Silahlı erməni terrorçular legitim hədəfdir: Laçın yoluna nəzarət qaçılmazdır

05 Martt 2023 19:06    2364 Baxış   
Silahlı erməni terrorçular legitim hədəfdir: Laçın yoluna nəzarət qaçılmazdır

Rəsmi Bakının Ermənistanın təxribatlarına qarşı Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə bağlı prinsipial mövqe tutması tamamilə başadüşüləndir... Azərbaycan yaxın iki il ərzində - 2025-ci ilə qədər həm Ermənistan ordusunun tör-töküntülərini, həm də Rusiya sülhməramlı qüvvələrini öz ərazisindən birdəfəlik çıxartmaq niyyətində qətiyyətli davranır...
Ermənistanın uzun müddətdən bəri davam etdirdiyi "blokada hay-küyü" iflasa uğramaqdadır. Rəsmi İrəvan iddia edirdi ki, güya Azərbaycan ekofəalları Qarabağ ermənilərini "blokada"da saxlayır, bölgədə humanitar böhran yaradır. Və rəsmi Bakı Ermənistan siyasi dairələrinin bu yalanını təkzibolunmaz faktlarla ifşa edirdi.

Son vaxtlar baş verənlər isə ümumiyyətlə, rəsmi İrəvanın uydurma iddialarını boşa çıxarıb. Xüsusilə də, Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni terrorçu-separatçılatın törətdiyi son silahlı təxribat situasiyanın kəskin şəkildə dəyişdiyini göstərir. Yəni, Paşinyan hakimiyyətinin və erməni terrorçu-separatçılatın bölgədə hərbi gərginliyi artırmaqda maraqlı olduğu artıq inkaredilməz reallıqdır.

Məsələ ondadır ki, bir müddət öncə rəsmi Bakı Ermənistana Laçın yolunda hər iki tərəfin nəzarət-buraxılış məntəqələri quraşdırmasını təklif etmişdi. Ancaq Paşinyan hakimiyyəti bunun yolverilməz olduğunu və üçtərəfli anlaşmalarla ziddiyyət təşkil etdiyini bəhanə gətirərək, boyun qaçırmışdı. Və üstəlik, beynəlxalq qurumlara bölgəyə faktaraşdırıcı müşahidə missiyasının göndərilməsi üçün müraciət etmişdi.

Təbii ki, Paşinyan hakimiyyətinin Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulmasına qarşı çıxmasının əsas səbəblərini anlamaq qətiyyən çətin deyildi. Çünki rəsmi İrəvanın Laçın yolunda hərəkətin şəffaflığını təmin etməkdə maraqlı olmadığı şübhə doğurmur. Bu halda, Ermənistan Azərbaycanın Xankəndi və ətraf bölgəsinə hərbi ləvazimat daşımaq imkanlarını tamamilə itirə bilərdi. Elə rəsmi İrəvanın uzun müddətdən bəri Laçın yolunda ekofəalların aksiyasının dayandırılması xahişi ilə beynəlxalq qurumlara yalvarmasının əsas səbəbi də məhz budur.

Rəsmi İrəvan humanitar məqsədlərlə istifadə üçün nəzərdə tutulmuş Laçın yolu ilə yenə də hərbi ləvazimat keçirtmək istəyir. Bu niyyətin qarşısında isə ən ciddi əngəl olaraq, Azərbaycan ekofəallarını görür. Ona görə də, məhz ekofəalların dinc etiraz aksiyasını Qarabağ ermənilərinin "blokada"ya alınması kimi təqdim etməyə çalışır.

Ancaq Paşinyan hakimiyyəti daha bunu bacara bilməyəcək. Çünki Ermənistanın yalanları və təxribatları inkaredilməz faktlarla sübuta yetirildi. Rəsmi İrəvan beynəlxalq qurumlardan faktaraşdırıcı missiya xahiş edirdi. Azərbaycan özü faktları araşdırdı və Ermənistanın cinayətlərini ifşa etdi. Bundan sonra rəsmi İrəvan "blokada" və ya "humanitar böhran" iddiaları ilə beynəlxalq qurumların qapılarında gözyaşı tökməyə boşuna vaxt itirməsə daha yaxşı olar.

Məsələ ondadır ki, Azərbaycan hərbçiləri reyd keçirərək, Ermənistandan Xankəndi və ətraf bölgəyə yenə də silah-sursat daşındığını ortaya çıxara biliblər. Rəsmi İrəvan ekofəalların aksiyası davam etdiyi müddətdə bir tərəfdən "timsah gözyaşları" töküb, digər tərəfdən isə başqa bir torpaq yolla Azərbaycanın Qarabağ regionuna hərbi ləvazimat daşımaqda davam edib. Və bu, ənənəvi erməni xislətinin ən bariz örnəyidir.

Təbii ki, Azərbaycan hərbçiləri Xankəndi və ətraf bölgəyə gizli torpaq yolla hərbi ləvazimat daşıyan erməni terrorçuları artıq zərərsizləşdiriblər. Halbuki, məsələnin yalnız bununla bitəcəyi qətiyyən inandırıcı görünmür. Hər halda, Ermənistan bütün bu baş verənləri əvvəlcə izah etməlidir, ardınca da törətdiyi hərbi təxribatlara görə mütləq cavab verməlidir.

Azərbaycanın müdafiə və xarici işlər nazirliklərinin son rəsmi bəyanatları rəsmi Bakının bu məsələyə prinsipial yanaşdığını göstərir. Hər iki nazirliyin bəyanatında olduqca ciddi ortaq məqamlar yer alır. Belə ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdiyi vurğulanır. Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin quraşdırılmasının qaçılmazlığı qabardılır. Nəhayət, Rusiya sülhməramlı qüvvələrindən üçtərəfli anlaşmalara tam icra edilməsi, rəsmi İrəvandan isə Ermənistan ordusunun tör-töküntülərinin Azərbaycan ərazisindən dərhal çıxarılması tələb olunur.

Rəsmi Bakı həm Rusiyaya, həm də Ermənistana anlatmağa çalışır ki, üçtərəfli anlaşmalar yalnız Azərbaycanın icra etməsi üçün imzalanmayıb. Ermənistan Laçın yolu ilə bağlı uydurma iddialar irəli sürərkən, həmişə üçtərəfli anlaşmalara istinad etməyə çalışır. Ancaq 10 noyabr anlaşmasına görə, rəsmi İrəvan Ermənistan ordusunun tör-töküntülərini Azərbaycanın Qarabağ regionundan artıq çoxdan çıxarmalı idi. Sənədin imzalanmasından 3 ilə yaxın vaxt keçsə də, rəsmi İrəvan öz silahlı terror dəstələrini hələ də çıxarmayıb. Yəni, rəsmi İrəvan özünə sərfəli hesab etdiyi halda, üçtərəfli anlaşmaların arxasında gizlənməyə çalışır. Maraqlarına cavab verməyəndəsə, bu sənədlərin mövcudluğu heçə sayır.

Kreml də təxminən eyni taktikaya üstünlük verir. Rusiya sülhməramlı qüvvələrin müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazisində hər hansı silahlı insident baş verərkən, dərhal üçtərəfli anlaşmalar gündəmə gətirilir. Ancaq Xankəndi və ətraf bölgədə olan silahlı erməni terrorçular Rusiya sülhməramlı qüvvələrin nəzarət məntəqələrinin 10-15 metrliyində özlərinə döyüş mövqeləri qurublar. Məhz rus sülhməramlılara sığınıb, öz hərbi cinayətlərini davam etdirirlər.



Ancaq nə qədər qəribə də olsa, rus sülhməramlılar burunlarının dibində olan silahlı erməni terrorçuları görə bilmirlər. Halbuki, Rusiyanın da, Ermənistanın da tez-tez istinad etdikləri həmin üçtərəfli anlaşmalar silahlı erməni terrorçuların Azərbaycan ərazisindən çıxarılmasını tələb edir. Rusiya isə hələ də üçtərəfli sənədin bu tələblərini yerinə yetirməyə həvəs göstərmir. Və bu, əvvəl-axır həmin üçtərəfli anlaşmaların hüquqi qüvvəsini itirməsi ilə də nəticələnə bilər.

Onu da qeyd etmək lazımdır ki, hazırda Azərbaycanın Qarabağ regionunda əsas problem məhz Ermənistan ordusunun tör-töküntülərinin bölgədə qalması ilə birbaşa bağlıdır. Əgər, həmin silahlı erməni terrorçular bölgədən çıxarılsalar, hər hansı insidentlər də baş verməyəcək. Qarabağ regionunda yaşayan erməni azlığı qısa müddətdə Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya olunacaqlar. Və bunun baş verməsinə əngəl törədən Rusiyanın maraqları indiki situasiyada Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməyə çalışmasına paralellik təşkil edir.

Təbii ki, bütün bunları nəzərə aldıqda, rəsmi Bakının son çıxış yolu kimi, Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin yaradılmasında prinsipial mövqe tutması tamamilə başadüşüləndir. Azərbaycan yaxın iki il ərzində - 2025-ci ilə qədər həm Ermənistan ordusunun tör-töküntülərini, həm də Rusiya sülhməramlı qüvvələrini öz ərazisindən birdəfəlik çıxartmaq niyyətində qətiyyətli davranır. Və bu müddətdə hərbi təxribatlar davam edərsə, silahlı erməni dəstələri legitim hədəfə çevriləcək, Azərbaycan antiterror əməliyyatı keçirtmək məcburiyyətində qalacaq. (müsavat.com)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar