Kərbəlada oxunan ayələr – II YAZI

24 Sentyabr 2020 12:18    851 Baxış   
Kərbəlada oxunan ayələr –  II YAZI
Yazının əvvəlini buradan oxuya bilərsiniz: Kərbəlada oxunan ayələr - I YAZI

“Ey xalqım! Mən başınıza gələcək ah-nalə günündən qorxuram.” (Ğafir, 40/32)

Cəsarəti və zəkası ilə tanınan Əhnəf ibn Qeys (ö. 67/686-87) hələ Kərbəla hadisəsindən əvvəl Hz. Hüseynə (ə) Rum surəsinin son ayəsi olan “Sən səbr ət. Şübhəsiz ki, Allahın vədi haqdır. Qoy yəqinliklə inanmayanlar səni etinasızlığa sövq etməsinlər.” anlamındakı ayəni (Rum, 30/60) yazıb göndərmişdi.

Qeyd edək ki, bu surənin 57-ci ayəsində dünya həyatında zalım olanların axirət həyatındakı peşmanlıqlarından söz edilir. O gün zalımlara üzrxahlıqlarının heç bir fayda verməyəcəyi vurğulanır. Həqiqət bu cür olduğu halda inkarçılar Hz. Məhəmmədin (s) təbliğini daim məsxərə mövzusuna çevirirdilər. Yuxarıdakı ayədə də Rəsuli-Əkrəmə (s) xitab edilərək haqqın qalib gələcəyi mövzusundakı ilahi vədin bir gün mütləq gerçəkləşəcəyi bildirilir. Bunun üçün səbr etməsi, ona əhəmiyyət verməyən inkarçıların rəftarlarından təsirlənməməsi istənilir.
Bu ayədə verilən səbr və mətanət mesajları təbii olaraq bütün inananlara aiddir. O halda inanan insan Allah yolundakı mübarizəsində başına gələ biləcək məşəqqətlərə səbrlə sinə gərməli, zalımların əziyyət və ədavətlərinə qarşı səbrlə mübarizə aparmalıdır. Zalımlar qarşısında o qədər mətanətli olmalıdır ki, nə hədələri onu qorxuda bilməli, nə də onu aldatmağa, satın almağa və ya onunla haq mövzusunda sövdələşməyə cəsarət edə bilməlidirlər! İnanan insan əmin olmalıdır ki, Allahın yardım və zəfər vədi haqdır, mütləq gerçəkləşəcəkdir. Odur ki, bu vədə inanmayanların, eləcə də lazımınca inanmayanların onu ümidsizliyə və bədbinliyə yuvarladıb mübarizliyini zəiflətmələrinə imkan verməməlidir. Bax, Hz. Hüseynin (ə) Kərbəlada zalımlar qarşısındakı mətin duruşu da bu anlamda inananlara bariz nümunədir.

İmam Hüseyn (ə) ailə üzvləri və bəzi tərəfdarları ilə birlikdə Məkkədən Kufəyə doğru yola çıxanda ona qarşı min nəfərlik süvari birliyi göndərilir. Birliyin başındakı Hürr ibn Yəzid ər-Riyahiyə Hz. Hüseynin (ə) hərəkət istiqamətini izləmək tapşırılır. Daha sonra İraq valisi Ubeydullah ibn Ziyad bir elçi ilə məktub göndərərək Hürrə qafilənin dik və müstəhkəm yerlərə sığınmasına mane olmasını və Fərat çayı ilə əlaqəsini kəsməsini əmr edir. Bu səbəblə də qafilə Nineva bölgəsindəki Kərbəlaya çatanda orada durmağa məcbur edilir (2 Məhərrəm 61 / 2 Oktyabr 680).

İbn Ziyad məktubunda onu da yazırdı ki, əmrinin yerinə yetirildiyini görənə qədər elçisinə Hürrün yanından ayrılmamasını tapşırıb. Hürr məktubdan Hz. Hüseyni (ə) də agah edir və elçinin validən aldığı əmri ona da bildirir. Bu zaman Hz. Hüseynin (ə) tərəfdarlarından Yezid ibn Ziyad ibn Muhasir Əbu Şəsa əl-Kindi vali Ubeydullahın elçisini tanıyır. Ona “Sən Malik ibn Nuseyr əl-Bəddi deyilsənmi?” deyir. Elçi “Bəli” cavabını verir. Yezid ibn Ziyad “Anan ağlar qalsın! Sən niyə bu yolu seçdin?” deyir. Elçi “Mən sadəcə rəhbərimə itaət və ona olan beyətimə riayət etdim.” deyir. Əbu Şəsa “Sən Rəbbinə qarşı çıxıb rəhbərinə itaət etməklə özünü həlak etdin! Dünyada xəcalət, axirətdə də cəhənnəm odu qazandın!” deyir və bu ayəni oxuyur:

“Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara əsla kömək edilməyəcəkdir.” (Qəsəs, 28/41)

Əbu Şəsa bu ayəni oxuduqdan sonra isə Malik ibn Nuseyrə belə deyir: “Bax, sənin rəhbərin budur!”
Bu ayədə, eləcə də əvvəlki və sonrakı ayələrdə Firondan və onun zülmündən söz edilir. Fironun və onun buyruğunda olanların ilahi qanunları çiynəyən və haq yoldan ayrılan fasiq bir güruh olduqları, haq-hüquq tanımayaraq ölkədə təkəbbür göstərdikləri, zülm və haqsızlıq etdikləri, zorbalıq və diktatorluq edərək iqtidarda qaldıqları bildirilir. Bu səbəblə də Allahın (c.c.) Fironu və onun buyruğundakı zülümkarları cəzalandıraraq dənizdə həlak etdiyi, onları dünyada lənətə düçar edib daim nifrət və lənətlə xatırlanacaq bir vəziyyətə saldığı, qiyamət günündə də onların nifrət ediləcək iyrənc kimsələrdən olacaqları vurğulanır. Beləcə zalımların cəhənnəm odunun yolunu göstərən rəhbərlər və şərrin simvolları olaraq insanlığın qarşısına çıxarıldığı, onların izindən gedənləri də eyni aqibətin gözlədiyi və məhşər günündə heç birinə yardım edilməyəcəyi qeyd edilir.

Dolayısıyla, bu ayələrdə Fironun və dəstəkçilərinin qarşılaşdığı fəlakətin bənzərinin bütün zalım iqtidarları və dəstəkçilərini də gözlədiyi vurğulanmışdır. Kərbəlada şəhid olan Yezid ibn Ziyad ibn Muhasir Əbu Şəsa əl-Kindi də yuxarıdakı ayəni İbn Ziyadın elçisi Malik ibn Nuseyr əl-Bəddiyə xatırladaraq onun da məhz Fironun adamları kimi yanlış yolda olduğunu anlatmaq istəmişdir.

Bu yerdə onu da deməliyik ki, Hürr əslində Hz. Hüseynə (ə) qarşı savaşmaq istəmirdi. Hətta Ubeydullah ibn Ziyadın əmrilə 9 Məhərrəm 61 (9 Oktyabr 680) günü böyük bir ordu ilə Hz. Hüseynin (ə) üzərinə hücuma hazırlaşan Ömər ibn Sə’di bu planından daşındırmağa da çalışmış, ancaq müvəffəq ola bilməmişdi. Düzdür, Hz. Hüseyn (ə) Hürrdən qafilənin susuz Kərbəla çölündən başqa bir yerə getməsinə imkan verməsini istəsə də o, razılaşmır və İbn Ziyadın elçisini göstərərək “Vallah bunu edə bilmərəm. Çünki bu adam mənə nəzarətçi və casus olaraq göndərilib” deyir. Buna baxmayaraq Hz. Hüseynin (ə) döyüşdən əvvəlki nitqindən təsirlənən Hürr imamın tərəfinə keçir və etdiklərinə görə üzr istəyir; daha sonra da Yezidin ordusuna qarşı qəhrəmanca döyüşərək şəhid olur.

Kərbəlada oxunan ayələr arasında İmam Hüseynin (ə) səflərində döyüşərək şəhid olan Hənzələ ibn Əsədin oxuduğu ayələr də önəmlidir. O, Hz. Hüseynlə (ə) döyüşməyə gələn kufəli əsgərlərə aşağıdakı ayələri oxumuşdur:

“İnanan adam dedi: ‘Ey xalqım! Mən (keçmiş) firqələrin başına gəlmiş (dəhşətli) günün bənzərinin sizin də başınıza gəlməsindən qorxuram.’ Nuh, Ad, Səmud qövmü və onlardan sonrakıların başına gələn kimi (bir bəlanın sizin başınıza gəlməsindən qorxuram). Allah bəndələri üçün zülm istəməz. Ey xalqım! Mən başınıza gələcək ah-nalə günündən qorxuram. O gün arxanızı dönüb qaçacaqsınız. Ancaq sizi Allahdan qoruyan olmayacaq. Allahın yoldan etdiyi kimsəyə yol göstərən olmaz!” (Ğafir, 40/30-33)

Bu ayələrdə Firon ailəsindən olan gizlicə iman etmiş bir adamın Hz. Musanın (ə) çağrısına zorakılıqla qarşılıq verən xalqına dediyi sözlərə yer verilir. O, xalqına keçmişdə haqqa qarşı əlbir olan Nuh, Ad və Səmud qövmlərinin və sonrakı neçə-neçə zalım toplumların başına gələn fəlakətləri xatırladır və xalqının da başına bu cür fəlakətlərin gəlməsindən qorxduğunu dilə gətirir. Eyni zamanda dünyada başlarına gələcək fəlakətlərdən başqa qiyamət gününün də onlar üçün fəryad günü olacağını, o gün hesab verməkdən qaçmağa çalışcaqlarını, ancaq bu cəhdlərinin faydasız olacağını, heç bir kimsənin və heç bir gücün onları Allahın qəzəbindən qurtara bilməyəcəyini də xatırladaraq onları zülm və haqsızlıqlara son qoymağa səsləyir. Bu ayələrin əvvəlində və sonrasında bu hadisə daha geniş izah edilir.

Bu ayələri Yezidin əsgərlərinə xatırladaraq onlara eyni şəkildə xəbərdarlıq edən Hənzələ ibn Əsəd sonra onlara “Gəlin, Hz. Hüseynlə savaşmayın!” demiş və sözlərini bu ayələri oxuyaraq bitirmişdir:

“Vay halınıza! Allaha yalandan iftira yaxmayın! Yoxsa O sizi əzabla məhv edər. İftira yaxan ziyana uğrayar.” (Ta ha, 20/61)

Bu ayədə də Hz. Musanın (ə) Fironun sehrbazlarına söylədiyi “Sehrinizlə Allaha iftira yaxmayın, mənim təbliğimi bu cür hiylələrlə inkar etməyə çalışmayın! Əks təqdirdə Allah sizi həlak edər” mənalarına gələn ifadələrinə yer verilir. Gerçəkdən də Fironun adamları daha sonra həlak olmuşlar. Hənzələ ibn Əsəd bu ayəni də xatırladaraq Hz. Hüseynə (ə) qarşı olanlara bir daha xəbərdarlıq etmişdir.

Davamı var…

Zaur Şüküroğlu




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar