Moskvada 11 saata yaxın davam edən görüşdə nələr baş verib - Hadisələri canlı izləmiş jurnalist yazır

10 Oktyabr 2020 22:32    885 Baxış   
Moskvada 11 saata yaxın davam edən görüşdə nələr baş verib -  Hadisələri canlı izləmiş jurnalist yazır

Dünən, daha doğrusu həm də bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutdu. Rusiya prezidenti Vladimir Putinin dəvəti əsasında Moskvaya təşrif buyuran Azərbaycan və Ermənistan Xarici siyasət idarələrinin rəhbərlərini Rusiya XİN başçısı Sergey Lavrov qəbul edirdi.

Əvvəlcə saat 15-ə planlaşdırılan görüş, daha sonra saat 16-ya keçirildi. 16:25-də isə start götürdü. Rusiya XİN-in Qəbulllar Evində keçirilən görüşə maraq həddindən artıq böyük idi. Moskvada koronavirus infeksiyasına yoluxmanın rekord səviyyəyə qalxması ilə əlaqədar ancaq Rusiya və münaqişə tərəfləri olan ölkənin mediaları görüşə akkreditasiya olunmuşdu. O da çox məhdud sayda...Azərbaycandan cəmi iki jurnalist görüşü işıqlandırırdı ki, onlardan da biri mən idim.

Adətən nazirlərin üçtərəfli görüşünün protokol hissəsində qonaq qəbul edən tərəfin qısa çıxışı olurdu. Lakin bu dəfə hər şey başqa cür oldu. Protokolun 30 saniyəlik hissəsi açıq keçdi. Qəbul edən tərəf, yəni, Sergey Lavrov heç bir söz demədən media zaldan çıxarıldı. Operatorlar həmin görüşün protokol hissəsində cəmi 30 saniyəlik video çəkə bilmişdilər.

Jurnalistləri ikinci mərtəbədə yerləşən mətbuat mərkəzinə topladılar. Üstlərinə də Federal Mühafizə Xidmətinin əməkdaşlarını nəzarətçi qoydular. Mətbuat Mərkəzindən heç bir jurnalistə nazirlərinin görüşünün keçirildiyi zalın yaxınlığına belə getməyə icazə verilmirdi. Lakin arada siqaret çəkmək adı ilə bu icazəni pozub qızğın danışıqların getdiyi məkana baş çəkə bilirdim. Orada baş verənlər barədə biraz sonra...

Qayıdaq jurnalistləri topladıqları mətbuat mərkəzinə...Rusiyanın federal kanalları “Rossiya 24”, “Perviy kanal” və “Rossiya Today-RT”-nin ən məşhur jurnalistləri bu görüşü mətbuat mərkəzindən canlı bağlantılarla işıqlandırırdılar. Rusiya XİN nazirlərin görüşü başlamamışdan öncə görüşün proqramı barədə jurnalistləri xəbərdar etmişdi. Bildirilmişdi ki, görüşün yekunları ilə bağlı üç ölkənin XİN başçısının birgə mətbuat konfransı keçiriləcək və hər ölkədən bir jurnalistin sual vermək şansı olacaq. Təbii ki, bu şəxsən məni qanə edirdi. Çünki Rusiya XİN başçısına ünvanlanacaq sualım hazır idi. Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın dinc rayonlarının atəşə tutulmasına, Mingeçəvir Su Elektrik Stansiyasının hədəf alınmasına, dinc sakinlərin həlak olmasına, eləcə də Ermənistan atılan raketin birinin Dağıstana düşməsinə, bütün bu faktların işğalçı ölkənin regionun təhlükəsizliyini tədid etməsinə münasibət bildirməsini soruşacaqdım Lavrovdan...amma sən saydığını say...gör danışıqlar aparan nazirlər nə sayır... Danışıqların uzun çəkməsi məndə yekun mətbuat konfransının olmayacağı, onun əvəzinə birgə bəyanatın rusiyalı nazir tərəfindən səsləndiriləcəyi şübhəsini yaratmışdı...elə də oldu.

Rusiya və xarici mətbuat, eləcə də onlara istinad edən Azərbaycan mətbuatı ara sıra görüşün bitməsi, Azərbaycan XİN başçısının görüşü tərk etməsi kimi təsdiqlənməmiş məlumatlar yayırdı. Lakin bütün proses gözümüzün önündə baş verirdi.

11 saata yaxın davam edən görüş, əslində çox böyük fasilələrlə davam edirdi. Yəni, nazirlərin 11 saata yaxın oturub müzakirə apardıqlarını demək olmaz. Hər fasilə vaxtı mətbuat görüşün bitdiyini yazırdı. Lakin görüş bitmək bilmirdi ki, bilmirdi.

Axşam saatlarında Azərbaycan XİN başçısı Ceyhun Bayramov məsləhətləşmələr üçün həqiqətən də görüşün keçirildiyi məkandan müvəqqəti ayrılmışdı. Nazirimizin kortejinin Rusiya XİN-in Qəbullar Evindən ayrılmasını görən media nümayəndələri görüşün bitdiyini və ya azərbaycanlı nazirin danışıqları yarımçıq tərk etdiyini zənn edirdilər.

Onu da qeyd edim ki, üçtərəfli görüşü işıqlandıran media nümayəndələrinin sayından daha çox jurnalist Rusiya XİN-in Qəbullar Evinin qarşısına keşik çəkirdi. Onlar binaya kimin gəldiyini, kimin çıxdığını müşahidə edirdilər və media mərkəzindəki həmkarlarına bu barədə xəbər verirdilər.

Danışıqlar başlamamışdan öncə Qəbullar Evinin qarşısında keşik çəkən rusiyalı jurnalistlər binaya müəmmalı bir avtomobil kortejinin daxil olduğunu, lakin mühafizəçilər tərəfindən həmin kortejin görüntülənməsinin qarşısının ciddi cəhdlə alındığını bildirirdilər.

Media Mərkəzində rusiyalı jurnalistlərin görüşü işıqlandırma prosesini maraqla izləyirdim. “Rusiyanın sülh göyərçini olması”, “Moskvanın Bakı və İrəvanı danışıqlar masasına oturtması”, “1994-cü ilin atəşkəsi və 2016-ci ilin aprel müharibsəindən sonrakı atəşkəslərdə bu ölkənin rolu” Rusiya media nümayəndələrinin əsas tezisi idi. Hətta Rusiya telekanallarının jurnalistləri canlı bağlantılarında media mərkəzində Azərbaycan və Ermənistan media nümayəndələri aralarında heç bir qarşıdurmanın qeydə alınmadığını belə “xəbər” kimi vurğulayırdılar. Ara-sıra bizə yaxınlaşır, münaqişənin tarixi, müharibənin nədən indi başlaması ilə bağlı suallar verirdilər. Təbii ki, həm münaqişənin tarixi, həm də hərbi qarşıdurmaların nə səbəbdən indi bərpa olunmasının səbəbini əsaslı şəkildə rusiyalı həmkarlarımıza izah edirdik.

Gələk Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi zala tərəf. Ara-sıra gözə dəymədən bunu etmək mümkün idi. Artıq gecə saat 1-i keçmişdi. Nazirlər hələ də danışıqlar aparırdılar. Mətbuatda yayılan fotolarda görünən kimi deyil, yəni, görüşdə təkcə üç nazir deyil, həm də onları müşaiyət edən iki nümayəndə- müavin və köməkçisi iştirak edirdi. Yəni, bu görüşdə nazirlər təkbətək deyil, nümayəndə heyətləri ilə birgə iştirak edirdilər. Zala yaxınlaşanda dəhlizdə Azərbaycanın səfiri Polad Bülbüloğlu ilə qarşılaşdım. Polad müəllim, hər zaman olduğu kimi, özünxas diplomatik emosionallğı ilə kiminləsə telefonla danışırdı. Dəhlizin o biri küncündə isə Ermənistan səfiri görünürdü. Səfirlər və diplomatların əhval-ruhiyyəsi ilə bağlı şərh vermək istəmirəm. Özünüz yəqin başa düşərsiz.

Nazirlərin görüşünün keçirildiyi zaldan əlavə münaqişə tərəfləri olan ölkələr üçün məsləhətləşmələrdən ötrü əlavə otaq da ayrılmışdı. Nazirlər üçlü görüşdən sonra təklikdə məsləhətləşmələr aparmaq üçün həmin otağa toplaşırdılar.

Əldə etdiyim məlumata görə, əslində danışıqlar çox gərgin keçirdi. Gərgin keçməsinə səbəb isə Ermənistanın absurd tələblər irəli sürməsi, Azərbaycan tərəfinin isə öz mövqeyində təkidlə qalması idi. Danışıqların uzun sürməsinin səbəbi isə görüşün nəticələri ilə bağlı yekun bəyanatın razılaşdırıla bilməməsi idi. Sənədin bəndlərinin razılaşdırılması üstündə uzun müddət qızğın müzakirələrin getdiyi bildirilirdi.

Azərbaycan tərəfi bu səbəbdən tez-tez məsləhətləşmələr keçirirdi. Açığı, Ermənistan tərəfini məsləhətləşmələrə gedən görmədim. Bildiyim və gördüyüm qədəri ilə Mnatsakanyan elə fasiləni də Lavrovun yanında keçirirdi.

Nəhayət danışıqların bitdiyi açıqlanır. Artıq saat 3-ə yaxınlaşırdı. Əvvəlcədən verdiyim proqnoz özünü doğrultmuşdu. Mətbuat konfransı təşkil olunacaq zalda əvvəlcədən qoyulan üç bayraqdan yalnız biri, yəni, Rusiya bayrağı qalmışdı. Bu onu göstərirdi ki, media önünə yalnız Sergey Lavrov çıxacaq.

Lavrov 1 dəqiqə ərzində 11 saatlıq danışıqların nəticəsi olaraq yekun sənədi oxuyur və media ilə sağollaşır. Sənədlə hamı tanış olub. Onu daha burada qeyd etmirəm. Gələk danışıqların nəticələri ilə bağlı yekun sənədin məğzinə...11 saatlıq danışıqlarda 4 bəndlik sənədin qəbulu əslində Moskva danışıqlarında Ermənistan tərəfinin fiaskoya uğramasının göstəricisi idi. Əslində Moskvanın da planlaşdırdığı və ya ümid etdiyi bu deyildi. Moskva danışıqların nəticələri ilə bağlı geniş tərkibli yekun sənədin imzalanacağını və yekunda nazirlərin mətbuat önünə çıxıb sülh mesajları verməsini planlaşdırırdı. Lakin bu baş vermədi. Əldə etdiyim məlumatlara görə, hətta həmin gün danışıqların nəticələri ilə bağlı yekun sənədin imzalanmaması ehtimalı da olub. Danışıqların bir gün sonra davam etdirilməsi ehtimalı müzakirə olunub. Lakin bütün dünyanın nəzəri üstündə olan şimal qonşumuz hansı yolla olur olsun yekun sənədin həmin gün imzalanmasını təkid edib.

Təbii ki, bu başa düşülən idi. Əgər yekun sənəd imzalanmasa idi, Moskvanın Dağlıq Qarabağ münaqişəsində 30 ilə yaxındır ki, əsas orbitr rolu oynamasının üstündən bir qara xətt çəkiləcəkdi ki, Kreml bununla heç cür razılaşa bilməzdi. Ona görə də, danışıqların nəticələri ilə bağlı olmazsa-olmaz dörd bəndlik yekun sənəd imzalandı. Hərbi əsir və digər saxlanılan şəxslərin, eləcə də cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə 10 oktyabr saat 12:00 tarixindən təşkəs elan olundu. Sənəddə ən maraqlısı və deyərdim ki, ən əsas məqam ikinci bənd idi ki, bu da atəşkəsin parametrlərinin daha sonra razılaşdırılmasının qeyd olunması idi. Atəşkəsin parametrləri deyəndə nə nəzərdə tutulur? Təbii ki, atəşkəsin müddəti və ona nəzarət mexanizmləri...Əgər 11 saata yaxın davam edən görüşdə bu həssas məqamlar razılaşdırımayıbsa, sənədin mətnində dəfələrlə işlədilmiş kəlmələrdən ibarət söz yığını qeyd olunubsa, o zaman həmin sənədin formal xarakter daşıması ən böyük ehtimaldır.

Həm də özünü atəşkəsin qüvvəyə minməsindən bir saat sonra təsdiqləyən ehtimal...Sülh anlamı daşımayan atəşkəs pozulub, müharibə davam edir.

Fərid Əkbərov, İctimai TV-nin Rusiyadaki xüsusi muxbiri, XİN rəhbərlərinin görüşünü izləmiş jurnalist



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar