Nəyə görə Rusiya deyil, Türkiyə bayrağı - Düşünmək növbəsi Moskvanındır

14 Oktyabr 2020 19:12    814 Baxış   
Nəyə görə Rusiya deyil, Türkiyə bayrağı -  Düşünmək növbəsi Moskvanındır

Prezident İlham Əliyevdən müsahibə alan Rusiyanın RBK telekanalının müxbirinin Bakının küçələrində Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağının dalğalanması ilə bağlı sualı ətrafında düşündüm. Bu sualda yalnız qısqanclıq olsaydı, məsələyə reaksiya verməzdim. Əslində müxbir günlərdir Rusiyanın müxtəlif telekanallarında səslənən “Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycandan da sərt mesajlar verir”, “Türkiyə niyə özünə bu qədər əl qatıb?” kimi fikirlərin bir növ, davamını gətirib. Və bu fikirləri dövriyyəyə buraxan Ermənistandır. Daha doğrusu, ölkənin baş naziri Nikol Paşinyan...

Azərbaycan Prezidenti suala kifayət qədər dolğun və dəqiq cavab verdi. Hər kəsə məlumdur, cənab İlham Əliyevin nələri söylədiyi, təkrarlamaq istəməzdim. RBK müxbirinin öz sualına aydınlıq gətirmək üçün “bu, o deməkdirmi ki, Azərbaycanda Rusiyanın təsiri azalıb və ya Azərbaycanda insanların Rusiyaya münasibəti dəyişib?” məntiqi üzərində dayanacam.

Azərbaycanda Rusiyaya münasibət prinsipcə dəyişməzdir. Ötən illərdə necə idisə, yenə elədir. Dövlət başçımız müsahibəsində Azərbaycanda rusların yaşamasından tutmuş rus məktəblərinədək bir çox məqamları vurğuladı və buradan nəticəyə gələk ki, münasibətimiz hətta yaxşılığa doğru dəyişib. Amma bu dəyişmə o dəyişmədən deyil.

Azərbaycan insanının, Azərbaycanda yaşayan və ölkənin vətəndaşlığını daşıyan şəxsin özü dəyişib. Bir xalq olaraq fərqli olmuşuq. Bəli, siyasi mənada yanaşsaq, rusbaşlılarımız var, onlardan danışmaq istəmirəm ki, mətləbdən uzaqlaşmayım. Həm yalnız rusbaşlılarımız yox, müxtəlif başlılarımız az deyil. Ancaq illər göstərdi ki, bu başlar böyük ölçüdə onlardan “gözləntiləri” doğrultmadılar. Çünki doğrultmaları üçün zəmin yoxdur.

Əlbəttə, bu, Azərbaycan iqtidarının məsələyə həssas yanaşmasının nəticəsidir. Ancaq nəzərə alaq ki, bizdə böyük ölçüdə müxtəlif başlılıq kimi mərəz olmayıb. Bu xalq yaşamaqdan zövq alan xalqdır, qonaqpərvərdir, insansevərdir, əliaçıqdır, səmimidir, mərddir, riyakar deyil, bir tikəsini qonşusu ilə böləndir və s. Xalqımızın yanaşması içdəndir, səmimidir.

Bəli, illər bizə çox şeyi öyrədib və öyrəndiklərimiz fonunda bir toplum olaraq dəyişməyimiz Rusiyanın dünya siyasətindəki yeri və roluna düzgün qiymət verməyimizlə bağlıdır. Biz Rusiya faktorunu doğru dəyərləndirməyi bacardıq. Rus xalqı böyük xalqdır. Rus dili dünyanın üçdə birinin danışdığı dildir. Məsələyə bu kontekstdən yanaşdıq.

Digər tərəfdən, necə və nəyə görə Rusiyadan üz döndərək? Ölkəmizdə ruslar digər xalqların nümayəndələri kimi yaşayıblar və yaşayırlar. Axı Vətənizimin müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda ruslar da döyüşüb, can alıb, can veriblər. Bu gün də elədir. Onlar bizlərdən biri olublar. Bizə qarşı səmimi davranıblar.

***

Şimal qonşumuza münasibətin ötən əsrin 90-cı illərindəki vəziyyətdən müsbət mənada fərqlənməsi qeyd etdiyim reallıqları şüurlu şəkildə dərk etməyimizlə bağlıdır. Hərçənd 366-cı alayın Xocalıda ermənilərlə birgə törətdiklərini unutmamışıq, unutmarıq da. Unutmarıq ki, 30 illik erməni işğalı əslində 70 illik sovet işğalının davamı kimi meydana çıxan hadisədir, məhz sovet işğalının bizə vurduğu yaradır.

Bəli, biz Rusiya ilə münasibətimizi sabit saxlamağı öyrənməklə əslində o münasibətlərin dəyişməzliyini qoruduq. Bunu bir yerə qədər etdik. RBK müxbirinin qaldırdığı bayraq məsələsi isə münasibətdən çox, səmimiyyətdir. O səmimiyyət ki, qarşılığı mütləq qaydada görünməlidir. Rusiyadan o səmimiyyəti görmürük, görməmişik də.

Azərbaycan insanı Türkiyə bayrağını içindən gələn arzu və istək olaraq qaldırır. O bayrağa müqəddəs yanaşır. Rusiya ictimai rəyi bunu düşünsün. Düşünsün ki, 70 illik bilavasitə rus təsiri, ondan əvvəlki çarizm dövrü oldu, nə üçün bu millət rus bayrağını sevmədi? Tamam, türkük, gendən gələn xüsusiyyətdir, nəinki Anadolu və Azərbaycanın, bütün dünyanın türklərini az və ya çox dərəcədə bir-birilərinə bağlıdırlar.

Amma gəlin düşünək, Rusiyanın bizim onu indi səmimi qarşılamağımız üçün 200 ildən artıq müddətə dayanan şansı olub. Tarixə getməyək, ən azından 30 illik müddətin özü az deyil. Rusiya nə etdi bəs? Səhv elədi. İmperiya ambisiyalarında ilişib qaldı. Özünü yüksək tutdu. Söhbət bizdən, Qafqaz coğrafiyasından gedirsə, Rusiya məhz Qarabağ məsələsində böyük səhvə yol verdi. Halbuki ondan ədalətli davranmaq tələb olunurdu. Ona yaraşan ədalət idi…

Rusiya indi də ədalətli ola bilmir. Bir ovuc erməninin əlində oyuncağa çevrilmiş kimi davranır. O boyda ölkənin ictimai rəyi erməni avantürizminin girovuna çevrilib. Dünyanın ən böyük ölkəsinin ən tanınmış jurnalisti efirdən axmaqlayır, “Lavrovla danışa bilmirsinizsə, Şoyquyla danışmağı öyrənərsiniz” mesajını verir, hədə-qorxu gəlir. Rusiya bu sərsəm başlarla nə etmək istəyirlər, bilmək çox çətindir. Tamam Rusiya güclüdür, nəhəng ordusu var və s. Amma Rusiyaya Azərbaycanla danışmaq üçün ordumu lazımdır?

Görəsən, Rusiya cəmiyyəti solovyovbaşların, zatulinçilərin onlara xeyir gətirməyəcəyini, zərərə sürüklədiyini görmür? 30 il heç də az vaxt deyildi. Ötən 30 ildə Rusiya məhz o zatulinçilərin və solovyovbaşların erməni konyakının gətirdiyi sərxoşluğu ilə mürgülədi. Hələ də ayılmayıb. “SSRİ dağıldıqdan sonra bütün respublikalar kimi Dağlıq Qarabağ da müstəqillik əldə etməliydi” deyərək əslində Rusiyanın federativ quruluşu üçün bombaya çevrilmiş Soros layihəsi Paşinyana rəğmən erməni sevgisindən xumarlanan Rusiyanı görürük. Halbuki ədalətli Rusiya görməliydik.

Biz Türkiyəni gördük. Tamam, Rusiya kimi Türkiyənin də Qafqazda maraqlarının mövcudluğunu qəbul edirik. Belə də olmalıdır. Hər məsələdə ilahi ədalət və qanunauyğunluq axtaracaq qədər sadəlövh deyilik. Amma illər bizə Türkiyə insanını, Türkiyə dövlətini daha yaxından tanımaq imkanı verdi. Deyə bilmərik ki, ötən 30 ildə Türkiyə ilə münasibətlərimiz həmişə rəvan oldu. Bir-birimizdən incidiyimiz, küsdüyümüz zamanlara şahidlik etdik. Amma biz Azərbaycan türkləri heç vaxt ağlımıza gətirmədik ki, Türkiyə nəyəsə görə orada yaşayıb özünə çörək pulu qazanan azərbaycanlıları ölkədən çıxara bilər. Fəqət öz aramızda danışdıq ki, Rusiyanı hirsləndirməyək, oradakı 2 milyon insanımızı geri qaytarar. Qaytardığı vaxtlar oldu. Düşüncəmizdə haqlı çıxdıq. Budur Türkiyə ilə Rusiyanın fərqi…

İllər ərzində öz maraq və mənafelərini Azərbaycanın haqq işi ilə uzlaşdıran, uzlaşdırmaq üçün çalışan, prinsiplər müəyyənləşdirən Türkiyəni gördük. Gördük ki, Türkiyə Azərbaycana görə işğalçı Ermənistanla sərhədlərini bağlı saxlayır. Gördük ki, Türkiyə dövləti öz böyüklüyünü, böyük olmaq əzmini bizə qarşı nümayiş etdirdiyi səmimiyyəti ilə isbatlayır. Belə olan halda Azərbaycan insanı Türkiyə bayrağını öz bayrağı bilib öpüb gözü üstünə qoymasın, nə etsin? Ən əsası Türkiyə insanı da çiyinlərində Azərbaycan bayrağını gəzdirir. O, illərdir öz azərbaycanlı qardaşları ilə birgə “Qarabağa ədalət” deyə hayqırır. Rusiya cəmiyyəti bunu niyə indi görür? İndi görürsə, deməli böyük səhv edib. Görünür, erməni oyuncağı ilə başını çox qatıb, qəflətə dalıb.

Dağlıq Qarabağ münaqişəsinin alovlandığı indiki mərhələdə Rusiyanın Azərbaycanla bağlı siyasətində ciddi korrektələrə getməsi şərtdir. Bunu tək yolu Azərbaycanın haqq işi olan Qarabağa ədalətdir. Biz bu ədaləti düz 30 il gözləmişik. Bir 30 il də gözləməyə nə vaxtımız, nə də həvəsimiz var. Düşünmək növbəsi Moskvanındır. Ancaq və ancaq ədalətli düşünmək növbəsi.

Əvəz RÜSTƏMOV



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar