"Zəngəzur dəhlizi açıldı" xəbəri nəyə hesablanmışdı?

20 Noyabr 2021 02:24    4326 Baxış   
"Zəngəzur dəhlizi açıldı" xəbəri nəyə hesablanmışdı?

Qarabağla bağlı aparılan informasiya müharibəsi Zəngəzura adlayıb.

Proseslər o qədər sürətlə və o qədər mürəkkəb şəkildə davam edir ki, nəyin necə olacağını müəyyənləşdirmək çox çətindir. Əslində diqqət çəkən bir məqam həmişə gözdən yayınır. Bu da Azərbaycanın apardığı informasiya siyasətidir. Ölkənin informasiya siyasəti o qədər qəribə şəkildə aparılır ki, bu siyasəti nəinki ölkədəki, hətta xaricdəki politoloqlar müəyyənləşdirməkdə aciz qalırlar.
Bəzi xarici ölkələr tərəfindən bu siyasət o qədər ürəkaçan hesab olunmasa da, müharibə sınağından üzüağ, alnıaçıq çıxan ölkənin apardığı bugünkü informasiya siyasətini nəinki qənaətbaxş, hətta təqdirəlayiq hesab etmək olar... Çünki hazırda ölkəmiz kimlərinsə planlı şəkildə cızdığı və diqtə etdiyi siyasət yürütmür, əksinə siyasi prosesləri özü müəyyənləşdirir və nəticəyə hesablanmış addımlar atır. Bu addımlar bizə həqiqətən dostluq münasibəti bəsləyən ölkələri də qane edir...

Qaldı bizə dost olmayan və ya üzdə dost görsənib, arxadan düşmənçilik edib, ölkəmizin əleyhinə iş çevirən ölkələrə, onlar da məcbur bu siyasətlə razılaşmağa məhkumdurlar. Çünki Azərbaycan bəzən informasiya siyasətində elə manevrlər edir ki, dünənə qədər beynəlxalq müstəvidə Azərbaycanın roluna dırnaqarası baxan ölkələr, bu gün təəccüblə, sabah atılacaq addımları gözləyirlər.

2020-ci ildən üzübəri tarixi proseslərə nəzər yetirdikdə Azərbaycanın hələ ki, doğru yolda olduğunu görürük. İstər qonşu ölkələrlə, istərsə də beynəlxalq sferada aparılan informasiya siyasətində mənfur qonşumuzla müqayisədə bir addım öndə olduğumuzu isbat etməyə ehtiyac yoxdur. Çünki müharibə dövründə əfsanələşmiş böyük erməni lobbisinin fəaliyyəti iflasa uğradı. Ən böyük erməni diasporuna malik ölkələrin əksəriyyəti belə erməni lobbisinin təzyiqi qarşısında bizim haqlı savaşımıza qarşı çıxmadılar. Məğlubedilməz erməni ordusu cəbhədə Dəmir Yumruq yeyib pərən-pərən düşdü. İndi isə Ermənistan ordu əvəzinə təxribatçı quldur dəstələrlə terror törətməklə məşğuldur.

Beynəlxalq arenada Azərbaycan-Türkiyə, Azərbaycan-İsrail, Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq üzərində qurulub, hər ötən gün bu əlaqələr daha dərinləşir, daha sıxlaşır, daha da inkişaf etdirilir. Azərbaycan-Rusiya, Azərbaycan-İran, Azərbaycan-Gürcüstan münasibətləri yalnız qonşuluq çərçivəsində deyil, daha yüksək səviyyədə quruldu. Buna görə İnkinci Qarabağ müharibəsində Rusiyanın susqunluğunu, İranın duasını, Gürcüstanın (silah daşınmasının qarşısını alması üçün) Ermənistanla gömrüyü bağlamasını Azərbaycanın informasiya siyasətinin uğuru hesab etmək olar.

Belə bir məşhur ifadə var: "Müharibədə qalib gəlmək asandır, bu qələbəni qoruyub saxlamaq çətindir". Müharibədən sonrakı dövrə nəzər yetirdikdə Azərbaycanın bütün proseslərdə hər hansısa bir geri addımı müşahidə edilmir. Əksinə bir zamanlar Şuşa üzərində qurulan savaş informasiyası siyasəti, indi Qərbi Zəngəzur üzərində qurulub. Elə Qərbi Zəngəzur ifadəsi də dilimizə Vətən müharibəsindən sonra daxil oldu. İlk dəfə Qərbi Zəngəzur ifadəsi Ali Baş Komandan İlham Əliyev tərəfindən işlədildi. Bu, o demək idi ki, Qarabağla bağlı aparılan informasiya müharibəsi Qələbə ilə bitmişdir.

İndi isə bu müharibə Qarabağdan Zəngəzura adlayıb. O zaman bəlkə də kimlər üçünsə bu gülməli gələ bilərdi. Amma aradan bir il keçib. Son bir ayda baş verən proseslər həqiqətən Zəngəzur sözünü siyasi süfrəmizə gətirməyibmi? "Biz bu dəhlizi açacağıq, onlar istəsə də, istəməsə də açacağıq" ifadəsi bu gün o qədər də uzaqda görünmür. Çünki bəzən informasiya siyasətində yönləndirmədən istifadə olunur.

Bu, həm də insanların reaksiyasını yoxlamağa hesablanır. Dünən sosial şəbəkələrdə yayılan "Şad xəbər: Zəngəzur dəhlizi açıldı" xəbərinə insanların reaksiyası necə idi? "Şuşa alındı" xəbərinə verilən reaksiya kimi, eləmi? Deməli, bu informasiya da dövriyyəyə elə belə buraxılmamışdı. Nəbz yoxlanışı da ola bilərdi. Necə ki, 2020-ci ilin iyul hadisələrini yadınıza sala bilərsiniz! Milli Qəhrəmanımmız Polad Həşimovun ölümü ilə müharibəyə köklənən informasiya siyasəti ilə xalqın müharibəyə hazırlığının hansı səviyyədə olması üçün edilən nəbz yoxlamaları kimi...

P.S. "Əgər qalib gəlmək istəyirsənsə hər kəslə onun başa düşdüyü dildə danış". Bu gün Azərbaycanın informasiya siyasətini analiz edərkən daha çox bu ifadəyə uyğunluğunu gördük. Əgər siz daha fərqli şəkildə görürsünüzsə, fikirlərinizi yaza bilərsiniz!

Elmar Hüseynov



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar