"Heç arvadım da mənə səs verməyib?"

27 Yanvar 2023 11:33    1229 Baxış   
"Heç arvadım da mənə səs verməyib?"

İsa müəllim sovet dönəmində nazir olmuşdu. Sakit və ifallı adam idi. Onu tanıyanlar hey deyərdilər ki, nazir oldu, amma evinin qapısı taxtadan qaldı, heç olmasa, dəmir eləyəydi. İsa müəllim bəstəboy, arıq bir kişi idi. Son illər onu "Böyük bağ" deyilən yerdə görərdilər.

Müstəqillik illərində siyasətlə məşğul olurdu. Müxalifət partiyalarından birinin ərazi təşkilatının sədri idi. Qarşıdan parlament seçkiləri gəlirdi. Əhali arasında savadı və tərbiyəsiylə seçildiyindən namizədliyini verəcəyi təqdirdə qazanacağına əmin idi. Hətta iqtidarda olanlar da İsa müəllimin qalib gələcəyini düşünürdülər. Amma və lakin başqa şey baş verdi.

Bir gün İsa müəllim mərkəzi prospektlə sakit-sakit addımlayırdı. Qarşısına Rasim çıxdı. Rasim onu uşaqlıqdan tanıyırdı, rəhmətlik atasının naziri olmuşdu. Rasim ayaq saxlayıb İsa müəllimə salam verdi, keçmiş nazirə ağızdolusu gözəl sözlər dedi. İsa müəllim xeyli sevindi. Seçki öncəsi namizədə belə məsələlər qürur verir həmişə. Rasim Bakıda yaşadığını dedi. İşlərinin normal getdiyini söyləyəndə İsa müəllim dedi ki, gəl seçkidə kömək elə, ictimai vəkilim olarsan. Rasim razılıq verdi. Seçki gününə kimi müxtəlif görüşlər oldu.

Keçmiş nazir namizədliyini yaşadığı ünvandan və ərazidən vermişdi. Şəhərdə söz-söhbət gəzirdi ki, İsa müəllim deputatımız olacaq. Seçki günü gəlib çatdı. Mən və dostlar 4 saylı məktəbdə yerləşən mənətəqədə yerimizi tutduq. Səhər saatlarında seçici fəallığı yüksək idi. Təxminən, bir saat ərzində iki yüzə yaxın seçici səs verdi. Çıxanların əksəriyyətinin keçmiş nazirə səs verdiyi sezilirdi. Çünki qoca kişilər, qadınlar qapıdan çıxanda “İsa müəllim yaxşı adamdır” deyirdilər. Rasimin gözü isə qutuda idi. Bilirdi ki, saxtakarlıq olacaq. Biraz keçmiş İsa müəllim özü də gəldi, səs verib getdi. Sonra ailəsi gəldi - iki qızı, kürəkənləri, həyat yoldaşı və oğlu.
Günortadan sonra da keçmiş nazirin bacıları, yeznələri və onların uşaqları. Qonşular da fəallıq göstərirdilər. Rasim çox sevinirdi. İqtidar nümayəndələri isə çox sakit idilər. Arxa sinifə keçib arada bir şeylər atışdırıb, lətifələr danışıb gülürdülər.

Rasim isə çox həyacanlı idi. Səbirsizliklə axşam saat səkkizi gözləyirdi. Tanıdığı adamlardan Emin, Elxan, Elmar, Yağmur da gəldi. Hamısı iqtidar partiyasının üzvləri idi, amma məntəqədən çıxanda hamısı Rasimə göz vurub keçmiş nazirə səs verdiklərinə işarə etdilər. Ancaq axşam saatlarında qəflətən işıqlar söndü. Həyətdə gözləyən polis işçiləri hay-küy saldılar. On dəqiqədən sonra işıqlar yandı. Hər şeyin yeri dəyişmişdi, seçki qutusu da artıq başqa rəngdə idi. Nə isə…. Məntəqə sədri Rahilə müəllimə içəri daxil oldu və komissiya üzvüləri bülletenləri saymağa başladı. Rasimin gözü bülleten sayan adamların əllərində idi. Nəhayət, protokol hazırlandı. İqtidar partiyasının namizədi – 3.750 səs, İsa Mirzəyev – 0 səs. Rasimin halı pisləşdi, otaq başına fırlandı. Protokolu götürüb tələsik keçmiş nazirin qərargahına gəldi. Keçmiş nazir protokoldakı 0 rəqəmini görcək ayağa qalxdı və Rasimə “evə get” dedi: “Səhər saat 10:00 burda olarsan”.

Rasim səhərə kimi yatmadı. Qutunu və bülletenləri qoruya bilmədiyi üçün vicdan əzabı çəkirdi.
Səhər hər ikisi 4 saylı məktəbin qapısından içəri girdilər. Rahilə müəllimə onları sevinclə qarşıladı. İsa müəllimi xeyli təriflədi, ay siz nazir olanda bizlərə çox kömək etmisiniz, ay sizin atanız babamla dost idi və s. Sonra da heç nə olmamış kimi sakit bir təəccüblə soruşdu:

- Görəsən, bu şəhər camaatı niyə sizə səs verməyib?

Nəhayət, İsa müəllim dilləndi:

- Ay Rahilə müəllimə, deyək ki, mən özüm rəqibimə səs vermişəm. Tutaq ki, bacılarım, qızlarım mənə səs verməyiblər, çünki ərləri icazə verməyib. Lap qonşuları da siyahıdan çıxaraq. Mənə cavab ver görüm, bu evdəki bu qurumsağın qızı arvadım kimə səs verib ?

Bunu eşidən Rahilə müəllimə əlini üzünə qoydu və sakit səslə dedi:

- Bıyyyyy! Ay İsa, görəsən, niyə səs verməyib sənə? Görürsən də, bu arvadlar belədilər də!

Keçmiş nazir cəld ayağa qalxdı. Uzun plaşını qoluna atıb Rasimə səsləndi. Qoşalaşıb araq içməyə getdilər. Rahilə müəllimə isə hələ də onların arxasınca baxır və əli üzündə dayanmadan deyinirdi:

-Bıyyyyy, ay İsa, görəsən bu arvad sənə niyə səs verməyib?

Tahir Tahiroviç


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar