Azərbaycan qadını –fədakar, sədaqətli, vətəncanlı, dövlətçi

08 Martt 2022 14:10    11992 Baxış   
Azərbaycan qadını – fədakar, sədaqətli, vətəncanlı, dövlətçi

Azərbaycan qadını –
fədakar, sədaqətli, vətəncanlı, dövlətçi...
(Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edirik.)
Digər bayramlar kimi 8 Mart - Beynəlxalq Qadınlar Gününü də son iki ildə bir başqa ovqatda keçiririk. Bu bayram günündə də ilk növbədə şəhid analarını, şəhid xanımlarını və şəhidlərimizin qız balalarını, şəhid ailələrinin xanım üzvlərini, yaralı qazilərimizin xanım doğmalarını təbrik edir, onlara ən xoş diləklərimizi yetiririk. Özü döyüşlərə qatılan xanımlarımıza, şəfqət bacılarımıza ehtiramımızı bildirir, şəhid xanımlarımızın əziz ruhunu dərin sayğı ilə anırıq. Ruhları şad olsun!
Bəli, Beynəlxalq Qadınlar Günü uzun illərdir ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il 8 Mart ərəfəsində Azərbaycanın dövlət başçısı bayram münasibətilə qadınlarımıza təbrik ünvanlayır, ictimai, mədəni həyatda, ümumən müxtəlif əməli fəaliyyət sahələrində fərqlənən qadınların bir qrupuna fəxri adlar verir, orden, medal və ya “Fəxri diplom”la təltif edir.
Azərbaycan Respublikası öz ailə, qadın və uşaq siyasəti ilə seçilən dövlətlərdəndir. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Komitə müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edərək, sahənin inkişafını təmin edir.
Komitə:
-qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
-dövlətin ailə siyasətini həyata keçirmək;
-qaçqın və məcburi köçkün qadınların, uşaqların, aztəminatlı ailələrin sosial problemlərini öyrənmək və onların həlli üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldırmaq;
-çağdaş idarəetmənin və bazar iqtisadiyyatının əsaslarının öyrənilməsi istiqamətində, qadınlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, ailə kəndli təsərrüfatlarının yaradılmasında müvafiq dövlət orqanları ilə birlikdə məsləhətlərin verilməsini təmin etmək;
-məşğulluq strategiyasının həyata keçirilməsi istiqamətində dövlət siyasətinə uyğun olaraq, qadınların müxtəlif yeni peşələrə yiyələnməsi və ixtisaslarının artırılması məqsədi ilə layihələr hazırlamaq və əlaqədar təşkilatlarla birgə tədbirlərin görülməsini təmin etmək;
-ailə başçısını itirmiş şəhid ailələrinin, tək anaların, özəlliklə əlil qadınların və uşaqların problemlərinin dövlət orqanları tərəfindən həlli məqsədi ilə müvafiq vəsatətlər qaldırmaq və s. kimi önəmli fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməyə yükümlüdür.
Ayrıca, parlamentdə də Ailə, Qadın və Uşaq məsələləri Komitəsi yaradılıb. Qadın siyasəti ilə bağlı normativ hüquqi aktlar qüvvədədir, Fərman və Sərəncamlar imzalanıb. Bütün bunlar, dövlətimizin qadın, ailə, uşaq mövzusuna verdiyi yüksək önəmin parlaq ifadəsidir.
Dövlət qadın siyasətinin davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilməkdədir. Azərbaycan qadınları önəmli dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verir.
Bu töhfələrin paylaşılması, qabaqcıl təcrübələrin bölüşülməsi, ümumi mənzərinin öyrənilməsi, hesabatlılıq və qarşıda duran yeni vəzifələrin ifadəsi və s. baxımından Azərbaycan Qadınlarının Qurultayları da önəmli hadisələrdəndir. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan Qadınlarının I Qurultayı dövlət qadın siyasətinin tarixində önəmli hadisə olub. Respublikamızda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etməsini nümayiş etdirən Qurultayda bir sıra önəmli məsələlər müzakirə olunub. 1998-ci ildən etibarən – hər beş ildən bir Azərbaycan Qadınlarının Qurultayı keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar hadisələrdən biri kimi dəyərləndirilir.
Əlbəttə, Heydər Əliyev Fondunun prezidenti və son 5 ildə ölkəmizin Birinci vitse-prezidenti olaraq Mehriban xanım Əliyevanın qadınlarla, ailə institutumuzla, uşaqlarla bağlı həyata keçirdiyi işlər xüsusi vurğulanmalıdır. Çox hörmətli Mehriban xanımın xalqımız, dövlətimiz, mədəniyyətimiz qarşısındakı mühüm xidmətləri gənc qızlarımız, qadınlarımız üçün örnək təşkil edir və ölkə həyatında qadınlarımızın rolunun artması ilə müşayiət olunmaqdadır. Ölkəmizin “Yumşaq güc” siyasətinin təcallası olan Mehriban xanım Əliyevanın humanitar layihələri Azərbaycana yeni dostlar qazandırır. Mehriban xanımın xeyriyyəçilik sahəsindəki səmimi, təmənnasız tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Onun rəhbəri olduğu Heydər Əliyev Fondu uzun illərdir, respublikamızın humanitar və mədəni diplomatiyasının yetkili təmsilçisinə çevrilib və bu fəaliyyət hər şeydən öncə, dünyada Azərbaycanın layiqli təbliği, tərənnümü və tanıtımıdır. Ölkəmizin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən, ənənələrimizi yaşadan çoxsaylı unikal layihələrin uğurlu icrası Azərbaycan qadınının zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olmasının, mərhəmət və xeyirxahlığının parlaq örnəyidir.
Azərbaycan qadını bütün dövrlərdə dövlətcanlılığı, vətəncanlılığı, ailəcanlılığı ilə, öz sədaqəti, fədakarlığı ilə seçilib. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, sosial-iqtisadi və mədəni potensialımızın artırılması üçün dəyərli töhfələr verib. Azərbaycan qadını tarix boyu müqəddəs ana adını, ana şərəfini uca tutaraq, öz mübarizliyi ilə tanınıb.
Böyük Cəfər Cabbarlının “ANA” şeirini xatırlayaq:
“Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?

Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir”.
Bu isə başqa bir böyük sənətkarımızın – Hüseyn Cavidin sözləridir:
“Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək”.
Xalqın xarakterindən klassiklərimizin yaradıcılığına, klassiklərimizin yaradıcılığından yeni nəsillərin təlim-tərbiyəsinə ötürülən dəyrələr ən yüksək sözlərə layiqdir.
***
Qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərib. İstər I (örnəyi, Çanaqqala savaşını yadımıza salaq), istərsə II Dünya müharibəsində, I və II Qarabağ müharibəsində Azərbaycan qadını qulağının sırğasını, barmağının üzüyünü haqq işinin qalibiyyəti, cəbhələrdə vuruşan qardaşlarımızın, Azərbaycan oğullarının təminatı üçün tərəddüd etmədən göndərib, corab toxuyub, əlcək hörüb, alın təri axıdıb, ərinin, qardaşının, oğlunun yerinə də işləyib... 44 günlük Vətən Müharibəsi bu planda tarixcənin, dediklərimizin və deməli olduqlarımızın ən yaxın və parlaq ifadəsiydi. Oğlu şəhid olan analar “Bircə ordumuz dayanmasın, torpaqlarımızı azad etsin”, “Vətən sağ olsun” deyirdi; qardaşı, həyat yoldaşı şəhid olan bacılarımızın, oğlu şəhid olan analarımızın tabut daşıdığını az görməmiş, onların dəyanət və mətanətinin az şahidi olmamışıq. Bəli, Azərbaycan qadını şərəfli qadındır. Müqayisə baxımından deyil, faktın özünü ifadə baxımdan deyirəm: 44 gün içində 10 min fərarisi, qaçan, qovlan Ermənistan ordusuna mənsub gəncləri də ana doğmuş, “tərbiyə” etmişdi, hərbi çağırış, səfərbərlik idarələri qarşısında böyük növbələr, izdiham yaradan Azərbaycan oğul və qızlarını da qadın doğub, qadın tərbiyə etmişdi! – Fərq budur, qürur mənbəyi budur, Azərbaycan qadınının nəyə qadir olmasının təcallası budur!
Bəli, qadınlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu dövrlərdə gənc nəslin vətəncanlı tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi adına öz üzərinə düşən ağır yükü şərəflə daşıyıb. Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyimizdir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edərək, Vətən qarşısında vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirir.
Əlbəttə, mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək dəyərləndirilir. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən Azərbaycan qadını alnıaçıq, üzüağ qadındır. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründən bəri seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlayıb. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəni-mənəvi irsimizin ən etibarlı dayağı olub. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağzıdualı analarımızın müdrikliyinin daşıyıcısı olan çağdaş Azərbaycan xanımları öz dərin zəkası, tükənməz daxili potensialı ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edir.
Bu sözləri yazarkən, qadınların dövlətin idarəolunma prosesində iştirakını dəstəkləyən Ümummilli liderimizi minnətdarlıqla yad etməyi özümə borc bilirəm. Məhz Heydər Əliyev ölkəmizdə çağdaş dövlət qadın siyasətinin əsasını qoyub. Ümummilli liderimiz qadın şəxsiyyətinə böyük sayğı ilə yanaşır, bütün əməli fəaliyyət sahələrində qadınlara xüsusi yer ayırır, onların hərtərəfli səmərəli fəaliyyətinə geniş meydan verirdi.
Bəli, Azərbaycan qadınları cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilib. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı, ilk sırada analarımızın müdrikliyi sayəsində çətin dövrlərin sınağından çıxa bilib. Bir çox yaxın-uzaq ölkənin qadınlarından öncə seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialının xəbərçisidir.
Dövlət müstəqilliyimizin bərpasından sonra ötən 30 il içində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa nail olub. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində də qadınlarımızın uğurları məmnunluq hissi doğurur. Respublikamızdakı sabitlik və demokratik mühit qarşıdakı illərdə də onlara öz fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilmək üçün gərəkən ortamı təmin edir.
DÖVLƏTİMİZ VAR OLSUN!


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar