Şuşa Bəyannaməsi Ermənistanı təslim alır - ŞƏRH

17 Fevral 2022 23:46    11367 Baxış   
Şuşa Bəyannaməsi Ermənistanı təslim alır  -   ŞƏRH
Ermənistanda hesab edirlər ki, Şuşa Bəyannaməsi Türkiyənin regional rolunu artırıb, Cənubi Qafqazda rəsmi İrəvanın əleyhinə olan təhlükəli geopolitik proseslərə yol açıb; Ona görə də, Ermənistanın gələcək taleyi bundan sonra Rusiyanın deyil, məhz Azərbaycan-Türkiyə ittifaqının strateji maraqlarına uyğun şəkildə müəyyən olunacaq...

Ermənistanda geopolitik pessimizm əhval-ruhiyyəsi dərinləşməkdə davam edir. Erməni toplumunda qondarma “Ermənistan dövləti”nin gələcək mövcudluq perspektivlərinə artıq ciddi şübhə ilə yanaşırlar. Və bu “dövlət”in bundan sonra uzun müddət yaşaya biləcəyinə qətiyyən əmin deyillər.


Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistan haqqında dediklərini nəzərə aldıqda, rəsmi İrəvan və erməni toplumu üçün üzərində düşünüləcək bir çox problemlərin olduğu qətiyyən şübhə doğurmur. Hər halda, “Batka”nın “Ermənistan dünyada heç kimə lazım deyil” deməsi erməni toplumuna “xəyal aləmi”ndən nəhayət ki, ayılmağın vaxtının çatması barədə ciddi xəbərdarlıq sayıla bilər. Ermənistanın keçmiş prezidenti, hərbi cinayətkar Robert Köçəryan da “Batka”nın belə açıq danışmasından narazı qalsa da, hər halda, etiraf edib ki, Belarus prezidentinin dedikləri əslində, bir çoxlarının oxşar fikirlərini ifadə edir.


Maraqlıdır ki, R.Köçəryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da “erməni dövlətçili”yini qoruya biləcək hərbi-siyasi mexanizm hesab etmir. Onun fikrincə, Rusiya istisna olmaqla, KTMT-da təmsil olunan dövlətlər Ermənistanla deyil, məhz Azərbaycan və Türkiyə ilə daha yaxın, hətta strateji münasibətlərə can atırlar. Ona görə də, Ermənistanın Azərbaycan və Türkiyə ilə hər hansı hərbi qarşıdurma durumunda KTMT-dan dəstək umması tamamilə mənasızdır.



Təbii ki, Cənubi Qafqazda yaranmış yeni geopolitik situasiyanın fərqli şərtlərini dərk etməyə başladıqca, Ermənistan cəmiyyətində hərbi-siyasi xofun təsir dairəsi də genişlənir. Şuşa Bəyannaməsinin Türkiyə və Azərbaycan parlamentlərində ratifikasiya olunaraq, hüquqi qüvvəyə minməsindən sonra erməni toplumunun qorxu qarışıq narahatlıq hissi daha da dərinləşib. Çünki indi iki qardaş türk dövlətini hərbi-siyasi müttəfiq kimi bir-birinə bağlayan hüquqi sənəd mövcuddur. Və Ermənistanın Azərbaycan-Türkiyə strateji ittifaqına qarşı demək olar ki, heç bir müdafiə alternativi yoxdur.


R.Köçəryan və onun tərəfdarları da hazırda Ermənistan cəmiyyətinin əsas diqqətini məhz Şuşa Bəyannaməsinə yönəltməyə çalışırlar. Ümumilikdə Qarabağ klanının gəldiyi ümumi rəy ondan ibarətdir ki, Şuşa Bəyannaməsi Ermənistanın gələcək mövcudluq perspektivlərini ciddi şəkildə təhdid edir. Və Paşinyan hakimiyyətini Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyinə kəskin şəkildə etiraz etməyə çağırır.


Təbii ki, bu anlaşılmaz və olduqca qəribə məntiqdir. Belə məntiqə isə yalnız xəstə erməni düşüncə tərzi müəlliflik edə bilər. Deməli, Rusiyanın hərbi dəstəyi ilə Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edəndə erməni toplumu bunu normal proses hesab edirdi. Ancaq Azərbaycan və Türkiyə strateji müttəfiqlik barədə hüquqi sənəd imzalayanda bu, erməni toplumunda yolverilməz sayılır. Sanki Azərbaycan və Türkiyə müttəfiq olmaq üçün Ermənistandan razılıq almalıydı.


Ancaq səhv edirlər. “Batka”nın da dediyi kimi indi Ermənistanın gələcək taleyi dünyada heç kimi maraqlandırmır. Ona görə də, bundan sonra rəsmi İrəvan öz xarici, hətta daxili siyasətini belə, Azərbaycan və Türkiyənin maraqlarına uyğunlaşdırsa, rəsmi İrəvan üçün daha faydalı olar. Və Ermənistanın gələcəkdə mövcudluğu böyük ölçüdə məhz bundan asılıdır.

ermeni-klannn.jpg (990 KB)


Onu da qeyd etmək lazımdır ki, Ermənistanın siyasi dairələrində geopolitik proseslərin məhz belə istiqamət ala biləcəyini də qətiyyən istisna etmirlər. Məsələn, R.Köçəryan Rusiyanın Cənubi Qafqaz regionunda təsirinin azalmasının Ermənistan üçün böyük fəlakət olacağını bildirib. Onun fikrincə, bu halda, Türkiyə Ermənistan üzərində bütün sahələr üzrə tam nəzarəti özü üçün təmin edə bilər.


Eyni zamanda, R.Köçəryan Şuşa Bəyannaməsini də oxşar “pəncərə”dən baxmağa üstünlük verir: “Bu sənəd Ermənistan üçün ciddi təhlükə törədir. Çünki bu, Türkiyənin Cənubi Qafqazdakı geopolitik proseslərdə rolunun artmasından xəbər verir. Şuşa Bəyannaməsi onu göstərir ki, Cənubi Qafqazda Ermənistanın əleyhinə olan ciddi geopolitik proseslər gedir”.


Bütün bunları nəzərə aldıqda, fevralın 23-də Ermənistan parlamentinin Şuşa Bəyannaməsindən qaynaqlanan təhlükələri müzakirə etmək məqsədilə növbədənkənar iclas keçirmək qərarı verməsi qətiyyən təəccüb doğurmur. Ermənistan parlamentinin müxalif deputatları Paşinyan hakimiyyətindən Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin təsdiq olunmasına rəsmi cavabın verilməsini tələb edirlər. Onlar hesab edirlər ki, Azərbaycan və Türkiyə bu sənədin yaratdığı təhdid üzərindən rəsmi İrəvanı qondarma "erməni soyqırımı"ndan imtina etməyə, Qarabağ məsələsində irəli sürülən şərtlərlə razılaşmağa və Zəngəzur dəhlizinin açılmasına məcbur etməyə çalışır.


Bütün bunlar Şuşa Bəyannaməsinin Cənubi Qafqaz üçün nə qədər böyük əhəmiyyət daşıyan hüquqi sənəd olduğunu bir daha təsduqləyir. Bu sənəd regionda Azərbaycan-Türkiyə strateji ittifaqının timsalında güclü geopolitik iradə mərkəzi formalaşdırıb. İndi bu geopolitik iradə mərkəzi ilə Rusiya, İran və regionda maraqları olan digər dövlətlər də hesablaşmaq məcburiyyətində qalıb.



Məsələ ondadır ki, Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyənin strateji müttəfiqliyini, regiondakı hegemon geopolitik rolunu müəyyən etmir. Bu sənəd həm də NATO-nun Cənubi Qafqaza dolayısı təsir mexanizminə də çevrilə bilər. Çünki, Türkiyə ABŞ-la yanaşı, NATO-nun ən önəmli iki üzvündən biridir. Bu baxımdan, Şuşa Bəyannaməsi Türkiyə üzərindən Azərbaycanı həm də qeyri-rəsmi şəkildə NATO ilə yaxınlaşdırmış oldu.


Əgər, Türkiyə Azərbaycana qarşı yönəlmiş hər hansı təhlükə ucbatından Cənubi Qafqazda real hərbi proseslərə qatılmaq məcburiyyətində qalarsa, NATO da istər-istəməz baş verənlərə reaksiya verməli olacaq. Ən azından ona görə ki, NATO öz əsas üzvlərindən olan Türkiyə ilə bağlı hərbi əməliyyatlara seyirçi qala bilməz. Birbaşa qoşulmasa belə, proseslərə siyasi xarakterli müdaxilə etməli olacaq.


Belə anlaşılır ki, həm Ermənistanın və həm də onun hərbi müttəfiqi Rusiyanın Şuşa Bəyannaməsi ilə bağlı narahatlıq keçirtməsi üçün kifayət qədər ciddi səbəblər mövcuddur. Bir tərəfdən Kreml Azərbaycana əvvəlki kimi güclü təsir və təzyiq mexanizmlərini itirmək üzrədir. Və rəsmi Bakı ilə ikitərəfli münasibətlərdə bərabərhüquqlu anlaşma prinsiplərinə daha həssas yanaşmaq məcburiyyətindədir.


Digər tərəfdənsə, Ermənistanın gələcək taleyi bundan sonra Rusiyanın deyil, məhz Azərbaycan-Türkiyə ittifaqının strateji maraqlarına uyğun şəkildə müəyyən olunacaq. Ordusu darmadağın edilmiş, dəstək gözləyə biləcəyi effektiv hərbi müttəfiqlik münasibətlərindən demək olar ki, məhrum qalmış Ermənistanın bu vəziyyəti dəyişmək şansları isə yoxdur. Bu baxımdan, Şuşa Bəyannaməsi Ermənistana qarşı “İsgəndər M” raketlərinin zərbəsindən daha effektivdir. Və ona görə də Paşinyan hakimiyyəti tədricən Azərbaycan-Türkiyə ittifaqından asılı vəziyyətə düşməyə başlayıb.


Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar