Putinin mətbuat konfransına sözardı...

18 Dekabr 2020 12:53    469 Baxış   
Putinin mətbuat konfransına sözardı...

Dünən Rusiya Prezidenti Vladimir Putin geniş mətbuat konfransı keçirdi. Konfransdan maraqlı məqamlarla bağlı fikirlərimi bölüşmək istəyirəm:

1. Navalnı haqqında danışmağından məlum oldu ki, Rusiya hələ tezliklə demokratik cəmiyyət qurmaq fikrində deyil;

2. Sualların tərkibi, qoyuluş forması, jurnalistlərin danışığı bir daha göstərdi ki, Rusiya əyalət ölkəsidir. Problemlərə münasibətdə düşüncə tərzi, yanaşma forması eynən geridəqalmışlığı, “xeyirxah çar” axtarışını göstərirdi;

3. Bayırda “2020-ci ildir, hələ də su ilə təminat üçün planınız varmı?” - sualı verilir Prezidentə. O da heç əhvalını pozmadan “Bəli, plan var”, - deyir. Bu da ölkənin ən sadə məsələlərə aid “strategiyası”;

4. Donbas və Dnestryanı məsələlərlə bağlı suallara verdiyi cavablardan aydın oldu ki, müharibədən qaçış yoxdur, Rusiya geri addım atmayacaq. Sonda lazer silahı, hipersəs sürətli raketlərdən danışmağı da bunu təsdiq edirdi;

5. Qarabağ məsələsində yenə Sumqayıtı “sıfır nöqtəsi” olaraq göstərdi, guya “ermənilər məcbur qalıb, silaha sarılıblar”, - dedi təkrar, Dağlıq Qarabağdakı status-kvo qalır dedi, “təbii amma bütün bu ərazilər Azərbaycana məxsusdur”, - deməyi də unutmadı;

6. Effektiv dövlət quruculuğunu bacarmadıqlarını Türkiyənin öz turizm sektoruna, Cənubi Koreyanın da gəmiqayırma sektoruna dövlət dəstəyi verdiklərini deyərək özlərində belə bir variantı hələlik həyata keçirə bilmədiklərini deyirdi;

7. MİR TV kanalının sualına cavab verərkən keçmiş sovet respublikalarını yenə aşağıladı ki, onlarda həmişə dava-dalaşdır, bacarıqsızdılar... İmperial ambisiyalarını yenə qabartdı;

8. Dəfələrlə ərəblərə və ərəb dünyasına təriflər yağdırdı. Bu da yaxın zamanlar üçün Şərq siyasətinin əsas xətti kimi başa düşülə bilər;

9. Putin ciddi şəkildə nisbi parlamentar respublika üsul-idarəsinin keçidinə hazırlıqlar haqqında danışdı və güman ki özünün də baş nazir, olmasa, yenidən Prezident ola biləcəyinə eyham vurdu.

Ümumən isə belə başa düşmək olar ki, Rusiyada hələlik neft və qaz pulları ilə minimum yaşayış səviyyəsi güclə saxlanılır. Görünən odur ki, ölkəni ciddi böhran gözləyir. Ərzaq qiymətlərinin 30-150 faiz artması da bunun ilk qaranquşlarıdır.

Azərbaycan olaraq bütün variantlara hazır olmanın tək yolu ciddi şəkildə demokratik cəmiyyətlərə və inkişaf etmiş ölkələrə inteqrasiyadır. Rusiyadan asılılıq minimuma düşürülməlidir.

Anar Əsədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar