Nazirə şikayət edən 14 idmançı komandadan qovuldu

15 Noyabr 2021 16:19    782 Baxış   
Nazirə şikayət edən 14 idmançı komandadan qovuldu

Azərbaycan Həndbol Federasiyası Gənclər və İdman Nazirliyinə müraciət edən 14 idmançını komandadan qovub.

Dominant.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya həndbol millisinin üzvü Kamran Məmmədov məlumat verib. O bildirib ki, bu qərar federasiyadakı vəziyyətlə bağlı nazirliyə olunan şikayətdən sonra qəbul edilib: “Həndbolda bu gün vəziyyət çox bərbaddır. Demək olar ki, bu idman növü tamamilə silinib. Büdcə ayrılmır, maaşlar verilmir. Biz də bu durumdan çox narahat idik və nəticədə qərara aldıq ki, gənclər və idman nazirinə müraciət edək. Müraciətdən sonra isə federasiyada iclas keçirilib və 14 idmançının qovulması qərara alınıb.

Amma təkcə, bununla bitmir. İndi 14 nəfər qovulsa da, bundan öncə də qovulanlar olub. Ötən il 3 nəfər, ondan qabaq bir neçə nəfər. Çox acınacaqlı durumdur. Biz təkcə yığmadan deyil, ümumiyyətlə həndboldan qovulmuşuq. Yəni ki, klublarda da oynaya bilmərik. Həndbol çempionatında cəmi 4 klub var idi, amma onları qarışdırdılar və çempionatı yoxa çıxartdılar. Mən məşqçilərə, federasiyaya güvənmirəm. Məşqçilərin də bir çoxu oradan pul alır deyə danışmır. Biz narazılıqlarımızı sosial şəbəkələrdə də bildiririk. Qadın idmançıların içində bizə dəstək olanlara hədə-qorxu gəlirlər. Legioner idmançılar var ki, onlar da vəziyyətdən narazılıq edib getdilər. Onların nə maaşları normal verilirdi, nə də ki, kirayə pulları”.

K.Məmmədov maaşının azaldılmasından da danışıb: “Mən 700 manat maaş alırdım. Sonra büdcə azaldılıb bəhanəsi ilə maaşlarımızı da azaltdılar. Şəxsi prinsiplərə görə mənim maaşımı 400 manat etdilər”.

İdmançı Gənclər və İdman Nazirliyinə göndərdikləri məktuba görə də çətinliklər yaşadıqlarını bildirib: “Məktubu göndərmişik və deyiblər ki, idman şöbəsinin müdiri Fərid Mansurov bizimlə görüşəcək. Sonra necə olubsa, görüş baş tutmayıb. Nazirlikdən bir adam gəldi və onunla danışdıq. Dedi ki, guya həndbolçular özləri görüşdən imtina edib. Ona bildirdik ki, biz sizə məktub yollamışıq, necə görüşdən imtina edərik? İndi yenidən nazirlikdə görüş keçirilməlidir. Onlardan cavab gözləyirik”.

Məsələ ilə bağlı Azərbaycan Həndbol Federasiyasının mövqeyini öyrənmək istəsək də, qurumdan gün ərzində cavab veriləcəyi bildirildi.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar