Qadın günündə yaşamaq

08 Martt 2022 00:34    23752 Baxış   
Qadın günündə yaşamaq
Əvvəl dünyada hər gün qadın günü sayılırdı. Çünki yer üzündə cəmi bir kişi və bir qadın var idi.

Təsəvvür edirsiniz? Bu boyda planetin cəmi bir yaraşığı, cəmi bir gözəli var idi. Diqqət də yalnız ona idi. Adəm adlı kişinin də nə vaxtsa o gözəllikdə cənnəti tərk etməsinin səbəbi məhz həmin bu Həvva adlı qadın idi.
Məhz qadının hesabına kişi bu cəngəllikdə, qamışlıqda, vəhşi heyvanlıqda, bir sözlə, cənnətlə müqayisədə cəhənnəm sayıla biləcək planetdə öz fərdi cənnətini qura bilmişdi...

Sonralar yer üzündə qadınların sayı artdıqca bu diqqət azalmağa başladı. Əlbəttə bunun günahı qadınlarda deyildi. Bu biçarələr aradan keçən dövrdə nəinki evdə öz öhdəliklərini layiqincə yerinə yetirməkdə davam etmişdilər, hətta çöldə kişilərlə çiyin-çiyinə hər cür çətinliyin üzərinə getməyə alışmışdılar. Halbuki evdə çiyinləri kişi çiynini yalnız yataqda hiss edirdi. O da kişilər istəyəndə...

Nə isə. Beləcə yer üzündə qadın günü əvvəl həftənin, sonra ayın, sonda da ilin bir gününədək yığılıb boğularaq məhdudlaşdırıldı. Əgər, bilərəkdən ya bilməyərəkdən "Klara Setkin" deyilən bir alman inqilabçının "8 mart" təklifi olmasaydı, bəlkə o bir gün də aradan çıxacaqdı.
Nə gözəl ki, beləcə ilin bir günü-yəni mart ayının 8-i "beynəlxalq qadınlar günü" kimi təqvimdə tutulub saxlandı.

İndi ildə bir dəfə dünyada qadın günü hesab edilir. Əlbəttə, bir tərəfdən bu yaxşıdır ki, qadınlara önəm verilir və onların ayrıca günü var. Amma digər tərəfdən, "8 mart" ilin qalan günlərinin bu bəhanə ilə aradan çıxarılması anlamına da gəlinə bilir...

Beləliklə, hazırda qadınlıq ilin bir günündən asılıb qalıb. O gün də aradan çıxsa, kişilər nəinki yer üzünün, heç bir qadının da əşrəfi ola bilməyəcəklər.

Bəlkə də kişilər məhz öz statuslarını rəsmən xilas etmək üçün nəinki ilin bu bir gününü qorumalı, onu ən azı ayın bir gününə çevriləcək qədər inkişaf etdirməlidirlər...
Hələ ki, etməmişik. Heç edənə də oxşamırıq.

Biz kişilər arzu etməyi daha yaxşı bacarırıq, qadınlar! Elə ona görə, bu söhbəti də arzu ilə yekunlaşdırmaqdan başqa çarəmiz yoxdur:

Sizi, ən azı evinizdə, ömrü boyu qadın günündə yaşayasınız, qadınlar!

İlqar Rəsul


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar