamamilə savadsız olan Hacı savadsızlığın acısını duymuş və buna görə də vətən övladlarının, xüsusilə, kasıb, yetim oğlan və qızlarımızın təhsil almasına böyük qayğı göstərmişdir. Hacı avam qatı mövhumatçı molla və qoçuların hədələrinə, dediqodularına, müxtəlif çətinliklərə baxmayaraq, Axund Əbuturab, Qazı Mir Məhəmmədkərim ağa kimi tərəqqipərvərlərin təşviq və yardımı ilə öz xərcinə qız məktəbi tikdirir. 7 oktyabr 1901-ci ildə qız məktəbinin açılışı münasibətilə maarifpərvərlər onu səmimi qəlbdən təbrik etmişlər. Məktəbin açılması münasibətilə təbriklərə cavab olaraq Hacı deyir: “Bu məktəbin güsadi barəsində sizin bu növ izhari-rizaməndlik və məmnuniyyətiniz və bu məktəbə olan məhəbbət və hissiyatınız məni bais edir ki, gələcəkdə mən birmərtəbə dəxi bu məktəbin imarətinin üstünə bina edib vaxtilə bu məktəbi müsəlmanlar üçün ünasiyyə, mədrəsəsi-rüşdiyyəsi (gimnaziya) qərar verim. Sizin bu növ hümmətiniz mənim bu fikrimin əncama gəlməsinin dəxi də təcilinə bais olacaqdır”. Qarabağdan Mirzə Əli əsgər Növrəs qız məktəbinin açılması münasibəti ilə Hacını şeirlə təbrik etmiş və seirin sonunda açılışın maddeyi-tarixini belə vermişdir. Məşhur şairlərimizdən olan Növrəs sonuncu misrada məktəbin açılış tarixini hicri- qəməri təqvimlə əbcəd hesabı ilə vermişdir. Bu misradakı hərflərin müqabili olan rəqəmlər toplandıqda 1319-a bərabər olur.

Ümumi şəkildə götürdükdə, Hacının maarif sahəsindəki xidmətlərinin coğrafiyası çox geniş və çoxcəhətlidir. 30 min manatdan artıq xərc çəkib yetim və kasıb uşaqlar üçün Mərdəkanda kənd təsərrüfatı təməyüllü internet məktəb açır, teatr binası tikdirib, artist və yazıçıların istifadəsinə verir. Qiraətxanalar üçün qəzet və jurnalların pulunu ödəyir. Öz xərcinə Azərbaycan alim və şairlərinin əsərlərini, həmçinin azərbaycancaya tərcümələri çap etdirir. 1905-1911-ci illərdə İran Məşrutə hərəkatına M.Muxtarovla birlikdə silah və pulla yardım edir. İranda onlarla məktəbin açılmasına yardım göstərir. Onları məktəb ləvazimatı və lazımı kitabla təmin edir.
Daxildə və xaricdə oxuyan maddi təminata ehtiyacı olanları daim diqqət mərkəzində saxlayır. Bakı ətrafı kəndlərdə axar suyun azlığı su dəyirmanı tikməyə imkan vermirdi. Ona görə də Hacı Mərdəkanda 1899-cu ildə dən üyüdən elektrik dəyirmanı tikdirir və qəsəbənin əhalisinə ilk dəfə elektrik işığı verir. Hacı həm də böyük beynəlmiləlçi və sülh tərəfdarı olmuşdur. Təkcə bunu qeyd etmək kifayətdir ki, 6 fevral 1905-ci ildə Bakıda Babayev familiyalı bir azərbaycanlının erməni millətçiləri tərəfindən öldürülməsi ilə şəhərdə ermənimüsəlman qırğını başlayarkən, Tiflis bələdiyyə idarəsinin rəisi Vermişevin xahişi ilə o, Tiflis, İrəvan, Şuşa, Şamaxı, Salyan, Gəncə, Nuxa və sair şəhərlərin dövlət məmurları və ruhanilərinə teleqramlar göndərib bu qırğının qarşısını almağı xahiş edir. Hacının teleqramları məclislərdə, kilsələrdə, məscidlərdə, xalq arasında oxunur və xalq onun xahişinə əməl edir. Elə buna görə də fevralın 6-da başlamış qırğına dörd gündən sonra son qoyulur. H.Z.Tağıyev haqqında ilk əsəri doktor Nəriman Nərimanov yazıb. Bu topluda göstərdiyimiz kimi onun yazdığı əsərin təxminən yarısı Hacıya üz tutub millətə deyilən nəsiyətamiz və ibrətəmiz sözlərdən ibarətdir. 1900-cu ildə çap olunmuş və “Hacı Zeynalabdin Tağıyevin 50 illik məişəti və cəmiyyətə xidmətləri” adlanan bu kitabdan sonra onun bioqrafiyasının yazılmasına bir daha təşəbbüs göstərilmişdir. Mənbələrdə müəllifi göstərilməyən bu ikinci bioqrafiya həm azərbaycanca həm də farsca nəşr edilmişdir.

Azərbaycan dilindəki “Sərvət və səxavətlə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-əhvalı” adlanan bu əsər isə 1903-cü ildə hər iki dildə çapdan çıxmışdır. Kitabın üstündə onun kim tərəfindən yazıldığı qeyd olunmasa da, ehtimala görə, müəllif görkəmli yazıçımız Abdulla Şaiqin qardaşı Axund Yusif Talıbzadədir. əsərdə bol-bol sitat gətirilən Quran ayələri, hədislər, farsca şeirlərin mənzum tərcümələri, orijinal şeir nümunələri əsər müəllifinin A.Y.Talıbzadə olduğunu söyləməyə əsas verir. Axund Yusif Talıbzadənin əsrimizin əvvəlində yazdığı aşağıdakı sözləri isə bu ehtimalı daha da gücləndirir: “... ürəyim istəyirdi ki, H.Z.Tağıyevin fəaliyyətləri barədə bir kitab yazım və onun xidmətləri orada müfəssəl surətdə cəm olunsuz. Hörmətli Nəriman bəy Nərimanov böyük zəhmət çəkib, Hacının 20 sentyabr 1901-ci ildə qeyd ediləcək əlli illik fəaliyyəti münasibətilə müxtəsər bir kitab yazdığına görə mən həmin əsəri fars dilinə tərcümə etməyə başladım. Tərcümə zamanı məlum oldu ki, Hacı çox istəyir ki, N.Nərimanovun Azərbaycan dilində yazdığı çox gözəl kitab olan “Nadir şah”ı fars dilinə tərcumə edim və çap olunsun. Mən Hacının özü ilə danışdıqdan sonra “Nadir şah”ı tərcümə etməyə başladım və ona iki müqəddimə əlavə etdim. Ümüdvaram ki, millət və xalqın xadimləri cənab Hacının mədəniyyət sahəsindəki xidmətlərini heç vaxt yaddan çıxarmayacaq və onu həmişə uca tutacaqlar. Onun xeyir işləri daima söyləniləcəkdir”. Deməli o vaxt Bakıda şəriət-ehkam müəllimi olan Axund Yusif Talıbzadə Hacının 50 illik yubileyi keçirildikdən sonra N.Nərimanovun yazdığı əsəri fars dilinə tərcümə etməklə kifayətlənməmiş və özü Azərbaycan və fars dillərində daha mükəmməl bir tərcümeyi-hal yazıb çap etdirmişdir.

Zəngin mənəvi dəyərlərə malik xalqımız mesenat Hacı ZeynalabdinTağıyevin adını hər zaman yaşadacaq, onun kimi uzaqgörən, xeyirsevər, mütərəqqi şəxsiyyətlər yetişdirməkdə davam edəcək.

Rəna Bilyəndarlı,
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar