Şəhidlərimizə xatir qəbiristanlıqların statusu və onlara münasibətimiz dəyişməlidir

07 Noyabr 2020 15:09    733 Baxış   
Şəhidlərimizə xatir qəbiristanlıqların statusu və onlara münasibətimiz dəyişməlidir

Son günlər müharibə ilə əlaqədar olaraq tez-tez, şəhidlərimizin dəfn olunduqları görüntülər diqqətimi çəkir. Bundan başqa, qürbətdə yaşayan hər kəsin arzularından biri də təbii ki, vətənə qayıtmaq və ilk olaraq doğmalarının dəfn olunduqları məkanı ziyarət etməkdir. Bəlkə də bu səbəbdən son vaxtlar qəbiristanlıqlarımız haqqında tez-tez düşünürəm.

Biz milli-mənəvi dəyərlər dedikdə, həm də rəhmətə gedənə hörmət və onun xatirəsinə keçirilən yas mərasimlərimizi düşünmüşük. Əslində, şəhidə və ya ölüyə münasibət, önlar üçün verilən ehsan, 3, 7, 40, il mərasimləri, cüməaxşamları deyil, daha çox onların dəfn olunduqları ünvana, uyuduqları qəbrə və qəbrin yerləşdiyi qəbirstanlığa olan münasibətlə müəyyən olunmalıdır.

Təbii ki, ilk gördüyüm qəbiristanlıq kəndimizin və qonşu kəndlərin qəbiristanlıqları olub. Bizim kəndə aid olan iki qəbiristanlıqdan biri evimizdən çox uzaq olmayan, doğmalarımın da dəfn olunduğu, kəndimizin ən uca ərazisində salınan və qonşu Anzov kəndi ilə kəndimizı birləşdirən yolun üstündə yerləşir. Uşaq vaxtları ən çox gizlən-qaç, futbol, hilmərə, qayış götürdü oynadığımız yer o qəbiristanlığın ərazisi idi. Yazda və payızda çəmənlik və heyvan otarmaq üçün əla məkan olsa da, yayda alaqlı, tikanlı, siçan və ilan yuvaları ilə dolu bir əraziyə, qışda isə batmış və su ilə dolmuş, suları isə buz bağlamış qəbir gölməçələr üzərində sürüşdüyümüz çöllüyə çevrilirdi. Bəzi yolçular yağışlı havalarda sahibləri bilinməyən qəbir daşlarından ayaqqabılarının palçığını təmizləmək üçün də istifadə edirdi. Sonra qəbiristanlığın ərazisi çəpərləndi, lakin çəpərin içi mən ölkəni tərk edənə kimi dəyişməmişdi və təsvir etdiyim kimi idi.

Kəndimizin ikinci qəbiristanlığı da bizim qonşuluqda yerləşən qəbiristanlıqdan fərqlənmirdı. Azərbaycanda, doğulduğum Yardımlının bir çox qəbiristanlıqları ilə yanaşı Bakının və əksər rayonların və kəndlərin qəbiristanlıqlarında olmuşam, dəfnlərdə iştirak etmişəm və ya qəbirləri ziyarət etmişəm. Bir vaxtlar ərazisində dəfələrlə olduğum Masallının Boradigah, Lənkəranın Cil, Lerikin Bobogil qəbirstanlığında və ya Gəncənin Bağman yaşayış ərazisində yerləşən Səbiskar qəbiristanlığında rahatlıq tapa bilirdim. Daha sonra Türkiyədə, Gürcüstanda, İranda, Almaniyada, ABŞ-da, Rusiyada, Moldovada, Fransada, Polşada, İtaliyada, Litvada, Estoniyada, Avstriyada, Yunanıstanda, İspaniyada, Bosniya və Hersoqovina, Özbəkistan, BƏƏ və sair ölkələrdə bəzi qəbirstanlıqlarda olandan sonra bu fikrimdən də daşındım. Məlum oldu ki, Azərbaycan qəbiristanlıqları qədər baxımsız, plansız və səliqəsiz qəbiristanlıq yuxarıdakı ölkələrin heç birində yoxdur.

Almaniyada yaşadığm şəhərin qəbiristanlığı bizim kəndin qəbirstanlığından, təxminən, iki dəfə böyük əraziyə malik olar. Bizim kənd qəbiristanlığı kimi dairəvidir. Lakin bizim kəndin qəbirstanlığından fərqli olaraq ərtafında qəbiristanlıq boyu dairəvi meşə zolağı salınıb. Qəbiristanlığa iki tərəfdən nisbətən kiçik həcmli maşınlarla daxil olmaq mümkündür. Qəbiristanlığa daxil olan maşın yolu mərkəzə qədər gedir. Qəbiristanlığın daxilində 3 dairəvi yol var. Həmin yollar səliqə ilə döşənmiş daşlardan salınıb. Qəbiristanlığın bütün ərazisi əkilmiş ot və ağaclarla bəzədilib. Qəbirlər daxili yolların sağ və sol tərəfində səliqə ilə yerləşdirilib. Bütün qəbirlərin üzərində fəsillərə uyğun güllər əkilib. Qəbiristanlığa piyadalar və dəfn prosesində iştirak edən kiçik həcmli nəqliyyat vasitələri, habelə qəbiristanlıqda abadlıqla məşğul olan və ya toplanmış zibilləri daşıyan maşınlar daxil ola bilər. Qəbiristanlığın 6 nöqtəsində kanalizasiya sisteminə qoşulmuş olan su kranları var. Hər su kranının yanında və qəbiristanlığın iki giriş-çıxış qapısında zibil üçün iki böyük qablar qoyulub. Biri bitki qalıqları və torpaq tullantıları üçün, ikincisi isə plastik tullantılar - şam tullantıları və ya qalıqları, salafan materiallar və s. üçündür. Qəbir üstündəki güllər solan zaman yeniləri ilə dəyişdirir, köhnələri isə həmin zibil qablarına atırlar. Qəbirlərin baş daşları olsa da, sinə daşları yoxdur, ya da çox kiçikdir, həmin sahə gül əkmək üçün saxlanılır. Qəbirin üzərinə gül əkmək üçün, təbii ki, xüsusi torpaq gətirirlər. Hər il 3 dəfə fəsillərə uyğun (qış istisnadır) olaraq qəbirlərin üstündəki güllər yeniləri ilə əvəzlənir. Hər cümə günü qəbiristanlıqdakı zibil qablarına toplanmış zibillər maşınlarla zibil anbarlarına aparılır.

Almaniyada qəbiristanlıqlar daha çox icma və kilsələrə məxsusdur. Ancaq dini təşkilatlara və ya fərdi şəxslərə aid qəbiristanlıqlar da var. Onlar arasındakı rəqabət qəbiristanlıqların daha da gözəl olmasına xidmət edir.
Alman qanunlarına görə, qəbir (qəbrin yerləşdiyi sahə) satın alana məxsus deyil və nəsildən-nəslə ötürülə bilməz. Şəxs müqavilə bağlamaqla məzar sahəsindən istifadə etmək hüququ əldə edir. Həmin sahədə yaxınını dəfn edir. 25-30 ildən sonra həmin yerdə ailədən olan başqasını da dəfn etmək mümkündür və bu halda müqavilənin müddəti uzadılır. Almaniyanın əksər qəbiristanlığında bir qəbirdə bir nəsil və ya bir ailə dəfn olunur. Qəbir daşlarında da ailənin soyadı - filankəsovlar ailəsi yazılır və fotoşəkillər yapışdırılmır və ya çox kiçik ölçüdə olur.

Vətəndaşa faydalılıq baxımından qəbiristanlıq və dəfn qaydaları ilə bağlı Azərbaycan qanunları Almaniya qanunları ilə müqayisədə daha münasib və liberaldır. Qanuna görə, Azərbaycanda qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması xərcləri yerli büdcə vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri, dəfn və dəfnlə bağlı digər xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər hesabına formalaşır.

Azərbaycan qanunlarına görə, qəbiristanlıqlar bələdiyyə tərəfindən ayrılmış torpaq sahələrində qeyri-kommersiya qurumu statusunda yaradılır. Qəbiristanlıqlarda təmizliyin təmin olunması, içməli suya olan tələbatın ödənilməsi və yaşıllıqların suvarılması üçün su təchizatı sisteminin yaradılması, cənazələrin daşınması, habelə qəbiristanlıqdakı təmir və abadlıq işlərini təmin etmək məqsədi ilə qəbiristanlığın ərazisində avtomobil nəqliyyatı vasitələrinin hərəkət etməsi üçün yolların salınması, qəbiristanlığın ərazisinin yaşıllaşdırılması, qəbiristanlığın ərazisinin hasara alınması və gecə vaxtı işıqlandırılması bələdiyyələr tərəfindən təmin olunmalıdır.

Lakin qəbiristanlıqla bağlı qanun da əksər qanunlarımız kimi ölü doğulan bir qanundur və baxımsız qəbiristanlıqlarımızı xatırladır. Bu qanun da qəbul olunmuş, lakin tətbiq olunmayan qanunlar üçün nəzərdə tutulan qəbiristanlıqda dəfn edilib.

Əslində, vətəndaşı olduğu və ya yaşadığı ölkənin inkişafına xidmət etməyən, onun qanunlarının aliliyinin təmin olunmasına çalışmayan ölkə insanının bu mövzuya da ciddi yanaşacağına az inanıram. İndiki bir vaxtda, hər gün şəhidlərimizin müxtəlif qəbiristanlıqlarda dəfn olunduqları bir vaxtda paralel olaraq bu problemin də həlli mümkündür. Şəhidinə hörmət edən hər kəs həm də özünə və yaşadığı cəmiyyətə hörmət etməli, dəfn etdiyi doğmalarının xatirinə bu problemin həllinə başlamalıdır. İldə bir dəfə doğmasının qəbri üstündə bir gül kolu əkməyən birisinə, əslində, nə qəbir, nə qəbiristanlıq, nə də bununla bağlı münasibətləri tənzimləyən qanun maraqlı ola bilməz.

Hesab edirəm ki, qəbiristanlıqların statusu və onlara bizim münasibətimiz məhz bu günlərdə şəhidlərimizə xatir dəyişməlidir.

Azərbaycanda qəbiristanlıq çoxumuz üçün qəm, kədər, sıxıntı və göz yaşı axıtmaq üçün bir məkandır. Lakin hər dəfə qəbiristanlığı ziyarət edəndən sonra adamda daxilən bir rahatlıq yaranır, ruhu dincəlir. Deməli, insana daxilən rahatlıq verən bir məkanın görkəmi qəm, kədər, sıxıntı və göz yaşları ifadə edən bir məkandan, ətrafa gözəllik və rahatlıq bəxş edən bir məkana çevrilməlidir. Bəhsə-bəhslə ucaldılan və insanda vahimə, qorxu yaradan bozarmış baş və sinə daşlarından ibarət, qəbirlər arası səliqəli və ya heç bir piyada yolu olmayan qəbiristanlıqlardan xilas olmaq lazımdır. Mərmər və heykəlləşmış qəbirlər ciddi maliyyə problemi olmaqla yanaşı İslama da ziddir.

Almaniyada, təxminən XIX əsrin əvvəllərində qəbiristanlığı kədərli insanlara dəstək vermək və kədərdən qurtarmaq üçün istifadə olunan bir ünvana çevirməyə başlayıblar. Almaniyada növlərinə görə park qəbiristanlığı, kənd qəbiristanlığı və meşə qəbiristanlığı mövcuddur. Hər üçü insanları kədərdən xilas etməyə xidmət edir. Yaşıllıqlarla və gözəl güllərlə əhatə olunmuş qəbiristanlıq və təbii güllərlə bəzədilmiş qəbir, əslində, həm də cənnətin təsviri kimi qəbul edilməlidir. Həm də qəbir və qəbiristanlığın abadlığı şəxsin ölüsünə olan münasibətinin ifadəsidir.

Qəbiristanlıq dünyasını dəyişən şəxsin həmişəlik istirahət yeridir. Bu yer abad, səliqəli, gül çiçəyə qərq olunmuş, quşların oxuduğu bir gözəl məkan olmalıdır. Bu sakit və gözəl guşədə şəhidlərimizin, doğmalarımızın və sevdiklərimizin xatirəsi yad edilməli, qohumlar və dostlar onları istənilən vaxt ziyarət etməli, qəbir üzərinə çiçək əkməli, çiçəkləri sulamalı və ya şam yandırmalı, qəbiristanlıqda qonaq olan quşların yemlənməsi və su içməsi üçün yerlər düzəltməlidirlər.

Dünyasını dəyişmiş və hələ də sevdiyimiz insanlarla, Vətən uğrunda canından keçən şəhidlərimizlə niyə ilanların və siçanların oylağında, tikan və alaq basmış ərazidə, qaratikan kollarının arasında, rahat oturmaq üçün yeri, əl yumağa suyu və hərəkət üçün yolu olmayan məkanda görüşməliyik? Niyə biz ölülərimizin ziyarətinə başqalarının qəbirlərini tapdalamaqla getməliyik?

Dəyişmək üçün yuxarıdan addım atılacağı gözlənilmir. Qafqaz Müsəlmanları İdarəsi 2014-cü ildə Bakıda nümunəvi qəbiristanlıq yaratmaq barədə qərar qəbul etmişdi, məncə mümkün olmadı. Bir də nümünəvi qəbiristanlıq tikmək lazım deyil, qəbiristanlıqların hamısını dəyişmək və nümünəvi etmək lazımdır və vacibdir.
Dəfələrlə danışmaq və varlığını sübut etmək xatirinə müsahibələr verən, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bu qaydaların dəyişməsini bacarmadı və ya istəmir.

Qanunda nəzərdə tutulmasına baxmayaraq, yerli bələdiyyələr də qəbiristanlıqları abadlaşdırmaq və təmir üçün maliyyə ayırmaq fikrində deyil. Hələ ki, ümid camaatın özünə qalıb. Qəbiristanlıqlarımızın görkəmi isə mütləq dəyişməlidir, hər gün fərqli qəbiristanlıqlarda dəfn olunan şəhidlərimizin və dünyasını dəyişən doğmalarımızın xatirinə!

Əlövsət Əliyev



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar