Kişinin xəbəri varmı?

16 Sentyabr 2020 13:32    798 Baxış   
Kişinin xəbəri varmı?
Keçən günlərdə sosial şəbəkədə gördüm vəfat xəbərini. Paylaşımın altından bütün yaş və bütün kəsimlərdən başsağlığı rəyləri vardı. Dərhal da kəndimizin mollası, rəhmətlik Mirzə Tahar kişinin sözləri yada düşdü: “Əgər görürsən ki, bir adam öüb və hamı üzülür, dəfnə tələsir, demək ki, o adam yaxşı adammış...”.

Mənim yaddaşımda da yaxşı adam kimi qalıb rəhmətlik. Namiq Həsənovu deyirəm. Uzun illər Naxçıvanda müxtəlif vəzifələrdə çalışmış, Heydər Əliyevdən sonra bir neçə il Naxçıvan MR Ali Məclisinin sədri işləmiş, dövlət və xalq adamı Namiq Həsənov. Sonralar bir neçə dəfə Bakıda yığıncaqlarda və məclislərdə görmüşdüm, amma “yaddaşımda yaxşı adam kimi qalıb” deməyimə səbəb bir xatirəm var. Kifayət qədər maraqlı bir xatirə. Gəlin, sizə danışım...



İl 1995, mart ayının əvvəli. Naxçıvanda və əsasən də Ordubadda hələ də “cəbhəçi-YAPçı” qarşıdurması davam edir, proses kiçik kəndlərə, məhlələrə qədər yayılıb. Bizim kənd də ki, heç də, biz elə əvvəldən atəş xəttindəydik. Lənət şeytana...

Vəziyyəti qısaca izah edim. Cəbhə hakimiyyəti vaxtı, bizim kənddə YAPçılar bütün problemlərin həllini əyninə hərbi forma geyib, dağda-daşda olan, arada da kənd içinə çıxıb siyasi söhbətlər edən cəbhəçilərdə görürdülər. Məsələn, Əli əmioğlu məhlədə çomağını qaldırmışdı çoban Hüsnünün üstünə ki, “hanı mənim un normam?”. Görənlər deyir, araya girən olmasa, Hüsnü o çomağı “yeyəcəkmiş”, zorla alıblar kişinin əlindən cəbhəçi Hüsnünü. Sonra YAP hakimiyyətə gəldi, bu dəfə də cəbhəçilər kənddəki YAPçılardan tələb etdilər ki, “bir ayın içində verilən altı rayonu tez eləyin, alın qaytarın özümüzə!”.
(Allah üçün danışsaq, Əli əmoğlunun un norması da, hətta qənd-yağı da, gec də olsa, gəlib çıxırdı. Ama di gəl o rayonlar hələ də qayıdacaq, yenə də.)

Bax o aralar, konkret desək, 94-95-ci illərdə bizim o forma geyib dağlara çıxan cəbhəçilərin qara günləri idi. Həm də tək onların yox, onlara görə elə bütün kənd cavanlarının. Hakimiyyət orqanlarında da özfəaliyyət baş alıb gedirdi deyə, hansı polis hansı cəbhəçini görürdüsə, tutub aparırdı. O üzdən də cəbhəçilər çox görünməməyə çalışırdılar. Əsas da rayon mərkəzində.

Di gəl, bu mart ayı oldumu, bizim tərəf adamını öldürsən də, ən azı bir-iki dəfə rayona enib bayram bazarlığı, çərşənbə “part-purtu” almalıdı axı. O ara yenə nəsə olmuş, polis əsəbləşmiş və rayon mərkəzində bizim nə qədər gənc kəndçimiz varsa, hamısın tutub aparmışdılar Naxçıvana. Azı 15-16 nəfər kəndçimiz “içəridəydi”. Allah üzümüzə baxsa, uzağı 10 ilə bizim kənddən nə lotular, nə vorzakonlar çıxa bilərdi. Di gəl, heç ona da imkan vermədilər...

Kəndin ağsaqqalları və tutulanların valideyinləri yığışıb məhz bu məsələ ilə bağlı Naxçıvan Ali Məclisinə şikayətə gəlmişdilər. Mən də birinci kurs tələbəsiydim, dərsdən qaçıb gəlib kənd camaatına qoşulmuşdum. Yox, bu gənclik marağı zadı deyildi. Anladığınız, mənim özüm də bir az cəbhəçiydim. Və hadisədən xeyli hiddətlənmişdim.

Ali Məclis qarşısında bir neçə saatlıq gözləmədən sonra xəbər gəldi ki, sədr Namiq Həsənov bizi qəbul edəcək. Zala keçdik. Bəlli olurdu ki, bizim gözlədiyimiz vaxtda içəridə hazırlıq gedirmiş. Naxçıvan televiziyasının kameraları qurulmuş, zal tamamilə hazırlanmışdı. Sədr gəldi, iclas başladı. Çox maraqlı və tarixi bir görüş idi. Təsəvvür edin, bir evdən iki nəfər tutulub, eyni adda iki nəfər var içəridə. Yəni həbs bu qədər genişçaplıdı. Di gəl, ələ dəyəcək cəmi bir sübut var, o da həbs olunanlardan birinin maşınından “nun-çak” dediyimiz o karate merətinin çıxmağıdı. Halbu ki, o vaxt o aləti İrandan dəstə-dəstə alıb gətirib, gənclərə paylayanlar vardı. Kənddə o aləti fırlatmaq istəyərkən öz başını-gözünü şişirtməyən adam ya bir olardı, ya iki. İndi həmən bu alət dönüb olmuşdu “soyuq silah”. Adama deyərlər, yaxşı bunu bildik, bəs o qalan 14 nəfəri niyə tutmusuz?

Rəhmətlik Namiq müəllim bütün valideyinləri və ağsaqqaları dinlədi. Sonda özü çıxış etdi. O görüşdə dövlət adamının nə çıxış edəcəyini siz özünüz də təsəvvür edirsiniz deyə, mən ayrıntılara girmirəm. Gəlirəm mətləbə. Çıxışının sonların yaxın, müəllim üzünü kameralara tutub dedi ki, “ kameraları söndürün, mən indi deyəcəyimi çəkiliş üçün demirəm”. Rəvan və sakit danışığı olmasa, adam fikirləşərdi ki, kameralar sönən kimi söyüş edəcək yəqin. Ama yox, rəhmətlik heç elə adam təsiri bağışlamırdı. Bəlkə də elə ona görə uzun sürmədi hakimiyyəti...
“İndi yığışıb gəlmisiz, etiraz edirsiz. Amma bir neçə vaxt əvvəl, sizin kənddə bir YAPçının tövləsindən cəbhəçilər girib o qara qoçu aparanda niyə etiraz etmirdiniz?” - Namiq müəllimin cümlələri zala su səpdi sanki. Və bununla da sədr revanş götürüb, “hücuma keçdi”.

(Vay dədə vay! Bir dəqiqə! Hadisə baş verib, doğrudur. Kişinin tövləsindən heyvan gedib. Kişi də mərd kişidi ha, bəlkə gedib istəsən, özü çıxarıb verər o heyvanı. Özü də bir neçə heyvan gedib, içində də qara qoç olub, doğrudur. Amma oğruluqda “cəbhəçiləri” suçlamaq bir az ağır ittiham oldu. Biz bildiyimiz cəbhəçi oğurluq eləməz axı. Sadəcə zərərçəkən tərəf YAPçıdı deyə, ikinci tərəf mütləq cəbhəçi olmalıdı da...)

Əslində, detallara varmaq lazım deyil e. Mən başqa şeydən danışıram. Respublikanın ən ucqar kəndlərinin birində, bir tövlədən qoç oğurlanıb və bu oğurluq qoçun rənginə qədər ən yüksək hakimiyyət nümayəndəsinə məlumdur. O qədər dəqiq məlumdur ki, üstündən nə qədər keçsə də, xatırlayıb deyir. Kameraları söndürmə jesti ilə, elə formada deyir ki, şikayətə gələnin daha deməyə sözü qalmır.
Bax, odur-budur, düz 25 ildi mən “ rəhbərin xəbəri yoxdu”, “A kişi, vallah Özü bilmir, bilsə, imkan verməz” söhbətlərində Namiq müəllimi yada salıb gülümsünürdüm. Bundan sonra da rəhmət verəcəm. Ürəyimdə, bəzən də yerinə görə aşkarda da deyirdim ki: “Rəhbər nəinki hadisəni, hətta qoçun rəngini də bilir”. Elə məhz bunu mənə öyrətdiyinə görə də dedim ki, mənim də xatirimdə yaxşı adam kimi qalıb!

(Əgər sizə bizim kənddən tutulanların aqibəti də maraqlı qaldısa, deyim ki, bir neçəsi elə həmin gün o görüşdən sonra buraxıldı. Qaldı dörd nəfər “residivist.” Bir iki ağsaqqal cəhdindən sonra onlardan da ikisi azad oldu. Və ən sonda, Bakıda 1995-ci il mart hadisələri baş verəndə qalan ikisini də tələsik açıb buraxdılar ki, özləri Bakıya köməyə gəlsinlər. Bax belə.)

Sonralarsa, zaman-zaman “YAP-cəbhə” alovunu göydə Allah təala, yerdəsə hökümət içimizdən götürdü. Cəbhəçilər yarısı təslim oldu, yarısı da qaçdı. İndi ta hamı YAPçıdı! Rahatçılıqdı. Belədə tutulan zad da olmur axı!

Çingiz Özgür


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar