Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilib

10 Martt 2022 10:26    60487 Baxış   
Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilib

Azərbaycan qadını, tarixən, azad düşüncəli, təmiz qəlbli, nikbin ruhlu olmuş, mənsub olduğu ailənin, elin-obanın yükünü kişilərlə bərabər paylaşmaqla cəmiyyətin inkişafına önəmli töhfələr vermişdir. Türklərin qadına nəcib münasibətini aydın şəkildə ortaya qoyan “Kitabi Dədə Qorqud” dastanında da qadının cəmiyyətdə tutduğu üstün mövqe özünün real əksini tapmışdır. Burla Xatun, Banu Çiçək, Selcan Xatun kimi qəhrəman qadın obrazları, onların mübariz həyat tərzi, cəsur davranışları cəmiyyətdə qadınların hələ yüz illər bundan öncə kişilərlə bərabər hüquqlara, hətta daha mötəbər statusa malik olduqlarının əyani təzahürüdür.

Bu faktlara, sadəcə, folklor yaradıcılığımızdan deyil, real həyatdan da kifayət qədər misallar gətirmək olar. Atabəylərin Möminə Xatunu və Mehrican Xatunu, XII əsr Şərq İntibahının Azərbaycan ulduzu Məhsəti Gəncəvi, XV əsr Ağqoyunluların Sara Xatunu, Qarabağ Xanlığının sonuncu vərəsəsi– Xan qızı Natəvan, sovet sisteminin fədakar qurucularından və eyni zamanda qurbanlarından biri olmuş Ayna Sultanova, XX əsr Azərbaycan qadınının əldə etdiyi ən yüksək məziyyətləri özündə əks etdirən Zərifə xanım Əliyeva, yeni dövr Azərbaycan elmində önəmli iz buraxmış Aida İmanquliyeva kimi mötəbər xanımlar tariximizin müxtəlif dövrlərində cəmiyyətin və dövlətçiliyin təkamülündə aparıcı qüvvə kimi çıxış etmiş və özlərindən sonrakı nəsillər üçün Azərbaycan qadınının mükəmməl örnəyinə çevrilmişlər.

Tariximizin həssas məqamlarında Azərbaycan xanımlarının göstərdiyi sarsılmaz iradə, əvəzsiz fədakarlıq, sonsuz vətənpərvərlik əsrlər ərzində ənənəyə çevrilmiş və milli dəyərimiz səviyyəsinə yüksəlmişdir. Müasir dövlət quruculuğumuzda, cəmiyyətimizin siyasi-iqtisadi, mənəvi-sosial inkişafının müxtəlif sahələrində yorulmadan çalışan Azərbaycan qadını bu milli dəyərimizə sadiqliyini bu gün də nümayiş etdirməkdədir.

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib.

Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir:

"Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər".
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran Konstitusiyanın 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilib. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir.

Konstitusiyanın qəbulundan sonra respublikamızda gender bərarbərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. 2000-ci ildə ulu öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə, onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzalayıb. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, kəşməkəşli mübarizə yoluna nəzər salınıb, respublikamızda mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilib. Fərmanda xüsusi vurğulanıb ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla, qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilməlidir. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açıb.

2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edilib. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapıb.

2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılıb. Hazırda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq prolblemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2006-cı ildə Milli Məclis Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul edib. Qadın, kişi bərabərliyinin qorunması istiqamətində xüsusi əhəmiyyət kəsb edən bu qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb. Qanunda gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və vəzifələri müəyyən edilib.

Mehriban Əliyeva Azərbaycan Prezidentinin ən yaxın silahdaşı kimi, dövlət başçısı ilə birlikdə Azərbaycan xalqının və Azərbaycan dövlətinin qarşısında duran bütün vəzifələri şərəflə yerinə yetirir. Hələ II Qarabağ müharibəsi başlamamışdan öncə Azərbaycan xalqına “Sevgilərlə, Sizin MEHRİBAN”, - deyə müraciət edən Birinci vitse-prezident xalqa müraciətində yazmışdır: “Hörmətli həmvətənlər! Son günlər baş verən hadisələr ölkəmizin hər bir vətəndaşını narahat edir. İşğalçının növbəti təxribatına dərhal layiqli cavab verildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tanrıdan yaralı əsgərlərimizin tezliklə sağalmasını diləyirəm. Tanrı hər bir Azərbaycan döyüşçüsünün həyatını və sağlamlığını qorusun. Bu günlərdə bizim hamımızı emosiyalar bürüyür. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə, vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə, ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissi keçiririk. Birlik və ruh yüksəkliyi nümayiş etdirərək tarixi həqiqətin təntənəsi - Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir. Bu günlər ərzində əsl Vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdaram. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur. Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun!”

Qeyd etmək lazımdır ki, Qarabağ müharibəsində həlak olmuş şəhid ailələrinə və qazilərə Mehriban xanımın təşkilatçılığı ilə göstərilən sosial yardımlar davam edir. Ümumiyyətlə, şəhid ailələri və qazilərin qayğıları hər zaman dövlət üçün prioritet məsələ olmuş, onların çətinliklərinin həlli daim dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Bu sahədə dövlət orqanları ilə yanaşı, Heydər Əliyev Fondu da geniş və səmərəli işlər görür. Fond tərəfindən qazilər protez ortopedik vasitələrlə təmin edilir, şəhid və qazi övladlarının problemləri həll olunur, onlarla mütəmadi əlaqələr qurulur.

Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırır, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolunu gücləndirir. 8 Mart- Beynəlxalq Qadınlar Günüdür. Beynəlxalq Qadınlar Günü ölkəmizdə də təntənə ilə qeyd olunduğu üçün qadınların bu bayramı bütün xalqımızın, müstəqillik ideyası ətrafında getdikcə daha sıx birləşən cəmiyyətimizin bayramıdır. Cəmiyyətdə öz rolunu dərindən dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir.

Məlahət İbrahimova,
11 saylı uşaq poliklinikasının baş həkimi, “TƏRƏQQİ” medalı təltiftiçisi



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar