“Mən düzəltməyə yox, yaratmağa üstünlük verdim” - Sizə “qatıqlıq” tikək?

27 Avqust 2020 17:00    44301 Baxış   
“Mən düzəltməyə yox, yaratmağa üstünlük verdim” -  Sizə “qatıqlıq” tikək?
Bir neçə gün əvvəl “Özün yarat” adlı müsabiqənin nəticələri elan olundu. Məlumat üçün deyək ki, müsabiqə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə dəstəklədiyi platformadır. Məqsəd zərərli tullantıları azaltmaq və ətraf mühitimizi qorumaq, insanları təkrar istifadəyə dair yaradıcı fikirlərini bölüşməyə təşviq etmək və maraqlı ideyaları cəlb etmək idi. 200-dən çox insanın qoşulduğu platformada onlayn iştrak, əl işlərinin təqdimatı üçün imkan yaradılmışdı. Mən də “Özün yarat” internet səhifəsinə göz gəzdirmişdim və əl işləri arasında maraq doğuran “qatıqlıq” diqqətimi çəkmişdi. Onlayn şəkildə əl işlərinə səsvermə imkanından istifadə etməklə yanaşı, rəylərdə də bu yeni və yaradıcı əl işi haqqında xoş fikirlərin şahidi olmuşdum. Bir sözlə, əmin idim ki, qaliblər arasında “qatıqlıq” yüksək yer tutmalı idi. Ən əvvəl ona görə ki, “qatıqlıq” milli qida mədəniyyətimizdə qatığın hazırlanmasında istifadə olunacaq rahat mətbəx əşyasına, yeni terminlə desək, aksesuarına çevrilə bilər. Digər tərəfdən də evdə köhnə qış geyimlərini daha səmərəli qiymətləndirmək olar. Ən əsası isə dilimizə yeni bir söz əlavə edərik - “qatıqlıq”.

Gələk, “Özün yarat” müsabiqəsinin nəticələrinə. Qeyd edim ki, qaliblər arasında “qatıqlıq” da var, amma 4-cü yerdə. İlk sırada olan qaliblər təkrar istifadə yolu ilə “manqal”, “çanta”, “əlüzyuyan” işləri ilə yeni məhsullar hazırlamışdılar, fikrimcə, bu əl işlərində qeyri-adi yenilik, yaradıcılıqdan söhbət gedə bilməz.

“Qatıqlıq” barədə onun müəllifi Aynur Bəşirova ilə kiçik müsahibəni sizə təqdim edirik. Maraqlıdır, bu ideya haradan gəldi?

Aynur Bəşirovanın sözlərinə görə, o, məlum pandemiya dövründə karantin günlərini özünə görə qiymətləndirib: “Karantin müddətində evdə daha səmərəli işlərlə məşğul olmağa üstünlük verirdim. “Qatıqlıq” hazırlamaq ideyası da belə gəldi. Evdə istifadə etmədiyim qış geyimlərimdən bir neçəsini götürdüm, başladım balon, banka ölçülərinə uyğun hazırlamağa. Əvvəl sadə, daha sonra maraqlı dizaynlar verməklə bir neçə “qatıqlıq” tikdim. Ola bilər, çoxu desin ki, biz 21-ci əsrə gəlmişik, artıq insanlar rahat üsullarla nələrisə əldə edirlər, amma unutmayaq ki, indi insanlar daha orqanik, evdə hazırlanan məhsullara, sağlamlığın qeydinə qalmağa daha çox üstünlük verirlər. Əslində, evdə qatıq çalmaq elə də çətin iş deyil. Həm də “qatıqlıq” mətbəxdə yaraşıq yaratmaqla yanaşı, daha səmərəlidir. Fikirlərim “Youtube” kanalında yerləşdirdiyim videoda daha yaxşı əksini tapıb. Bildirim ki, “qatıqlıq” birbaşa müsabiqə üçün hazırlanmamışdı. Sadəcə müsabiqədən xəbər tutdum və peşəkar video hazırlamaq qərarına gəldim. Bəli, müsabiqədə 4-cü yer tutdum. Tək onu vurğulaya bilərəm ki, mən bildiyimiz əşyalar yox, yeni bir ideyaya nəzərən iş ortaya qoymuşam. Başqa sözlə, mən düzəltməyə yox, yaratmağa üstünlük vermişəm. İndiyədək məişətdə olmayan bir əşyanı ərsəyə gətirmişəm”.

Aynur xanım əlavə edib ki, o, yeni ideyasının daha geniş formağa təbliğini və istehsalını planlayır: “Hətta yeni mətbəx aksesuarının müəllifi, yaradıcısı kimi patent də almaq üçün müvafiq rəsmi orqana müraciəti düşünürəm. “Qatıqlıq” haqqında müsbət rəylər tək onun səmərəli əşya olması ilə deyil, həm də dilimizə yeni sözün gətirilməsi ilə bağlıdır. Hətta Ədəbiyyat, Dilçilik institutlarından müraciət edilib. Dilçilərlə “qatıqlıq” sözünün orfoqrafiya və izahlı lügətə salınması üçün fikir mübadiləmiz də olub”.

Müsahibim evdə “qatıqlıq” hazırlamağa imkanı olmayanlar üçün sifarişi də nəzərdə tutur: “Bu maraqlı məhsulun kiçik istehsalına başlasaq, bu bir qrup qadının işlə təminatı, gəlir mənbəyi, özünü realizə etmək bacarığına çevrilə bilər. Axı bunun nəyi pisdir ki?”, - Aynur Bəşirova vurğulayıb.

Raminə Eyvazqızı



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar