Mərkəzi Bankın şəffaflıq istiqamətində görəcəyi çox işi var

15 Sentyabr 2020 13:31    490 Baxış   
Mərkəzi Bankın şəffaflıq istiqamətində  görəcəyi çox işi var
Mərkəzi Bank informasiya açıqlığı və şəffaflıq baxımından son 6 ayda 2 bəyəniləsi addım atdı: fiziki şəxslərin pul baratlarının və birbaşa investisiyaların qarşılıqlı axınının (ölkəyə daxil olan və ölkədən çıxan) coğrafi strukturunu tam açıqlamağa başladı.

Artıq hər rüb Azərbaycana hansı ölkədən nə qədər remitans və birbaşa sərmayə gəlir, eləcə də hansı ölkəyə Azərbayacandan nə qədər remitans və birbaşa investisiya gedir, maraqlanan hər kəs bu məlumatı onlayn əldə edə biləcək.

Bilirəm, bir az "dütdülü ilə təbrikə" oxşadı. Amma reallığımız belədir: vətəndaş cəmiyyəti illərdir dövlət qurumlarının şəffaf olması üçün davamlı çağırışlar edir. Hətta xeyli adam artıq qocalıb əldən düşüb bu 30 ildə.

Amma Mərkəzi Bankın hələ görəsi çox işi var şəffaflıq istiqamətində.

Bütün dünyada mərkəzi banklar hər rübü mlaliyyə sabitliyi hesabatı açıqlayır, beynəlxalq investisiya mövqeyi barədə statistika yayır hər 3 ayda bir dəfə.

Başqa vacib məlumatların da detallı açıqlanması vacibdir: məsələn, tədiyə balansının maliyyə hesabı üzrə məlumatların qalıq prinsipilə "xalis göstərici" əsasında deyil, aktivlər və öhdəliklər üzrə məcmu daxilolma və məcmu çıxış (Türkiyə nümunəsi) göstəriciləri əsasında yayılması lazımdır.

Verilən kreditlərin biznesin ölçüsünə, mülkiyyət növünə görə açıqlanması gərəklidir.

Manatın real effektiv məzənnəsinə dair aylıq göstəriciləri əsas ticarət partnyorlarının hər biri üzrə ayrılıqda açıqlamaq zəruridir.

Medianın daha peşəkar və müfəssəl yaza bilməsi üçün "xalis daxili aktivlər", "xalis xarici aktivlər" kimi göstəricilərə dair ümumi məlumatları deyil, onların təşkil edən elementlərin hər biri üzrə statistik göstəricilər və onların dinamikası hesabatlarda görünüməlidir.

Mərkəzi Bankın analitik hesabatı üzrə göstəricilər qalıq prinsipi ilə deyil, qarşılıqlı öhdəliklər üzrə açıqlanmalıdır. Məsələn, mərkəzi hökumətə xalis tələblər göstəricisi ilə yanaşı MB-nin hökumət, hökumətin isə MB qarşısında öhdəliklərinin həcmi hər ay açıqlanmalıdır.

Bu siyahını uzada da bilərəm.

Hələ onu demirəm ki, son 2 ildə MB özünün illik hesabatının tam həcmini deyil, qısa icmalını açıqlamaq yolu tutdu. Əvvəlki təcrübəyə qayıtması lazım...

Şəffaflıq iqtisadi inkişafın ən təməl şərtlərindən biridir. Nə qədər peşəkar olursan ol, şəffaf deyilsənsə, ictimia faydan da olmayacaq, gördüyünü işlərin nəticəsi də...

Rövşən Ağayev, iqtisadçı ekspert



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar