Qarabağ: “olum, ya ölüm” məsələsi

30 İyul 2021 17:33    10386 Baxış   
Qarabağ: “olum, ya ölüm” məsələsi

Qarabağın işğaldan azad edilməsini bu gün biz əsasən milli qürurun bərpası kimi qəbul edirik. Bu doğrudan da belədir, lakin zaman keçdikcə qazanılan qələbənin tarixi əhəmiyyətini xalqımız daha dərindən anlayacaq.

Adətən enerji təhlükəsizliyindən danışanda neft – qaz mənbələri göz önünə gəlir. Ancaq ən mühüm enerji mənbəyi – malik olduğumuz məhsuldar torpaq ehtiyatlarıdır. Hər bir insanımız bu torpağın verdiyi qida məhsulundan kimyəvi üsulla daim enerji alır. Torpağın yetirdiyi ərzaq nemətləri uşaqdan – böyüyə xalqın ömür boyu həyat enerjisi mənbəyidir.
Deməli keyfiyyətli qida ilə təminat hər dövlət üçün ən vacib strateji məsələdir. Bu olmasa millət tədricən zəifləyəcək, demoqrafik potensial azalacaq və hətta tənəzzülə uğrayacaq. Azərbaycan xalqı həmişə öz bərəkətli torpağı, saf suları, münasib iqliminə görə qüvvəli, enerjili, döyüşkən olub. Bizim mətbəx mədəniyyətimizin zənginliyi də bu nemətlərin bolluğundan qaynaqlanır. Təsadüfi deyil ki, ölkəmizə gələn əcnəbilər (turistlər) bizim meyvə - tərəvəzin, ət və süd məhsullarının, ədviyyat və göyərtinin ətri – tamı – dadına valeh olurlar.

Keyfiyyətli qida həm də xalqın sağlamlıq – səhiyyə məsələsinə müsbət təsir göstərir. Ən nəhayət, torpağın bəxş etdiyi bu həyati enerji t ü k ə n m ə z d i r. Gələcək nəsillərə, qərinələrə yaşamaq – yaratmaq, güclü – mübariz olmaq təməlidir məhsuldar torpağın olması.
Ermənilər məhz bu səbəbdən Qarabağı mənimsəmək arzusunda olub. Onların öz ərazisində təxminən 18 % yaxın torpaq kənd təsərrüfatı üçün yararlıdır. İqlim şəraiti və su təchizatı da əlbəttə ki, bu imkanları müəyyən qədər daraldır. Qarabağ onlara nəfəs verməliydi. Lakin bütün səylərinə rəğmən onlar Azərbaycan xalqının bu sərvətini mənimsəyə bilmədi. Bu deməkdir ki, Ermənistan daim ərzaq enerjisinə möhtac olacaq. Əhalisi müvafiq məhrumiyyətlərlə üzləşəcək, yaşamaq çətinləşəcək və ermənilər başqa ölkələrə köçüb getməyə məcbur olacaq.

İrəvan xanlığı Azərbaycanın digər bölgələri ilə vahid iqtisadi orqanizmin tərkib hissəsi olub. Onu qoparıb ermənilərə verməklə ayrılmış bu məkanda müstəqil (özünü təmin edən) dövlət yaratmaq xülyadır. Ermənilər bunu əlbəttə anlayaraq daim Qarabağı ilhaq etmək planı üzrə uzun illər iş aparıblar. Yəni bu onlar üçün ölüm–dirim məsələsidir. Bu planın 44 gün içərisində alt-üst olması “Müstəqil Ermənistan Dövləti” layihəsinin süquta uğramasıdır.

Bu layihə ümumiyyətlə səhv ehtimallar üzərində qurulmuşdu. İlk növbədə xalqın tarixi dövlətçilik vərdişləri və təfəkkürü mövcud deyildi. Onlar torpaqla müntəzəm təmasda olan xalq kimi yaşamayıb. Biz hardasa erməni çobanı, yaxud günün altında kətmənlə tarlada torpağı alaq otlardan təmizləyən erməni görmüşük? Sovet dövründə 70 il mərkəzdən səxavətlə verilən dotasiyalar hesabına yaşayıblar. Qarabağa müvəqqəti yiyələndikləri dövrdə nə günə qoyublar bu torpaqları – göz qabağındadır.

Bir sözlə, Ermənistan hazırda “olum ya ölüm” dilemması qarşısındadır. Çabalayır, lakin aqibəti, böyük ehtimalla – dağılmaqdır. Yaxın bir neçə ildə bu ölkənin 1,5 – 1 milyon əhalisi olan formal coğrafi anlayışa çevriləcəyini gözləmək olar. Azərbaycan həmin məqamda iqtisadi üsullardan istifadə etməklə, öz əhalisinin (ilk növbədə həmin torpaqlardan qovulmuş söydaşlarımızın) yenidən Ermənistana qayıtmasına nail ola bilər.

Qarabağı qaytarmaqla Azərbaycan xalqı gələcək nəsillərini tükənməz həyat enerjisi ilə təmin etdi. Prezident İlham Əliyevin dediyi “Biz bundan sonra burada əbədi yaşayacağıq”- cümləsi, qazanılan qələbənin əsl dəyərinin inkasıdır.

İsmayıl Vəliyev



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar