Jurnalist 27 il sonra Zəngilanda: "Ahım Allaha çatacaq qədər erməni faşistlərinə lənət oxudum"

27 Yanvar 2021 19:31    742 Baxış   
Jurnalist 27 il sonra Zəngilanda:  "Ahım Allaha çatacaq qədər erməni faşistlərinə lənət oxudum"

27 ildən sonra Vətəndə. Ölmədik bu günü də gördük, çox şükür. Xəzər TV-nin sayəsində, viran qalmış Zəngilanın Mincivan qəsəbəsini gördüm. Hər halı ilə bizə əziz olan yurdumuzu görmək yuxu kimi gəlirdi. Həmkarım Ramal Abdullayev ömrünün sonuna qədər dua sahibi oldu. Mincivanla bağlı süjet çəkdi.

Sevincdən həm ağladım, həm güldüm, amma daha çox üzüldüm Mincivanımı o halda gördüyümə. Amma əsas o torpaqlardı. Bol-bol dua etdim şəhidlərimizin ruhuna, qanı-canı bahasına həsrətimizə son qoydular. Ailələrinə səbr dilədim yurdumun xarabalıqlarında. Qazilərimizə Allah şəfa versin.


Ramala nə qədər təşəkkür etsəm azdır. Çünki 27 ildən sonra Vətənimlə qovuşdurdu məni. Deyiləcək o qədər söz var ki... Postda "Hara, gedirsiniz?", - deyə soruşanda, cavabında "Zəngilana, Mincivana" deyəndə qulağıma qəribə gəlirdi, ürəyim ağzımda döyünürdü. Biz doğrudan Zəngilana, Mincivana gedirik? Həmin bu Zəngilan yazılan lövhəni uzaqdan görəndə, "Ay Allah, şükür, çox şükür" - deməkdən başqa dilim söz tutmadı. Hələ Mincvanın girişində uzaqdan dağın başında Teleqülləni görəndə, Mincivandan Zəngilana gedən yola çıxanda, "Gəldik, gəldik Mincivana, girişindəyik", - deyib 27 ildə sevinmədiyim qədər sevindim. Sürücü maşını saxladı, mən necə hövləng maşından çıxıb, "Ay Allah, bizim bina, bizim evimiz, biz burda yaşamışıq, ay Allah necə dağıdıblar", - dedimsə, gözümün yaşı sel oldu. Uşaqlar ağladığımı görməsinlər deyə, qaça-qaça evimizə tərəf getdim. Gözümün qarşında evimizin gözəl halı, qonşularımiz, Novruz bayramında məhlədə qaladığımız tonqal və daha nələr canlandı. Mina təhlükəsi olar deyə, xarabalığa doğru gedə bilmədim, gedib ağlaya bilmədim dağıntılar altında qalan xoşbəxt günlərimizi.


Biz 27 ildə heç vaxt Mincivandakı qədər xoşbəxt olmadıq. Və 27 ildən sonra da ürək ağrısı ilə də olsa, sevindim ki, Mincivana qayıtdım. Bir tərəfdən sevindim, digər yandan Mincivanda evimizlə yanaşı təhsil aldığım, məzunu olduğum 36 saylı dəmiryol məktəbinin viran halını gördükdə erməni faşistlərinə səsim, ahım Allaha gedib çatacaq qədər lənət oxudum. Məktəbin yaninda 1988-ci ilə qədər yaşadığımız evin isə sadəcə üz divarı qalmışdı. Ürək edib gedə bilmədim yaxına, elə uzaqdan baxıb ağladım.


Bu illər ərzində yaşadığımız o qədər acıya, itkiyə, çətinliyə ağlamadığım qədər ağladım, ölüsünü ağlayan insan kimi ağladım. Cəngəlliyə dönən stansiya Mincivandan 1993-cü il oktyabrın 20-də (Anam dəqiq tarixi dedi) Bakıya ali məktəbə qəbul imtahana gəlmək üçün son dəfə (o gün bilmirdim son dəfə olacağını, bilsəydim heç gəlməzdim) yola düşmüşdüm. 27 il sonra Mincivan stansiya perronuna çıxdım, o baş-bu baş gəzdikcə keçmişdən bir iz axtarırdim, amma yox idi... Baxımsız, sahibsiz, düşmən əlində olan və azadlığa qovuşan bütün yurdlarımız kimi...


Amma çox şükür torpağımızı qaytardıq. Gözəlləşdirmək, əvvəlkindən də yaxşı etmək bizim əlimizdədir.


Vəfa Fərəc, jurnalist




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar