Dollar 5-6 lirəyə düşəcək - Türkiyə milli valyutası üzərindən təhlükə sovuşdumu?

25 Dekabr 2021 10:01    11716 Baxış   
Dollar 5-6 lirəyə düşəcək -  Türkiyə milli valyutası üzərindən təhlükə sovuşdumu?

Türkiyə hökumətinin atdığı addımlar, həyata keçirilməsinə başlanan proqram ölkənin milli valyutası olan lirənin sürətlə dəyər qazanmasına səbəb olub. Son 3 gündə 1 dolların dəyəri 18 lirədən 11-12 lirəyədək ucuzlaşıb. Xarici analitik mərkəzlər və ekspertlər bu prosesin müvəqqəti xarakter daşıdığını, hökumət qısa müddətdə əlavə tədbirlər görməsə, yenidən lirənin dəyərsizləşməyə başlayacağını proqnozlaşdırırlar.

Türkiyənin bir çox mütəxəssisləri isə prosesin davamlı olacağını bildirirlər. “Ahlatçı İnvestment” fond birjasının baş direktor müavini Tonquç Erbaş “A Haber”in efirində dolların məzənnəsi ilə bağlı sensasion açıqlama verib. Ərbaş bildirib ki, ilin sonuna kimi dollar 5-6 lirəyə kimi ucuzlaşa bilər.

Tükiyənin xəzinə və maliyyə naziri Nurəddin Nəbati türk lirəsi üçün təşviq paketi ilə bağlı çıxışında atılan addımların valyuta bazarında yaradılan köpüyü aradan qaldırdığını deyib: “Biz valyutada köpüklənmənin aradan qalxdığı və real qiymətin formalaşdığı bir nöqtəyə doğru gedirik. Valyuta məzənnəsi yaxşı nöqtədə sabitləşəcək. Türkiyə tarixi fürsətdən istifadə edəcək. Makroiqtisadi sabitliyi təmin etməklə biz hasilatı və ixracı artırıb, cari hesab kəsirini həll edəcəyik. Yüksək artım, aşağı cari kəsir: Bu, bizim modelimizin əsasını təşkil edir”.

Türkiyə iqtisadi modeli haqqında məlumat verən Nəbati “həm yeni bir model ortaya qoyuruq, həm də dünən prezidentimiz təklif etdiyi modellə bir manifest yayımladı. O vaxtdan bəri Türkiyədə çox şey dəyişdi” deyib.
Nazir son aylarda Türkiyə Mərkəzi Bankının valyuta bazarına müdaxiləsinə dair yayılan məlumatları təkzib edib: “Son bir neçə ayda valyuta müdaxilələrinə dair iddialar və bununla bağlı edilən şərhlər əslində olmayan bir şeyin müzakirəsi idi”.

N.Nəbatinin sözlərinə görə, atılan addımlar 2022-ci ilin birinci rübündən etibarən real sektorda böyük canlanma ilə nəticələnəcək. Türkiyə modeli, Çin modeli, Cənubi Koreya modeli ilə bağlı uzun müddətdir müzakirələrin aparıldığına diqqət çəkən nazir modelin niyə türk modeli olduğunu və digər ölkələrdən nə ilə fərqləndiyini açıqlayıb. O, 90-cı illərdə inkişaf etmiş iqtisadiyyatların dünya ticarətindən yüzdə 65 civarında pay aldığını, 2007-2008-ci illərdə bunun yüzdə 50-yə yüksəldiyini, daha sonra isə bu payın böyük bir hissəsini inkişaf etməkdə olan ölkələrin tutmağa başladığını xatırladıb. Türkiyənin son 19 ildə atdığı böyük gedişlə fərqliliyini göstərərək ön plana çıxdığını bildirən Nəbati suveren güclərin payının azaldığına diqqət çəkib. Onun sözlərinə görə, Türkiyənin xərc üstünlüyü, əlavə dəyər və yaşıl istehsala əsaslanan bacarıqları, bazara yaxınlığı, ixtisaslı insan kapitalına malik nadir ölkələrdən biri olması rəqəmsal infrastrukturu inkişaf etdirib, cari əməliyyatlar balansını artıran ölkələr kateqoriyasına salıb: “Türkiyə dünyanın ehtiyac duyduğu hər cür məhsulu çox tez təqdim etmək imkanına malikdir. Türkiyə bu yolla gəldiyi nöqtəyə gəlib çatdı, bundan sonra edilməsi lazım olan investisiyalar və yüksək əlavə dəyəri olan məhsullar, hər cür qabaqcıl texnologiya tələb edəcək imkanlar ixracın artmasına töhfə verəcək. Ona görə Türkiyə Modeli deyirik ki, banklarımız güclüdür, sərmayə kafilik əmsalı yaxşıdır, qeyri-kafilik əmsalı yaxşıdır. Kreditləri icra edərkən, kredit depozit nisbətlərində də yaxşıyıq. Büdcə kəsirimiz aşağı - 3,5 faizin altındadır. Dünya cari hesabla məşğul olarkən Türkiyə 3,5 faizin altında bir büdcə açığı ilə gedir”.

Hazırlanan model haqqında məlumat verən Nəbati bildirib ki, modelin əsasını cari kəsirin sıfırlanması və ya hətta müsbətə çevrilməsi, eyni zamanda artımın da əldə ediləcəyi bir sıra imkanları reallaşdıra bilmək təşkil edir. Onun dediyinə görə, Türkiyə hökuməti inflyasiyanı məqbul, yəni təkrəqəmli səviyyələrə salmağı, ölkə daxilindəki dinamikanı daha proqnozlaşdırıla bilən hala gətirməyi hədəfləyir: “Türkiyə indi infrastrukturunu yüksək səviyyəyə çatdırıb. Türkiyə alternativ təchizat mərkəzi, qlobal istehsal və təchizat mərkəzi olması lazım olan ölkələrdən biridir, birbaşa investisiya cəlb edən ölkələrdən biridir. Modelimiz yüksək artım, aşağı cari kəsirdir”.

Türkiyənin tətbiq etdiyi paket yeni iqtisadi modelin əsası ola bilərmi? Onun təsirləri nə qədər uzunmüddətli ola bilər?

Elman Sadiqov: “Bu o deməkdir ki, qardaş Türkiyə yenidən zamanla yarışacaq”

İqtisadçı-ekspert Elman Sadiqovun dediyinə görə, risklər hər zaman var: “Bu paketin əlbəttə ki, riskli tərəfləri var. Ən əsas xarakterik cəhəti: monetar siyasətin yükünün bir hissəsinin fiskal siyasətin üzərinə transfer edilməsidir. Bu nə deməkdir? Bu, qısamüddətli problemlərin daha uzun müddətə təxirə salınması, xroniki böhran və staqflyasiya riskləri, artan büdcə xərclərinin bağlanması üçün tarif və qiymətlərin artımı və inflyasiya təzyiqinin qalması deməkdir. Amma burada hər şey qapqara rəngdə deyil. Nəzərdə tutulan çıxış yolu: artan inflyasiya azalan alıcılıq qabiliyyəti deməkdir. Aşağı təbəqənin alıcılıq qabiliyyətini qorumaq üçün minimum əmək haqqı artırıldı. Amma ümumi olaraq azalan alıcılıq qabiliyyəti azalan tələb deməkdir. Azalan tələb azalan istehlak, azalan istehlak isə inflyasiya təzyiqinin azalması və artımın dayanmasıdır”.

İqtisadçıya görə, Türkiyədə tətbiq olunmasına başlanan mexanizmin uğur gətirməsi üçün bir sıra şərtlər var: “Bu mexanizm aşağıdakı şərtlər daxilində işləyərək uğur gətirə bilər, əks halda isə ya staqflyasiya, ya xroniki böhranla nəticələnə bilər. Artan ixrac, tədiyyə və ticarət balanslarının müsbət saldoya keçməsi (müsbət xəbər odur ki, son ay ən yüksək müsbət balans göstəriciləri əldə edilmişdir və bunun davamlı olması vacibdir), nəticədə istehsalın genişlənməsi və artması, artan istehsalın isə iş yerləri yaratması təmin olunmalıdır. Azalan alıcılıq qabiliyyətinin isə yerli istehsala mənfi təsir etməməsi, azaltmaması üçün maaş və ödəmələrin artımı nizamlanmalıdır. Əks halda, azalan istehlak yerli istehsalın da zəifləməsinə səbəb olar. Xəzinənin borclanması - lirə emissiyası və bunların arasındakı nisbət və sair kimi texniki məsələlərlə bağlı da, əslində çıxış yolu var. Yeni paketin yüksək maliyyəti və azalan (daha doğrusu, mənfi göstəricisi artan) valyuta ehtiyatlarına baxmayaraq, yenə də Türkiyə iqtisadiyyatı vəziyyətdən çıxmağa qadir olacaq.

Əsas məsələ, iqtisadiyyatın mürəkkəb bir mexanizm olmasını, bazar iqtisadiyyatının hakim olduğu bir iqtisadiyyatda bazarın çox amansız, qəddar və səhvləri bağışlamadığını də nəzərə almaq bundan sonra daha vacib amil olacaq. 1970-ci illərin əvvəllərində tətbiq olunan oxşar mexanizmin hiperinflyasiya ilə nəticələnməsi də birmənalı deyil. Yəni səbəb həmin tədbirlər olub, yoxsa ABŞ-da olan staqflyasiya, çox yüksək neft qiymətləri, Avropada olan inflyasiya? Bu sual cavabsızdır. Çünki kənar təsirlər də çox olub. Hazırda da ABŞ-da inflyasiya var, amma 6.8 faiz, 70-ci illərlə müqayisədə aşağıdır. Neft qiymətləri o qədər yüksək deyil. ABŞ inflyasiyanı boğmaq üçün addımlar atacaq. Amma bu addımlar atılana qədər və bu addımların təsirləri hiss olunana qədər Türkiyənin vaxtı var. Ən azı 6-8 ay. Bu o deməkdir ki, qardaş Türkiyə yenidən zamanla yarışacaq".

Natiq Cəfərli: “Hər şey yaxın 3-6 ay müddətində həyata keçiriləcək tədbirlərə bağlıdır”

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın elan etdiyi proqramın əsasında dövlətin öz üzərinə müəyyən öhdəliklər götürməsi yolu ilə valyuta bazarında sabitlik yaratmaq dayanır: “Dövlət öz üzərinə 3 və 6 aylıq öhdəliklər götürdü. Məqsəd lirənin məzənnəsini sabitləşdirmək idi. Bu hədəfə nail olunub, valyuta bazarında müəyyən sabitlik yaranıb. Əslində lirənin dəyər qazandığını söyləmək mümkün deyil hələlik. Çünki sentyabr ayında 1 dollar 7 lirə idisə, indi 12 lirədir. Bu baxımdan, hələlik lirənin dəyər qazanmasından danışmaq tezdir. Bunun üçün bir neçə ay zaman lazımdır. Türkiyə hökuməti yeni iqtisadi proqramının detallarını hələ ki, tam açıqlamayıb. Amma bildirilib ki, əsas məqsəd ixracatın artırılmasıdır. Bəli, ucuz lirə ixracatı artıran səbəblərdən biridir, amma hamısı deyil. Lirənin ucuzluğu ilə yanaşı, istehsalın artırılması üçün investisiyaların axını təmin olunmalıdır”.

Ekspert bildirir ki, Türkiyə hökumətinin bundan sonrakı addımlarından çox şey asılıdır: “Yəqin ki, tezliklə Türkiyə hökuməti növbəti addımlarını açıqlayacaq. Yerli və xarici investorların da diqqəti bu yeni addımlardadır. İndilik tətbiq olunan tədbirlər 3-6 ay ərzində valyuta bazarında sabitlik yaradacaq. Bu müddətdə Türkiyə hökuməti proqramın digər alətlərini işə salıb, sahibkarları, investorları stimullaşdıran addımlar atarsa, proses dönməz xarakter ala, istehsal və ixrac yüksələ bilər. Yəni yeni proqramın uğurlu olub-olmaması bundan sonra həyata keçiriləcək tədbirlərdən birbaşa asılıdır”.

Dünya SAKİT,

“Yeni Müsavat”


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar